“Sağlam Düşüncə” Azərbaycanda Məlumat Mərkəzi seçildi

  20 Aprel 2021    Oxunub : 1657
“Sağlam Düşüncə” Azərbaycanda Məlumat Mərkəzi seçildi
“Sağlam Düşüncə” Gənclər Təşkilatı SALTO–nun Şərqi Avropa və Qafqaz ölkələri üzrə Resurs Mərkəzi (SALTO EECA) tərəfindən keçirilən müsabiqədə Azərbaycandan müraciət edən gənclər təşkilatları içərisindən ən çox bal toplayaraq Erasmus+ Gənclik və Avropa Həmrəylik Korpusu proqramları üzrə Azəbaycanda Məlumat Mərkəzi kimi 2021-ci ildə də fəaliyyətini davam etdirəcək.
“Sağlam Düşüncə” Gənclər Təşkilatı Məlumat mərkəzi olaraq 2021-2027-ci illər üzrə yeni təsdiq olunan Erasmus+ Gənclik və Avropa Həmrəylik Korpusu proqramlarının imkanları barəsində gənclər, gənclər təşkilatları və gənclərlə işləyən digər qurumları məlumatlandırmaq və onların bu imkanlardan faydalanması üçün daha geniş fəaliyyət planı hazırlayıb.

Qeyd edək ki, hər il SALTO EECA tərəfindən elan edilən müsabiqə yolu ilə Şərq tərəfdaşlığı ölkələri və Rusiyadan hər ölkə üzrə 1 gənclər təşkilatı seçilir. Müsabiqənin qalibi olan təşkilatlar ERASMUS+ Gənclik və Avropa Həmrəylik Korpusu proqramları üzrə yerli səviyyədə Məlumat Mərkəzinin koordinasiyasını həyata keçirir.

2021-ci il üçün hazırlanan fəaliyyət planı əsasında “Sağlam Düşüncə” Gənclər Təşkilatı Məlumat Mərkəzi olaraq müxtəlif regionların Gənclər Evləri, Mərkəzlərivə ali təhsil müəssisələrində seminarlar, sosial media hesabları üzərindən online məlumat sessiyaları, webinarlar və digər maarifləndirici tədbirlər həyata keçirəcəkdir. Eyni zamanda gənclər və gənclər təşkilatlarının nümayəndələrinin ünvanladığı suallar cavablandırılacaq, konsultasiya xidməti göstəriləcəkdir.

Xatırladaq ki, “Sağlam Düşüncə” Gənclər Təşkilatı 2019 və 2020-ci illərdə də keçirilən müsabiqənin qalibi olmuş, ötən 2 il ərzində Azərbaycanda Məlumat Mərkəzi funksiyasını həyata keçirmişdir.
Ətraflı məlumat üçün 0558237290 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] ünvanına məktub yaza bilərsiniz.

Azvision.az

Teqlər: