“17 yaşında qardaşını öldürən qadını heç kim qəbul etmir”

  17 Aprel 2021    Oxunub : 5031
“17 yaşında qardaşını öldürən qadını heç kim qəbul etmir”
Həbsdəki qadınlar istər təcridxanada olarkən, istərsə də azadlığa çıxandan sonra daim Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətində olur. Komitə həmin qadınlarla mütəmadi olaraq iş aparır.
Bunu Azvision.az -a müsahibəsində Komitənin sədri müavini Sədaqət Qəhrəmanova deyib. O bildirib ki, həbsxanada olan qadınların cəmiyyətə inteqrasiyası, onların təcrid olunması üçün Komitə tərəfindən müxtəlif layihələr həyata keçirilir.

"Həbsxanadakı qadınlar da bilir ki, Komitə onların problemləri ilə məşğul olur. Elə olur ki, həbs olunan qadının övladları ilə problem yaşanır və ya uşaqlara sahib çıxan olmur, uşaq evlərinə verilir. Onlarla görüşmək alınmır. Uşaqların sənədləri itir. Belə olanda sənədlərin bərpa olunmasına yardım edirik. Bu cür hadisələr çoxdur. Ümumiyyətlə, cinayət törətmiş qadınların ailə məsələləri ilə bağlı problemlərin həlli istiqamətində mütəmadi olaraq iş aparırıq. Bunu həm bizə olunan müraciətlər əsasında edirik, həm də təcridxanada olan qadınlarla görüşür, onların problemlərini dinləyirik".

S.Qəhrəmanova qeyd edib ki, azadlığa çıxan qadınların iş tapmaları üçün onlara təcridxana dövründə müəyyən peşələr öyrədilir.

"Azadlığa çıxanda peşəyə sahib olurlar, öz işləri ilə məşğul olmaq imkanları qazanırlar. Prezident İlham Əliyev tərəfindən imzalanan sonuncu Əfv sərəncamına əsasən, Qusarda öz qardaşını qətlə yetirən qadın həbsdən azad olundu. O, 17 yaşında aralarında yaranmış münaqişə zəminində qardaşını öldürmüşdü. Həbsdən çıxandan sonra ailəsi onu xoş qarşılamır, digər qardaş evə gəlmir, ana öz övladı ilə kobud davranır, ata isə yoxdur. Eyni zamanda, kənd camaatı da qadına xoş baxmır. Qadın müəyyən peşəyə yiyələnib və işləyə bilər. Onu heç kim qəbul etmir. Bu hadisə bizə deyiləndə Qusardakı Qadın Resurs Mərkəzi, yerli icra hakimiyyətindəki motironq qrupu ilə əlaqə saxladıq. Bu, artıq ailədə mənəvi psixoloji zorakılıq faktıdır. Həmin ailəyə baş çəkildi, ana ilə danışıldı. Mərkəz tərəfindən həmin qadına dəstək veriləcək, kənd əhalisi ilə psixoloji maarifləndirici işlər aparılacaq. Hadisə olub, bu qızı öldürəsi deyilsiniz! Hadisənin kökünü araşdırmaq lazımdır. Qızı qardaşı oxumağa qoymayıb, sonra digər qadağalar başlayıb. Nəticədə bacı-qardaş arasında münaqişə yaranıb. Belə insanlar daim diqqət mərkəzindədir. Onlara lazimi dəstək verilir", - deyə komitə sədrinin müavini vurğulayıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: Həbsxana   Qadın   İş