İki rayonda KOB dostları fəaliyyətə başladı

  15 Aprel 2021    Oxunub : 1184
İki rayonda KOB dostları fəaliyyətə başladı
Regionlarda yeni mikro və kiçik sahibkarlıq subyektlərinin yaranmasına və mövcud KOB-ların inkişafına, sahibkarların maraqlarının müdafiəsinə, onların investisiya təşəbbüslərinin reallaşdırılmasına və maarifləndirilməsinə dəstək göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB Dostu” şəbəkəsinin əhatə dairəsi genişləndirilir.
KOBİA-dan Azvision.az -a bildirilib ki, aprelin 15-də Salyan və Sabirabad rayonlarında KOB dostları fəaliyyətə başlayıb. Bununla da ölkə üzrə KOB dostlarının sayı 24 şəhər və rayon üzrə 26-ya çatdırılıb. Mövcud məhdudiyyətlər səbəbindən az sayda sahibkarların, yerli icra hakimiyyətinin və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş təqdimatlarda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov agentliyin fəaliyyəti və “KOB Dostu” mexanizmi barədə məlumat verib. Qeyd olunub ki, mikro, kiçik və orta biznes subyektləri sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərə dair “KOB Dostu”na müraciət edə bilərlər.

“KOB Dostu” rayonda yeni sahibkarlıq subyektlərinin yaranmasına və mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini yerində təmin edəcək, bu məqsədlə mövcud dövlət dəstəyi mexanizmləri və agentliyin xidmətləri çərçivəsində sahibkarlara zəruri dəstək göstərəcək. Həmçinin “KOB Dostu” sahibkarların maraqlarının müdafiəsi və onların qarşılaşdıqları çətinliklərin həlli istiqamətində dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görəcək, sahibkarların inkişaf ehtiyaclarını və təkliflərini sorğular vasitəsilə öyrənəcək. Sahibkarlara yerində dəstəyin təmin olunması üçün ölkənin digər şəhər və rayonlarında da KOB dostlarının fəaliyyətinin nəzərdə tutulduğunu vurğulayan Orxan Məmmədov sahibkarları “KOB Dostu” ilə fəal əməkdaşlığa dəvət edib.

Sonra agentliyin KOB-lara göstərdiyi dəstək mexanizmlərinə, o cümlədən “KOB Dostu” mexanizminə dair filmlər nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Salyan rayonu üzrə “KOB Dostu” ofisi Heydər Əliyev Mərkəzində, Sabirabad “KOB Dostu” ofisi isə Gənclər Mərkəzində fəaliyyət göstərir. “KOB Dostu” ofislərində sahibkarlara xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. “KOB Dostu” ilə birgə ofislərdə “KOB könüllüləri” də fəaliyyət göstərəcək.

Azvision.az

Teqlər: KOB