Zəfər muzeyinin yaradılması ilə bağlı işlər necə gedir? - RƏSMİ

 Zəfər muzeyinin yaradılması ilə bağlı işlər necə gedir? -  RƏSMİ
  15 Aprel 2021    Oxunub:4530
Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində yaradılması nəzərdə tutulan Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin layihələndirilməsi ilə bağlı təkliflər müvafiq qaydada təqdim olunub. Yekun qərar veriləndən və layihə təsdiqlənəndən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
Bu barədə Azvision.az -a açıqlamasında Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin aparıcı məsləhətçisi Mirkamran Mahmudov deyib. O bildirib ki, Zəfər muzeyi ilə bağlı Nazirliyə bir çox yerli memarlar təkliflərini göndərib.

“Onlara baxılıb, gələcəkdə ehtiyac olduğu təqdirdə təkliflərinə yenidən baxılacaq və dəyəndiriləcək. Ümumiyyətlə, Nazirlik həm Zəfər muzeyi, həm də işğaldan azad olunan torpaqlarda mədəniyyət sahəsində görüləcək işlərlə bağlı yerli və xarici mütəxəssislərlə sıx əlaqədədir".

M.Mahmudov qeyd edib ki, Mədəniyyət Nazirliyi tərəfindən Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun təşkili üçün lazımi materialların toplanılması işi də davam etdirilir.

"Vətəndaşlar döyüşlərdə qəhrəmancasına mübarizə aparan şəhidlərimizə məxsus əşyaların təhvil verilməsində fəal iştirak edir və müvafiq materialları Nazirliyin ictimaiyyətə müraciətinə uyğun olaraq Azərbaycan İstiqlal Muzeyinə təqdim edirlər. Bununla bağlı regionlardan müraciətlərin çox olduğunu xüsusilə vurğulamalıyıq.

Eyni zamanda bildiririk ki, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Minatəmizləmə Agentliyi və digər dövlət qurumları muzeyin fondu üçün materiallar təhvil verib. Buna nümunə olaraq qeyd edə bilərik ki, Müdafiə Sənayesi Nazirliyi Azərbaycanın istehsalı olan yeni “İti qovan” PUA-sının maketini muzeyə təqdim edib. Vətən müharibəsi zamanı Azərbaycanın dinc əhalisinə qarşı düşmən tərəfindən istifadə edilən müxtəlif növ silahlar və mərmilərin qalıqları da toplanılan materiallar sırasında mövcuddur.

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinə təqdim olunan əşyaların dəqiq sayını hazırda söyləmək mümkün olmasa da, təxminən 1500-dən çox olduğunu deyə bilərik. Hazırda bu istiqamətdə işlər davam etdirilir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Zəfər-muzeyi  





Xəbər lenti