Ermənistanda “Böyük depressiya” dövrü başlayıb - Ekspert

   Ermənistanda “Böyük depressiya” dövrü başlayıb -    Ekspert
  15 Aprel 2021    Oxunub:3297
Ermənistanda yaşanan siyasi böhran və növbədənkənar seçki hazırlığı gündəmi zəbt etdiyindən, iqtisadi problemlər bir qədər diqqətdən kənarda qalıb. Halbuki, ən maraqlı proseslər məhz həmin ölkənin iqtisadi sferasında gedir. Çünki dünyada əksər dövlətlərin iqtisadiyyatı pandemiya şokundan çıxmağa hazırlaşdığı bir vaxtda Ermənistan iqtisadiyyatı əksinə, əlavə olaraq, bir də müharibə şokunu yaşadı. Bu isə 2021-ci ildə iqtisadiyyatın bərpa templərilə bağlı verilən bütün proqnozları alt-üst etdi.
Azvision.az xəbər verir ki, bu sözləri Ukrayna Ticarət Evinin baş direktoru, iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə deyib. O, xatırladıb ki, müharibəyə qədər irəli sürülən proqnozlarda 2021-ci ilin sonuna qədər Ermənistan iqtisadiyyatının 2019-cu ildəki səviyyələrə qayıda biləcəyi söylənilirdi. Amma indi həmin proqnozun vaxtı 2023-cü ilə qədər uzadılıb. Yəni nəinki bu il, hətta gələn il də Ermənistan pandemiyaya qədərki iqtisadi vəziyyəti bərpa edə bilməyəcək.

- Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə, 2020-ci ildə Ermənistanda iqtisadi geriləmə 7 faiz olub. Cari il üçün 1 faizə yaxın artımdan danışılsa da, nəzərə almaq lazımdır ki, burada söhbət əsasən iki drayverdən gedir – daxili istehlakdan və xaricdəki miqrantların köçürdükləri pullardan. Ona görə də, dövlət büdcəsində bu il üçün rəsmən ploqnozlaşdıran 3,2 faizlik artım əsla inandırıcı görünmür. Ölkənin Mərkəzi Bankı artıq həmin proqnozu 1.4%-ə qədər endirib, amma hətta bu da şişirdilmiş rəqəmə oxşayır. İnfliyasiyanın rəsmən göstərilən 4 (±1,5) faizdən xeyli çox olacağı isə heç bir şübhə doğurmur. Elə mart ayında bu rəqəm artaraq, 5,8 faizə çatdı (fevralda 5,3 faiz idi). Milli valyuta ilə bağlı da əsl dram yaşanır: Son 5 ayda o, 10% ucuzlaşıb. Mərkəzi Bank hələ ki, çətinliklə də olsa, 1 dolları 510 dram həddində saxlaya bilib, amma ekspertlərin fikrincə, ilin sonuna doğru dolların məzənnəsi 600 drama yaxınlaşacaq,- deyə Əlibala Məhərrəmzadə bildirib.

Ekspertin sözlərinə görə, hazırda iqtisadi geriləmə fonunda yüksək infliyasiya və istehlak qiymətlərinin durmadan artması, xüsusilə ərzağın bahalaşması Ermənistanda ciddi sosial problemlə çevrilməkdədir. Son bir neçə ayda əsas ərzaq məhsulları 20-40 faiz bahalaşıb: “Düzdür, bu proses hazırda bütün dünyada gedir, amma qlobal vəziyyətin üstünə Ermənistandakı ikiqat böhranı da gələndə, həqiqətən, qorxulu vəziyyət yaranır. Dramın ucuzlaşması səbəbindən, idxal edilən məhsulların qiymətinin qalxmasını da bura əlavə etmək lazımdır. Ermənistan isə un, şəkər, günəbəxan yağı kimi bir sıra ilkin tələbat məhsullarını tam olaraq xaricdən idxal edir. Nəticədə, onların qiymətində maksimal bahalaşma qeydə alınıb. Ötən il ölkədə kasıbçılıq 5% çoxalıb. Yerli mütəxəssislər qeyd edirlər ki, bu gedişlə, 2021-ci ilin sonuna doğru Ermənistanda hər iki nəfərdən biri kasıbçılıq həddində yaşayacaq”.

Professor xatırladıb ki, vəziyyəti düzəltmək ümidilə İrəvan yanvar ayında 750 milyon dollarlıq avroobliqasiyalar buraxıb, üstəlik, BVF-dən əlavə 400 milyon, Rusiyadan 1,15 milyard dollar kredit almağa hazırlaşır. Amma bu addımlar milli valyutaya təzyiqləri daha da artırır: “Çünki artıq ölkənin xarici borcları 8 milyard dollara çatıb, yeni kreditləri də nəzərə alandan sonra 9.5 milyard dolları keçəcək. Ölkənin ümumi daxili məhsulunun cəmi $12,8 milyard dollar olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, xarici borclar ÜDM-in ¾ hissəsinə çatıb. Bu, çox böyük rəqəmdir, çünki Ermənistan kimi dövlətlər üçün xarici borcun maksimal həddinin ÜDM-in 37-38%-dən çox olması artıq normal göstərici sayılmır”.

Daha bir vacib məqam ondan ibarətdir ki, bura qədər biz leqal iqtisadiyyatdan danışırdıq, halbuki, Ermənistanın işğal altnda saxladığı Azərbaycan torpaqlarında böyük qeyri-leqal iqtisadiyyatı da vardı.
- Məğlubiyyət nəticəsində qanunsuz istismar etdiyi ən azı 100.000 hektar əkin sahəsi, 14 mədən və xeyli digər aktivlər Ermənistanın əlindən çıxıb. Söhbət qeyri-leqal iqtisadiyyatdan getdiyindən, Azərbaycan torpaqlarını istismar etmək imkanını itirdiklərinə görə ermənilərin nə qədər gəlirdən məhrum olduqlarını hələ ki, dəqiq hesablamaq mümkün deyil,- deyə Ə.Məhərrəmzadə əlavə edib.

Ekspertin fikrincə, bütün bunlar o deməkdir ki, müharibədən sonra Ermənistanda əsl “Böyük depressiya” dövrü başlayıb. Bu, özünü həm iqtisadiyyatda, həm də sosial sferada göstərəcək. Üstəlik, Ermənistan hakimiyyətinin populist bəyanatlarını kənara qoysaq, bu bataqlıqdan çıxmaq üçün məntiqli bir planları da yoxdur: “Normal dövlət belə vəziyyətdə ilk növbədə qonşularla münasibətlərini, iqtisadi əlaqələrini qaydaya salmağa çalışardı. Amma biz Ermənistandan danışırıq, normal dövlətdən yox”.

Azvision.az


Teqlər: Ermənistan   İqtisadiyyyat  





Xəbər lenti