“Azərbaycan-Belarus münasibətləri problemlərdən tamamilə uzaqdır” - Prezident

  14 Aprel 2021    Oxunub : 1832
    “Azərbaycan-Belarus münasibətləri problemlərdən tamamilə uzaqdır” -    Prezident
“Ölkələrimiz arasında münasibətlərin inkişafına görə çox şadam. Sizinlə biz əlaqələrimizə elə dinamizm gətirmişik ki, bütün istiqamətlər üzrə inkişaf olduğunu, razılaşdırdığımız məsələlərin praktiki həllini görürük. Qarşılıqlı səfərlərimiz müntəzəm xarakter daşıyır”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşdə deyib.

Qəbələ Dəmir yolu Vağzalının açılışı oldu - FOTOLAR
“Mən Belarusa səfərlərimi, Sizin Azərbaycana səfərlərinizi yaddaşımda təzələmişəm. Bütün bunlar ölkələrimiz arasında sıx qarşılıqlı siyasi əlaqə, yüksək səviyyədə etimad olduğunu və nəticəyə hədəflənməyimizi göstərir. Odur ki, qarşılıqlı iqtisadi fəaliyyət çərçivəsində yaxşı nəticələr görürük. Keçən il pandemiyaya baxmayaraq, bizim əmtəə dövriyyəmiz artıb, Azərbaycandan Belarusa ixrac da artıb. Ona görə bu gün sənaye kooperasiyası ilə bağlı məsələləri də daha ətraflı müzakirə edəcəyik. Sizinlə birgə qərarımıza əsasən artıq çoxdandır ki, Gəncədəki sənaye müəssisəsi fəaliyyət göstərir.

Qarabağın bərpası ilə bağlı məsələləri də Sizinlə müzakirə etmək istərdim. Belarus şirkətlərinin öz ölkənizdə aqrosənaye kompleksləri yaradılması təcrübəsi bizə məlumdur. Buna görə də işğaldan azad edilmiş ərazilərin bərpası baxımından bu mövzu, əlbəttə, xüsusi yer tutur.

Sevindirici haldır ki, biz iştirak etdiyimiz beynəlxalq strukturlarda bundan sonra da bir-birimizi dəstəkləməkdə davam edəcəyik. Yəni, bizim münasibətlərimiz hər hansı problemlərdən tamamilə uzaqdır. Bizim müntəzəm əlaqələrimiz sadəcə görülmüş işlərə yekun vurmağa, növbəti addımları ölçüb-biçməyə və iki dost, iki tərəfdaş kimi irəliləməyə imkan verir. Bir daha xoş gəlmisiniz, Sizi yenidən Bakıda görməyimə şadam”, - deyə dövlət başçısı qeyd edib.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev