“Koronavirusa yoluxan şəxs oruc tutmamalıdır” - Hacı Şahin

“Koronavirusa yoluxan şəxs oruc tutmamalıdır” -  Hacı Şahin
  13 Aprel 2021    Oxunub:9669
İkinci ildir Ramazan ayı pandemiya dönəminə təsadüf edir. Pandemiya dövrünün özünəməxsus qaydaları var. Azərbaycanda da bir çox ölkələrdə olduğu kimi karantin rejimi qaydaları tətbiq edilir. Bu qaydalara uyğun şəkildə dini ayinlər icra edilməlidir.
Bunu Azvision.az -a açıqlamasında “Məşədi Dadaş” məscidinin imamı, tanınmış ilahiyyatçı alim Hacı Şahin Həsənli deyib. O bildirib ki, insanlar kütləvi şəkildə iftar süfrəsində toplaşmamalıdır.

“Keçən il də bu qayda oldu. Tövsiyə edirik ki, insanlar kütləvi iftar mərasimlərindən çəkinsinlər. Həmin vəsaiti ehtiyacı olan insanlara yardım kampaniyasına yönəltmək olar. Bu işin mahiyyəti paylaşmaqdırsa, hazırkı şəraitdə iftara yönələcək vəsaiti aztəminatlı ailələrə ərzaq təminatı kimi sərf etmək olar. Oruc tutanlar az sayda insanla, öz ailəsi ilə iftar edə bilər. Kütləvi iftar mərasimləri yoluxma sayını artıra bilər.

Eyni zamanda, ölkəmizdə hazırda vaksinasiya həyata keçirilir. İnsanlar oruc halında vaksin oluna bilərlər. Bunun tibbi baxımdan ziyanı yoxdur, həkimlər də bizə bunu deyib. Şəriət nöqteyi-nəzərindən oruc insanın peyvənd olunmasının heç bir günahı yoxdur”.

Hacı Şahin qeyd edib ki, koronavirusa yoluxan insan oruc tutmamalıdır: “Çünki həmin şəxs müalicə olunur və ac qalması məqsədəuyğun deyil. Koronavirusdan sağalan insanlar oruc tuta bilərlər. Həkimlərin hamısı qeyd edir ki, oruc immuniteti zəiflətmir. Sadəcə bəzən bizim səhv qidalanmağımız xəstələnməyimizə səbəb olur. Oruc sağlamlığın əsas amillərindəndir. Hədislərdə də qeyd olunur ki, oruc tutun ki, sağlam olasınız. Orucu müəyyən qaydalara əməl etməklə, düzgün qidalanmaqla tutmaq lazımdır. Koronavirusdan sağalan şəxs Ramazan ayı bitdikdən sonra növbəti Ramazan ayına qədər oruc qəzalarını tutmalıdır”.

Hazırda məscidlərin açılmasının gündəmə olmadığını diqqətə çatdıran din xadimi bildirib ki, Qafqaz Müsəlmanları İdarəsində məsələ mütəmadi müzakirə olunur:

“Biz məscidlərin fərdi ibadət üçün açılması barədə təkliflər veririk. Lakin yoluxma sayı artdığından məsələnin müzakirəsi yenə qaldı. Ramazan ayının sonuna qədər vəziyyətə uyğun olaraq müvafiq qurumlar qərar qəbul edib, addımlar atılacaq. Məscidlərin fəaliyyəti bərpa edilməyəcəksə, təbii ki, bayram namazı qılınmayacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Ramazan   Oruc   Koronavirus   Pandemiya  





Xəbər lenti