“Dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi” - Prezident

 “Dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi” -    Prezident
  12 Aprel 2021    Oxunub:2768
Otuz il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmırdı. Ancaq bizim problemlərimiz ondan daha əvvəl başlamışdı, daha dəqiq desəm, 1987-ci ildə. Çünki 1987-ci ildə Heydər Əliyevin bütün vəzifələrdən, o cümlədən Siyasi Büronun üzvü vəzifəsindən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü və onlar bu fürsətdən istifadə etdilər.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışından sonra hərbi qulluqçularla görüşündə danışıb.

Rəisi "İslam Cihadı"nın liderini qəbul edib
Dövlətimizin başçısı Dağlıq Qarabağ ətrafında baş verənləri xatırladaraq deyib: “Heydər Əliyevin istefasından iki həftə keçməmiş bir erməni millətçisi - Qorbaçovun müşaviri, onun sağ əli Aqanbekyan 1987-ci ildə Fransada olarkən Fransa qəzetinə müsahibə verərək demişdir ki, Dağlıq Qarabağ Ermənistana birləşməlidir. Heydər Əliyevin dövründə heç vaxt buna cürət edə bilməzdilər. Ona görə dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi. Çünki bilirdilər, o, nə qədər vəzifədədir, heç vaxt imkan verməz ki, erməni millətçiliyi baş qaldırsın. Necə ki, 1970-1980-ci illərdə Azərbaycana rəhbərliyi dövründə bütün separatçı meyillərin qarşısı elə yerindəcə alınırdı. İndi tarixə baxın, sanki heç nə dəyişilməyib. Sovet vətəndaşı, özünü akademik sayan Fransada bu açıqlamanı verir və artıq bu mövzu ortalığa atılır. Biz yaxşı xatırlayırıq ondan sonra hansı proseslər baş vermişdi. Faktiki olaraq Dağlıq Qarabağı Azərbaycandan ayırmışdılar. Xüsusi idarəetmə komitəsi yaradılmışdı. Moskvadan bir adam göndərilmişdi. O da sırf ermənipərəst bir adam idi. Faktiki olaraq bizim problemlərimiz o vaxtdan başlamışdır”.

Prezident qeyd edib ki, Azərbaycana qarşı o vaxt çirkin informasiya kampaniyası aparılırdı. “Müstəqillik əldə olunandan sonra nələr baş verdi? Müstəqillikdən dörd ay sonra Xocalı soyqırımı törədildi. Ermənistan və Sovet İttifaqının 366-cı alayı hərbi cinayət törətdi, vəhşilik törətdi. Dinc insanları qətlə yetirdi. Onların arasında uşaqlar, qocalar, qadınlar vardı. Xocalı soyqırımı bu gün dünya tərəfindən tanınır. Ondan çox ölkə bu soyqırımını rəsmən tanıyıbdır. Xocalı soyqırımından üç ay keçəndən sonra Şuşa və Laçın işğal altına düşdü”, - deyə Prezident İlham Əliyev xatırladıb.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti