“Hərbi Qənimətlər Parkına gələn hər bir insan ordumuzun gücünü görəcək”

  12 Aprel 2021    Oxunub : 1952
   “Hərbi Qənimətlər Parkına gələn hər bir insan ordumuzun gücünü görəcək”
Biz inkişaf edərək torpaqlarımızı azad etdik. Çünki inkişaf bizim Qələbəmizin əsasıdır. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, biz bunu təmin etməsəydik, lazımi dərəcədə lazım olan müasir silahlar əldə edə bilməzdik. Ona görə bu təntənəli mərasimin burada keçirilməsində böyük rəmzi məna var. Yenilik, inkişaf, güc – bunlar əsas amillərdir. Bir də Vətən sevgisi. Çünki bax, bu bulvarın ərsəyə gəlməsində, bunun təməlində Vətən sevgisidir.
Azvision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışından sonra təltif olunan hərbi qulluqçularla görüşündə söyləyib.

Prezidentin Şuşaya səfəri Türkiyə mediasında
“Bu Hərbi Qənimətlər Parkının açılışını bu gün etdim. Orada düşmənin nümayiş etdirilən dağıdılmış və qənimət kimi götürülmüş texnikası bir daha bizim gücümüzü göstərir, bir daha düşmənin məğlubiyyətini göstərir. Burada nümayiş etdirilən texnika məhv edilmiş və qənimət götürülmüş düşmən texnikasının kiçik bir hissəsini təşkil edir. 125 artilleriya topu, 366 tank, 7 “S-300” zenit-raket kompleksi, 50-dən çox digər zenit-raket kompleksləri, 522 yük avtomaşını və digər texnikalar məhv edilmişdir və qənimət kimi götürülmüşdür”, - deyə dövlətimizin başçısı bildirib.

Prezident vurğulayıb ki, Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək. Görəcək ki, bu qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev