İrəvanın “hərbi əsir” yalanı nəyə hesablanmışdı? - ŞƏRH

  10 Aprel 2021    Oxunub : 3588
 İrəvanın “hərbi əsir” yalanı nəyə hesablanmışdı? -  ŞƏRH
İki gün öncə Ermənistanda müharibədən sonra Azərbaycan ərazilərində saxlanılmış erməni diversiya qrupunun üzvlərinin geri qaytarılması barədə dezinformasiya yayılmışdı.
Gecə saatlarında aeroporta axışan erməni valideynlər Bakıdan İrəvana uçan təyyarədə "hərbi əsir"lərin olduğunu gözləyirdilər. Lakin çox keçmədi ki, Ermənistan rəsmilərinin yaydığı xəbərin yalan olduğu üzə çızdı.

Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov böyük rezonans doğuran dezinformasiyanın arxasında Ermənistan hakimiyyətinin dayandığını bəyan edərək İrəvanı təxribatçılıqda ittiham etdi.

“Hərbi əsirlər”in qaytarılacağı ilə bağlı xəbər təxribat idi”, - deyən Muradov bildirib ki, "əsirlərin" qaytarılması planlaşdırılmamışdı və ermənilərin yaydığı məlumat yalandır.

İrəvanı qarışdıran “hərbi əsir” məsələsini Azvision.az –a şərh edən politoloq Sahil İskəndərov Ermənistanın indiki iqtidarı kimi əvvəlki hakim dairələrinin də zaman-zaman belə təxribatçı hərəkətlərə yol verdiyini, ciddi qalmaqala səbəb olan dezinformasiyaları dövriyyəyə buraxdığını xatırladıb:

“İrəvan ötən il üzləşdiyi və tarixində ən böyük məğlubiyyəti olan İkinci Qarabağ müharibəsinin əvəzini çıxmaq üçün tez-tez belə təxribatçı addımlar atacaq. Burada əsas məqsədlərdən biri Azərbaycanla Rusiya arasında mövcud olan sıx münasibətlərin, hətta Türkiyə-Rusiya yaxınlaşmalarının məcrasını mənfi istiqamətə yönəltməkdir. Gözlənilən idi ki, zamanı gəldikcə müxtəlif vasitələrlə bizə badalaq qurmağa, qonşularla münasibətlərdə soyuqluq yaratmağa hesablanmış siyasi gedişlər etsinlər. Bu cür təxribatlardan heç vaxt sığortalanmamışıq, həmişə belə məqamları nəzərdə saxlamalıyıq. Qarabağdakı Rusiya sülhməramlıları kontingentinin komandanı olan Rüstəm Muradovun guya Bakıya gəlib əsirləri apara bilməməsi, Azərbaycanın bu məsələyə mənfi münasibət sərgiləyərək təyyarəni boş qaytarması haqqında fikirlər formalaşdırmaq boşuna yaranmadı. Bu, həm də ona hesablanmışdı ki, guya Azərbaycan tərəfi əldə olunmuş razılığı pozur. Halbuki, belə bir razılıq yoxdur. Hərbi əsirlərin hamısı çoxdan geri qaytarılıb, meyitlər də təhvil verilib. Yəni dezinformasiya həm də buna hesablanmışdı ki, iki ölkə arasında olan münasibətlərə təxribatçı addımla zərbə vursunlar”.



Politoloqun sözlərinə görə, həm Moskva, həm də Bakı bu cür məsələlərə çox həssas yanaşır:

“Sevindirici haldır ki, rusiyalı general özü Ermənistan hakimiyyətinin dövriyyəyə buraxdığı saxta xəbəri ifşa etdi. Dezinformasiya İrəvana hava və su kimi lazımdır. Müharibə zamanı gecə-gündüz yalan xəbərlər yayan, guya Azərbaycan Ordusunun məğlubiyyətə uğradığını, Hadrut və digər istiqamətlərdə ermənilərin irəlilədiklərini bəyan edən Ermənistan rəhbərliyi indi də öz məqsəd və maraqları üçün “hərbi əsir” məsələsi ətrafında yeri gələndə yalan məlumatları ortaya atacaq. Həmişə belə çaşdırıcı, zərbə vurmağa hesablanmış siyasi gedişlərə hazır olmaq lazımdır. Bir daha qeyd edirəm ki, burada əsas məqsədlərdən biri Azərbaycanla Rusiya arasında olan münasibətlərə sərinlik gətirmək idi. Kənardan baxanda belə görüntü yaradılacaqdı ki, Rusiya ermənilərin girov adlandırdığı, amma əslində terrorist, təxribatçı qruplar olan məhbus hərbçilərlə bağlı təzyiq göstərməyə çalışır, Bakı isə saymazlıq edir və s. Konkret olaraq bu ağ yalanı operativ şəkildə rusiyalı generalın ifşa etməsi Azərbaycanın növbəti diplomatik qələbəsi səhifəsinə yazılan xallardan biri oldu.

Bu məsələdə çox önəmli idi ki, təxribatı ortada barışdırıcı mövqe tutmuş Rusiya ifşa etsin. Növbəti dəfə erməni tərəfinin yalanları üzə çıxmış oldu. Belə məqamlar artıq Moskva ilə İrəvan arasında münasibətləri kəskinləşdirir, müttəfiqlər arasında soyuqluq yaradır. Nəticədə bu təxribatçı addım Azərbaycan-Türkiyə-Rusiya üçbucağının sıxlaşmasına daha da kömək edən amil olacaq. Yaxın gələcəkdə belə təxribatların təkrarlanma ehtimalı çoxdur və erməni KİV-lərinin də bu məsələdə xüsusi rol oynamasını unutmamalıyıq. Ona görə də dezinformasiya olayının özü də bizim mediaya bir siqnal sayılmalıdır ki, növbəti təxribatlar zamanı tələskənliyə yol verməyək. Xəbər təsdiqini tapmayana qədər qarşı tərəfin dövriyyəyə buraxdığı təxribat xarakterli dezinformasiyaları yaymaq əleyhimizə işləyər. İrəvandan gələn informasiyalara uymaq olmaz, rəsmi açıqlamalar olmadan siyasi oyunların qurbanına çevrilib xəbəri yaymamalıyıq. Yaxşı ki, bu dəfə yayılan yalan xəbər yerli mediada dərhal ifşa edildi, özü də bunu “bu təxribatdır” deyən Rusiya rəsmisi etdi”.

Tural Tağıyev
Azvision.az

Teqlər: Ermənistan   İrəvan