“Azərbaycanla Türkiyəni heç vaxt bir-birindən ayırmadım” - Erkan Özoral

 “Azərbaycanla Türkiyəni heç vaxt bir-birindən ayırmadım” -   Erkan Özoral
  10 Aprel 2021    Oxunub:3804
Mən Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım. İkisi də mənim Vətənimdir, birinci Vətənim, ikinci Vətənim deyil. İkisi də eyni dərəcədə Vətənimdir. Ankara mənim üçün nə qədər əzizdirsə, Bakı da eynidir mənim üçün. Bu sevginin nəticəsi odur ki, özümü çox bəxtiyar hiss edirəm. Çünki Azərbaycana gəlmiş və gələcək bütün türk səfirləri içində ən gözəl anlara şahidlik edən səfir mən oldum. Bu Vətən müharibəsinə şahidlik etmək mənim üçün çox böyük xoşbəxtlik oldu.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Respublikasının ölkəmizdəki səfiri Erkan Özoral Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilərkən söyləyib.

Türkiyə ilə Azərbaycanın, xalqlarımızın bir-birinə daha da yaxınlaşması üçün çalışdığını qeyd edən səfir deyib: “Amma bu işi görməyə imkanı təmin edən Sizlər, cənab Prezidentlərimiz bizim üçün açdığınız yol oldu. Bunları onun sayəsində edə bildik. Azərbaycanda fəaliyyət göstərdiyim müddətdə bütün qurumlardan, rəsmi şəxslərdən bütün səviyyələrdə başda Siz olmaqla hər zaman dəstək aldım. Hamınıza ayrıca təşəkkür və minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan xalqına Sizin şəxsinizdə minnətdarlığımı çatdırmaq istəyirəm. Hər zaman qardaşlığımızı hiss etdim, getdiyim hər yerdə ona şahid oldum. İnşallah, Türkiyə ilə Azərbaycan bundan sonra daha da bir-birinə yaxın olacaq. Çünki Sizin də söylədiyiniz kimi biz birlikdə güclüyük”.

Azvision.az


Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti