Ekoloji terror: Ermənilər qəsdən Oxçuçayı çirkləndirir - FOTOLAR

  Ekoloji terror:  Ermənilər qəsdən Oxçuçayı çirkləndirir -  FOTOLAR
  10 Aprel 2021    Oxunub:4670
Zəngilan rayonu ərazisindən Oxçuçay, Həkəriçay və Bəsitçay çayları keçir. Rayona səfərimiz zamanı Oxçuçay ərazisinə baş çəkərək, oradakı vəziyyətlə tanış olduq. Çay illərdir ki, Ermənistan tərəfindən məqsədli şəkildə çirkləndirilir. Bunu çayın kənarında olarkən, aydın şəkildə görmək mümkündür.
Mənbəyini Zəngəzur dağ silsiləsindən götürən Oxçuçay Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülür. Çayın uzunluğu 83 kilometr, sutoplayıcı sahəsi 1175 kvadratkilometrdir. Bu çayın mənbəyində yerləşən Qacaran mis-molibden, Qafan mis saflaşdırma kombinatının toksiki tullantılarının, eyni zamanda, həmin şəhərlərin məişət-çirkab tullantılarının təmizlənmədən birbaşa Oxçuçaya axıdılması Oxçuçayda ağır metalların normadan dəfələrlə artıq qeydə alınmasına səbəb olur.



Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan monitorinqlər göstərir ki, Oxçuçayın çirklənməsi digər transsərhəd çaylarına nisbətən daha yüksəkdir. Çayda ilin ilk üç ayı ərzində aparılan monitorinqin nəticələrinə görə, nikelin miqdarı 7, kadmiumun 5, dəmirin 4, mis-molibdenin isə 2 dəfə normadan artıq olub.

Martın əvvəllərində çayın vizual olaraq da çox çirklənməsi qeydə alınıb. Həmin günlərdə çay hövzəsində bioresursların, xüsusilə qiymətli növ olan farel balıqlarının kütləvi surətdə məhv olması aşkarlanıb.

Bütün bunlar onu göstərir ki, mənfur düşmənin ekologiyamıza qarşı terroru bu gün də davam edir.











Anar Kəlbiyev
Azvision.az


Teqlər: Zəngilan   Oxçuçay   Ermənistan   Çirkləndirmə   Çay   Ekologiya  





Xəbər lenti