Nazir əlilliyin ləğvi məsələsinə aydınlıq gətirdi

 Nazir əlilliyin ləğvi məsələsinə aydınlıq gətirdi
  09 Aprel 2021    Oxunub:7070
Hazırda müzakirə edilən məsələlərdən bir çoxu əlilliyin təyin edilməsi ilə bağlı deyil, əlilliyin müddətinin bitməsi ilə əlaqədardır. Bir çox şəxslər məlumatsızlıqdan və ya bəzi məlumatların olmamasından müddətin bitməsini əlilliyin ləğv edilməsi kimi qiymətləndirirlər.
Azvision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, 2016-ci ildə qəbul edilmiş normativ akta əsasən, müddətli əlilliyi olan şəxslərin əlillik müddətləri 5 il avtomatik uzadılıb.

“Bu, 2021-ci ildə bitib. Müddətli əlilliyi olan şəxslər sənədlərinə baxmalı və müddətləri bitdiyi təqdirdə yenə səhiyyə müəssisələrinə müraciət etməli, müayinədən keçməli və müvafiq Forma 88-lər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmalıdır. Əlillik müddəti bitən şəxslərin sayı çoxdur. Bu on minlərlə şəxsi əhatə edir.

Müddətli əlillik alan şəxslər sənədlərə baxmırlar, pensiya dayandıqdan sonra əlilliyin ləğv edilməsi kimi qeyd edirlər. Bu, doğru deyil. Müddətli əlillik geri dönməz hallara şamil edilmir. Geri dönməz haldırsa, hər hansı amputasiyadırsa, hər hansı orqanı itiribsə, müalicəsi olmayan xəsətlikdirsə, əlillk müddətsiz verilir. Reabilitasiya, müalicə olunan xəstəlik olduqda həmin əlillik müddətli təyin edilir”.

S.Babayev qeyd edib ki, bəzən məlumatsızlıqdan sağlamlıq imkanları məhdud uşaqlarla bağlı eyni hal baş verir. “Qanunvericilikdə, həm də beynəlxalq təcrübədə belədir ki, sağlamlıq imkanı məhdud şəxs 18 yaşına çatanda bu statusu bitir. Ondan sonra şəxs səhiyyə müəssisələrinə müraciət etməli və əlillik qrupu müəyyən edilməlidir.

Bu il əlillik müddətinin uzadılmasına dair müraciətlər çoxdur. Bu zaman kifayət qədər saxta hallara rast gəlinir. Əlilliyin təyin edilməsi ilə bağlı əksər imtinalar əyani müayinələrdən sonra həyata keçirilir. Əgər Forma 88-də hər hansı şübhə olarsa, həmin şəxs dəvət edilir və əyani müayinələrdən keçirilir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Sahil-Babayev  





Xəbər lenti