“İrəvan ya xəritələri verməlidir, ya da Laçın dəhlizi bağlanmalıdır”- Deputat

“İrəvan ya xəritələri verməlidir, ya da Laçın dəhlizi bağlanmalıdır”-   Deputat
  09 Aprel 2021    Oxunub:11071
“Ermənilər ən çox Ağdam torpaqlarını ona görə minalayıblar ki, onlar əsas zərbəni bu istiqamətdən, bir də Tərtərdən gözləyirdilər”.
Bunu Azvision.az –a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib. Deputat qeyd edib ki, minalanmış ərazilərin xəritələrinin hələ də Bakıya təqdim edilməməsi İrəvana qarşı daha sərt davranmağı qaçılmaz edir:

“Əslində Ermənistanın bundan sonra bizə təqdim edəcəyi hansısa mina xəritəsinin reallığı əks etdirəcəyinə inanmıram. Yəni onlar bizə həqiqi xəritə deyil, tamam başqa bir sənədi təqdim edə bilərlər. Çünki qarşı tərəf azad etdiyimiz torpaqlarda minalı sahələrin dəqiq yerini göstərməkdə maraqlı olmaz. Xəritələrin əldə etməyin bir yolu qalıb. Dəhlizdən hərəkəti dayandırmaq lazımdır. Laçın dəhlizi bağlanmalıdır ki, qarşı tərəf məcbur qalıb mina xəritələrini ortaya çıxarsın. İrəvana konkret olaraq ya xəritələri verin, ya da dəhlizi bağlayırıq deyilməlidir. Vəssalam”.

Aqil Abbas deyir ki, noyabr bəyanatından artıq 5 ay keçib, bu məsələ beynəlxalq müstəviyə daşınıb. Problem həm aidiyyəti dövlət qurumları, həm ictimai birliklər və digər səviyyədə beynəlxalq təşkilatlarda qaldırılıb. Amma kimsə İrəvanı qınamaq fikrində deyil:

“Nə vaxt beynəlxalq təşkilatlardan Ermənistana təzyiq gördük ki? 30 il ərzində işğalçı ölkəni geri addım atmağa məcbur edən bir qurum oldumu? Beynəlxalq müstəvidə ermənilərə nə zaman ciddi təzyiq, qınaq göstərildi ki, indi də onlara qarşı bu qeyri-humanist addımlarına görə, mina xəritəsinin gizlədilməsi məsələsinə dair müsbət addım atılsın. Sadəcə olaraq, bizim hazırda bir yolumuz qalıb. Beynəlxalq təşkilatlar qarşısında məsələ qaldıraraq aşkar deməliyik ki, siz bir işə yaramırsınızsa, yenidən özümüz meydana atılacağıq.

Necə ki, 30 il ərzində BMT-nin məlum qətnamələrinin yerinə yetirilməsi istiqamətində heç bir addım atmadılar, Ali Baş Komandan, Azərbaycan Ordusu məsələni kökündən həll etdi, indi də bu ciddi hərbi cinayət sayılan minalı ərazilərin xəritəsinin təhvil verilməməsi məsələsinin öhdəsindən özümüz gələcəyik. Hazırda ən çox minalarla çirklənmiş torpaqlar Ağdam və Füzuli əraziləridir. Ermənilər ona görə ən çox Ağdamı minalayıblar ki, onlar əsas zərbəni bu istiqamətdən, bir də Tərtərdən gözləyirdilər”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Xəritə   Aqil-Abbas   Ermənistan   Dəhliz  





Xəbər lenti