`5 istedadlı gəncin adını çəkmək üçün fikrə getməli olursan`

`5 istedadlı gəncin adını çəkmək üçün fikrə getməli olursan`
  28 Fevral 2014    Oxunub:2952
“Çağdaş Azərbaycan ədəbi gəncliyi: problemlər, mülahizələr» - DƏYİRMİ MASA
Layihənin ideya müəllifi və moderatoru: Əsəd Cahangir

İştirakçılar: Xəyal Rza - şair, Azərbaycan Yazıçılar Birliyi mətbuat xidmətinin rəhbəri; Qılman İman - şair; Elşad Ərşadoğlu - şair; Emin Piri - şair, Elmin Nuri – publisist; Sevinc Mürvətqızı - yazıçı-publisist; Famil Mədət - ədəbiyyatşünas

Materialları çapa Sevinc Mürvətqızı hazırlayıb.

Əsəd Cahangir: …Öncə deyim ki, məhz bu mövzuda müzakirə keçirmək ideyası sadəcə mənə məxsus deyil. Bir neçə gün öncə biz “Azərbaycan” jurnalında “Çağdaş Azərbaycan romanı: problemlər, mülahizələr...” mövzusunda dəyirmi masa keçirdik. Elçin Hüseynbəyli belə bir dəyirmi masanı “Ulduz” jurnalında ədəbi gənclik mövzusu ilə bağlı keçirməyi təklif etdi və mən də bu təklifi qəbul etdim. İkincisi, bu gün onlarla gənc ədəbi imza arasından məhz sizlərin bura dəvət olunmanız da sadəcə mənim subyektiv seçimim olmayıb, AYB-nin Gənclər katibi Rəşad Məcid və Elçin Hüseynbəyli ilə ümumi razılıq əsasında müəyyənləşdirilib. Əsas məqsədimiz çağdaş ədəbi gəncliyin problemlərini onların öz dilindən eşitməkdir. Sizcə, çağdaş Azərbaycan gənc yazarının əsas problem nədir?

Qılman İman: Şəxsən, mənim ən böyük problemim xarici dil bilməməyimdi. Xarici dil bilmədiyimdən müəyyən əsərləri orijinaldan oxuya bilmirəm. Elə əsərlər var ki, tərcümə ilə kifayətlənmək olmur. Hətta türkcədən tərcümə olunan əsərlərdə nə qədər nöqsanlar var.

Əsəd Cahangir: Bu, bilavasitə sənin özünün yaratdığın problemdir, yəni istəsən, öyrənə bilərdin. Bəs, özünüzdən asılı olmayan hansı problem var ki, o, sizin yazıçı kimi yetişməyinizə mane olur?

Elşad Ərşadoğlu: Məncə, bu gün gənclərin ən böyük problemlərindən biri vaxt problemidir. Çünki dolanışıq, ailə-məişət qayğıları yaradıcılığa lazımı qədər vaxt ayırmağa imkan vermir. Ədəbiyyat maddi ehtiyacları ödəmədiyinə görə ancaq ədəbiyyatla məşğul olub yaşamaq mümkün deyil. Maddi ehtiyaclarını ödəmək üçün isə yaradıcılıqdan kənar işlərlə də məşğul olmağa, vaxtını və enerjini kənar sahələrə sərf etməyə məcbur olursan. Məsələn, bu gün gənc yazarları daxilən tükəndirən ən əsas amillərdən biri köşə yazıları yazmaları, enerjilərini buna sərf etmələridır. Ancaq neyləmək olar, hamısı olmasa da onların mütləq əksəriyyəti dolanışıq üçün buna məcburdular. Mənim özümün də ən böyük problemim vaxt qıtlığıdır.

Əsəd Cahangir: Doğrudanmı, gənc yazarlar Dostoyevski qədər maddi çətinlik içindədir? O, qonorarın bir hissəsini əvvəlcədən alır, sonra makinaçıya diqtə etməklə roman yazırdı. Məsələn, o, gecəsini gündüzünə qatmaqla “Qumarbaz”ı 27 günə yazmışdı.

Elşad Ərşadoğlu: Dostoyevski ayrı, biz ayrı.

Əsəd Cahangir: Nə üçün?

Elşad Ərşadoğlu: O, bir istisnadır, biz isə ümumidən danışırıq.

Əsəd Cahangir: Amma onun da iki əli, iki ayağı, iki gözü olub, qır-qızılları arvadının boynundan çıxarıb qumara qoyub, epilepsiyadan əziyyət çəkib, ömrünün sonlarına doğru hökumətə yarınıb. Elə güman etməyin ki, mən indi bu sözlərlə dahi yazıçını nədəsə ittiham edirəm. Əsla! Sadəcə, demək istəyirəm ki, o da müəyyən zəifliklərə malik olub, o da nə vaxtsa sizin kimi gənc olub, bir sözlə, o da insan olub. Siz postmodern dövrün, dekonstruktiv idrak epoxasının gənclərisiniz. Məntiqlə bütləşdirmə sizlərə yabançı olmalıdır axı. Sən isə deyirsən ki, Dostoyevski bir istisnadır. Ona qalsa, bütün istedadlar istisnadır. Ümumi istedad olmur.

Elşad Ərşadoğlu: Əgər biz postmodern epoxanın gəncləriyiksə, təkcə bütləşdirmə yox, məntiq də bizə yabançı olmalıdır. Və demək, siz bizdə məntiq axtarmamalısınız. İkincisi, siz öz yazılarınızda həmişə bizə dialektik düşünmək zərurətindən danışmısınız. Bu isə tələb edir ki, hər şeyə konkret yanaşasan. Yəni təkcə istedad yox, tale də fərdi, konkrtetdir. Hər kəs öz taleyini yaşayır. Dostoyevskinin taleyi belə gətirmişdi. Bu, o demək deyil ki, hamı onun ağlasığmaz problemlərini yaşamalı, dar ağacına qədər gedib çıxmalıdır.

Emin Piri: Mən problemlərimizə iki kontekstdən yanaşıram: yazıb-yaratma problemi və yaradıcılığın təqdimatı. Bəzilərinin müasir texnologiyaya uyğun inteqrasiya bacarığı var, amma yaradıcılıqda problem yaşayır. Digəri isə yazıb-yaratmağı bacarır, amma müasir inteqrasiyanı bacarmır. Yəni cəmiyyəti qınamaq lazım deyil ki, belə yazıram, amma məni oxuyan yoxdur. Özünü cəmiyyətə təqdim etməyi bacarmalısan. Yaradıcılıq problemi isə artıq fərdi istəkdən və səydən asılı deyil. Tanrı birinə istedad verməyibsə, neyləyə bilər?

Əsəd Cahangir: Amma zəhmət deyilən bir şey də var. Məsələn, Pərvin də sizin yaşıdınızdır və onun bədii nəsrdə qazandığı uğurda istedadı ilə yanaşı zəhmətinin də rolu az deyil.

Emin Piri: Tanrının verdiyi 1-2 faizlik istedadı öz üzərində zəhmət çəkərək, dünya ədəbiyatını mütaliə etməklə inkişaf etdirmək olar. Digər problemlərə gəldikdə isə onların əsasında maddiyyat durur. Amerikanın özündə də yaşasaq, bir gənc yaradıcılıqla məşğuldusa, onun vaxt problemi olacaq. Məsələn, mən 200 manatlıq işdə işləmək istəmirəm. İstəyirəm 500 manat məvacibi olan bir işdə işləyim. Bu isə yaradıcılıq vaxtını əlimdən alır. Amma istənilən halda hər şey insanın özündən asılıdır. Məsələn, 8 saat yatma, 6 saat yat.

Əsəd Cahangir: Çayxanada, pivəxanada az vaxt keçir…

Xəyal Rza: Hətta çayxanada oturmaqla da roman yazmaq olar. Məsələn, «Harri Poter»in müəllifi işıq pulunu az ödəmək və daha çox vaxt qazanmaq üçün kafedə yazıb. İndi isə o, dünyanın ən varlı yazıçılarından biridir. Deməli, vaxt qıtlığı bəhanədir. Nədənsə gənclərdə 60-80-ci illərin gəncləri ilə müqayisədə zəiflik var. Bir də ki indi internet o qədər inkişaf edib ki, bir cümlə ilə hansısa böyük yazıçıya çamur atıb məşhurlaşmaq mümkündür. Özünü niyə əziyyətə salıb kitab çıxarsın, niyə zəhmət çəkib yazsın ki? Amma müasir texnologiyalardan xəbərsiz elə gənclər var ki... Təsəvvür edin, bayaq bir gənc Yazıçılar Birliyinin qapısını niyə döyüb? Soruşur ki, mən roman yazmaq istəyirəm, bunun üçün Yazıçılar Birliyinə üzv olmalıyam?

Qılman İman: O, lap Mirzə Cəlilin personajlarına oxşadı.

Xəyal Rza: Elədir, onda bir Novruzəli saflığı vardı. Üzünə baxanda da bilinirdi. İnsanlar tənbəlləşiblər, xüsusilə də bir çox gənclər. Özü də başqa sahələrdə yoxdur, şöhrət qazanmaq istəyi bir şou-biznesdədir, bir də ədəbiyyatda.

Qılman İman: Yəni, ədəbiyyatın ən böyük problemi bu gün şou-biznesə çevrilməyidir?

Xəyal Rza: Ədəbiyyatın yox, gənclərin ən böyük problemi ucuz populyarlıq arxasınca qaçmaqdır.

Əsəd Cahangir: Sevinc, bəlkə söhbətə qoşulasan, necə fikirləşirsən, Azərbaycan Yazıçılar Birliyi gənclərin maddi probleminin həllində rol oynayırmı?

Sevinc Mürvətqızı: Müəyyən bir zaman üçün oynayır. Yazıçılar Birliyindən prezident təqaüd almışam. Tək mən yox, Mədəniyyət və Turizm Nazirliyinin Yazıçılar Birliyi ilə birgə layihəsi olan Gənc Ədiblər Məktəbinin xeyli üzvünə bir il ərzində prezident təqaüdü verilib. Gənc Ədiblər Məktəbinin rəhbəri Rəşad Məcidin bu gün imzasını təsdiq eləmiş xeyli gənc yazarın ortaya çıxmasında əməyi və xidməti var. Məhz onun təşviqatı, təqdimatı və dəstəyi ilə neçə-neçə gəncə yol açılıb. Bu gün çağdaş ədəbi gəncliyin əksər hissəsi Gənc Ədiblər Məktəbinin yetirməsidir. Həmin gənclər bir il ərzində aldıqları prezident təqaüdü ilə güzəran problemlərini bir il ərzində qismən də olsa həll ediblər.

Əsəd Cahangir: O bir il başa çatdı, həyat isə davam edir axı. Niyə cəmiyyətdə elə sistem olmamalıdır ki, siz dövlətdən pul almaq zorunda qalmayasınız? İşləyib özünüzü saxlamayasınız və həmin təqaüdə heç ehtiyacınız da olmasın?

Sevinc Mürvətqızı: Dövlətin bir qrup istedadlı gəncin yazıb-yaratmaq həvəsini stimullaşdırmaq üçün atdığı bu addımın nəyi pisdir ki? Dövlət müəyyən müddət istedadlı gəncə güzəran probleminin həllində yardımçı olur. Əgər o gənc də ədəbiyyat yolunu axıra qədər getməyi planlaşdırıbsa, bir il ərzində özünü, imzasını təsdiq edə bilər.

Xəyal Rza: Məncə, dövlətin dəstəyi olmadan da gənc yazarlar pul qazana bilərlər. Bunun üçün hətta istedad da həlledici rol oynamır. Bilirsinizimi, Türkiyədə ən çox satılan, hətta Taksimdəki ən məşhur kitab mağazasında satış üzrə ilk onluqda birinci yerdə duran hansı kitabdır? Facebook statuslarından ibarət kitab. Bu kitab 100 min tirajla 22 dəfə nəşr olunub. Kitabın müəllifi olan gənc isə artıq milyonçuya çevrilib. Kitabı yazıb, onun təbliğatı ilə məşğul olub, yazdığından pul qazanmaq mümkündür.

Əsəd Cahangir: Amma əsas məsələ sadəcə pul qazanmaq yox, ədəbiyyat yaratmaqla pul qazanmaqdır. Sevinc deyir ki, dövlətin gənc yazarlara maddi dəstəyinin nəyi pisdir ki? Heç kəs demir ki, bu pisdir. Söhbət ayrılan vəsaitin daha optimal məcraya yönəldilməsindən gedir. Məsələn, Yazıçılar Birliyi hər il 20 gəncə illik təqaüd verir. Bunların arasında doğrudan da o təqaüdə layiq olanlar da var. Amma bəziləri bura sadəcə bir az yumşaq desək, siyahı doldurmaq xatirinə düşürlər. Necə fikirləşirsiniz, belələrindənsə, gələcək ədəbiyyata xidmət etmək potensialı olan 20 gəncə, tutaq ki, 5 illik təqaüd verilsə, daha səmərəli olmazdımı?

Emin Piri: Rəşad müəllim də müsahibələrində həmişə deyir ki, hər il iyirmi istedad tapmaq mümkün deyil, bu, fantastik rəqəmdir.

Xəyal Rza: Prezident təqaüdçüsü olmaq çoxlarına bioqrafiyasına yazılmaq üçün lazımdır.

Əsəd Cahangir: Sizin fikrinizcə, bu gün Azərbaycanda sözün ciddi mənasında 20 nəfərdən artıq istedadlı gənc var?

Xəyal Rza: Bu bir az ağır söhbət oldu. Belə çıxır ki, təqaüd alan gənclərin əksəriyyəti istedadsızdır?

Əsəd Cahangir: Sən məsələni çox radikallaşdırdın. Biz qabiliyyət, bacarıq və istedadı qarışdırırıq. İstedad çox böyük sözdür, onu ucdantutma hamıya aid etmək olmaz. Ola bilər ki, qabiliyyət, bacarıq ən müxtəlif səbəblərdən istedad həddinə gəlib çatmasın. Və bu mənada nəniki 20, hətta 5 nəfər gəncin adını çəkmək üçün fikrə getməli olursan. Mən bunu demək istəyirdim.

Qılman İman: Əsassız iddialar da elə burdan başlayır. İnsan layiq olduğundan artıq qiymətləndiriləndə çaşır və çaşqınlıq yaradır.

Sevinc Mürvətqızı: Gənclərimizin iddiaları ilə imkanları, ədəbi potensialları uyğun gəlmədiyinə görə problem yaşayırlar. Nobel mükafatından dəm vuranlar nəinki Nobel laureatının əsərini, heç «Poçt qutusu»nu da axıra qədər oxumayıblar. İddia dağ boyda, potensial zərrə qədər…

Emin Piri: Əgər iddia yoxdursa, insan nəinki ədəbiyyatda, həyatda da heç nə edə bilməz. Şekspir yazmaq istəyən oğlundan soruşub ki, nə üçün yazırsan? Deyib ki, Şekspir olmaq istəyirəm. Şekspir qayıdıb ki, mən allah olmaq istədim, Şekspir oldum, sən Şekspir olmaq iddianla hara gedib çıxa bilərsən? Böyük ədəbiyyat böyük iddialardan yaranır.

Əsəd Cahangir: Famil, sən ədəbiyyat tarixi ilə məşğulsan. Böyük ədəbiyyatın tarixi bu barədə nə deyir?

Famil Mədət: Bu, Şekspirlə bağlı bir rəvayətdir. Onu düzüb qoşanlar Şekspirin timsalında istedadın özünə daxili inamından danışıblar. Bu inamı özünü mənalar aləminin şahı adlandıran Nizamidə, şeirlərini sultanların ordusundan güclü sayan Füzulidə, kamil insanı Allaha bərabər sayan Nəsimidə də görürük. Və nəhayət, onlar öz yaradıcılıqları ilə bu inamlarını təsdiq də ediblər.

Qılman İman: Bir də ki özünə inam bir şey, bu inamın kobud, açıq-saçıq, tərbiyəsiz, ən başlıcası isə əsassız iddia şəklində üzə çıxması isə başqa şeydir.

Əsəd Cahangir: Bu gün bir neqativ meyl müşahidə olunur. Bəzi şair və yazıçılar təqaüd məsələsi ortaya çıxandan sonra öz övladlarını süni surətdə yazar elədilər.

Emin Piri: Amma bu süni surətdə məsələsini birmənalı olaraq hamıya aid etmək olmaz. Misal üçün, mənim də atam şairdir. Mən də AYB üzvü olub təqaüd almışam. Amma bu, o demək deyil ki, məni atam şair eləyib.

Əsəd Cahangir: Mən bunu hamıya aid etmirəm, elə ona görə də bəziləri dedim. İkincisi, övladın atadan öyrənməsi bir şey, atanın övladın əvəzindən yazması isə başqa şeydir. Ata oğulun əvəzindən nə qədər yaza bilər? Yazıların arxası gəlmir. Onda həmin psevdo gənc yazar mətbuatda, fasebookda, çayxanada, harda gəldi orda ona-buna tikanlı atmacalar atmaqla özünü gündəmdə saxlamağa çalışır. Və sanki bununla da yaza bilməməsinin intiqamını alır.

Famil Mədət: Əsəd müəllimin də, Eminin də fikirləri ilə razıyam. Amma məncə, onlar məsələyə hərəsi bir tərəfdən yanaşır. Ola bilər ki, ata övladını zorən yazıçı eləsin. Bu mənada Əsəd müəllimlə razıyam. Amma ola da bilər ki, yazıçı övladı özü doğrudan da istedadlı olsun. Bu mənada Emin haqlıdır. Ata və oğul Dümaları yada salaq. Yaxud Anar müəllimin də valideynləri şairdir. Konkret olaraq, özümdən danışım. Mənim atam Fərhad müəllim də ədəbiyyatşünasdır. Amma bu, mənim ədəbiyyatçı olmaq arzuma qarşı fakta çevrilməməlidir.

Əsəd Cahangir: Sən, əslində, mən deyəni təsdiq edirsən. Çünki nə Düma öz oğlunun əvəzindən “Kameliyalı qadın”nı, nə də Rəsul Rza Anarın əvəzindən “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni yazıb. Yəqin ki, atan, tanınmış ədəbiyyatşünas Fərhad müəllim də sənin əvəzindən Cavidə həsr etdiyin monoqrafiyanı yazmayıb. Yeri gəlmişkən, səncə, Cavid təqaüd xatirinə öz oğlu Ərtoğrulun əvəzindən yazıb onu şair elan edərdi?

Famil Mədət: Cavid romantik ideallar şairi, vicdanın etalonu idi. Xəyalı buludları dolaşan şairin gözünə pul görünərdi? Bir də ki, Ərtoğrulun buna ehtiyacı yox idi. Onun bəstəkarlıq istedadı hətta Üzeyir Hacıbəyovun da diqqətini cəlb eləmişdi. Təəssüf ki, erkən ölüm bu istedadın parlamasına imkan vermədi.

Qılman İman: Mənim də atam şair olub. Odur ki, öz payıma danışmaq istəyirəm. Hələ 2006-cı ildə sənədlərimi Yazıçılar Birliyinə üzv olmaq üçün vermişdim. Dörd ildən sonra - 2010-cu ildə bu təşkilata üzv oldum. Elçin Hüseynbəyli də, Rəşad Məcid də sağ olsunlar, bir çox gənc ədiblər kimi mənim də üzvlüyə namizədliyimi məqsədəuyğun hesab etdilər. Prezident təqaüdünə düşməyim də məndən xəbərsiz olub. Mən bunun üçün heç kimdən heç nə xahiş eləməmişəm. Atamın isə bu işlərdə ümumən rolu ola bilməzdi, çünki o hələ mənim on yaşım olanda dünyasını dəyişib. Övladını süni surətdə yazıçı, şair eləməyə gəlincə, bilərəkdən ki, övladın yerinə atası yazır, özünün istedadı yoxdur, belələrinə şərait yaratmaq olmaz. Mirzə Fətəlinin sözü olmasın, kamal ata kürkü deyil ki, irs ilə övlada yetişə.

Əsəd Cahangir: Vay ondan ki atanın oğluna verməyə sadəcə kürkü ola, amma kamalı olmaya!

Xəyal Rza: Mən məsələyə daha praktik yanaşmağın tərəfdarıyam. Misal üçün, Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, yaxud digər tanınmış şairlər yaradıcılığa təzə başalayanda kim nə bilirdi ki, bir müddət keçəndən sonra onlar klassiklərə çevriləcəklər? Hər şeyi həll eləyən zamandı. Kiminsə atası yazır, qoy yazsın. Qiyməti verən xalqdı. İnandırım sizi, təqaüddən ötrü gələn də ələnib çıxacaq, atası yazan da, atasına yazdıran da…

Elşad Ərşadoğlu: Mən də Xəyalın fikri ilə razıyam ki, kim yazır qoy yazsın. Atası yazdı, özü yazdı fərqi yoxdur, əsas odur ki, nəsə yazırlar, cinayətlə, hansısa zərərli vərdişlə məşğul olmurlar. Heç kəsə qadağan eləmək olmaz ki, yazma. Ədəbiyyat hamı yerləşəsi qədər böyükdür, orda heç kəs heç kəsin yerini tutmur.

Əsəd Cahangir: Mən sizin hər ikinizdəki praktisizm və liberalizmə heyrət edirəm.

Emin Piri: Məncə, əsası ədəbiyyat naminə ortaya mətn qoymaqdır! Mənim nəyimə lazımdır ki, kim yazıb? Əgər şair oğlunun əsəri kənddən gələn hər hansı bir müəllifin yazdığından yaxşıdırsa, mən burda şair oğlunu dəstəkləyirəm. Bir də Nizami də, Füzuli də təqaüd alıblar. Təqaüd almaqda pis nə var ki?

Famil Mədət: Füzuliyə Sultan Süleyman ildə 9 axça təqaüd kəsmişdi, amma rüşvətxor məmurların ucbatından onu ala bilməmişdi. Nizami isə öz halal haqqının mükafatını almışdı. Heç kəs onun əvəzindən dastanlar bağlamırdı.

Qılman İman: Məncə, ortalıqda mətnin olması da atanın övladın əvəzindən yazmasına bəraət qazandırmır. Ədəbiyyat başqa şeydir, dədəbiyyat başqa şey.

Əsəd Cahangir: Müsaidənizlə başqa mövzuya keçmək istəyirəm. Bu gün gənc yazarların bir çox etik-mənəvi problemləri çox qabarıq görünür. Əsassız şöhrət iddiaları, qədirbilməzlik, söz gəzdirmək, böhtançılıq, özündən müştəbehlik, paxıllıq… Hərdən fikirləşirəm ki, bəlkə bu, onların yaş dövrüylə bağlıdır.

Qılman İman: Üçə layiq olmayan adamı qaldırıb on beş eləyəndə onun gözü ayağının altını görməməlidir.

Əsəd Cahangir: Kim qaldırır onları, səncə?

Qılman İman: Hamı.

Əsəd Cahangir: Səncə, o hamının içində mən də varam?

Qılman İman: Hamının içində hamı var. Amma mən bilirəm ki, şəxsən siz başqalarından fərqli olaraq bunu heç bir diplomatik niyyətlə yox, sevginizin çoxluğundan edirsiniz.

Əsəd Cahangir: Lətifəsi eşidənlər və oxuyanlardan uzaq olsun, İsa əleyhissəlam deyir ki, ölmüş itin üfunətli bədəninə yox, mirvari kimi ağappaq dişlərinə baxın. Yəni hər şeydə neqativi yox, pozitivi axtarın. Zülmətdə işıq axtarmaq da mənim kredomdur. İndi kim bundan necə nəticə çıxaracaq, artıq onun öz problemidir.

Qılman İman: Amma onlar bunu həm də hamının – sənin, mənim, bizim problemimizə çevirirlər.

Əsəd Cahangir: Sizdən əvvəlki Gənc Ədiblər Məktəbinin əksər üzvlərinə mükafatlar, təqaüdlər verildi, ən yüksək səviyyədə müsahibə, çıxış və məruzələrdə adları hallandı. Sonra bunların bir qrupu heç bir ciddi səbəb olmadan özəl bəyənatlar verərək Yazıçılar Birliyini tərk etdi. Mən qədirbilməzlik deyəndə yalnız bunu nəzərdə tutmuram, amma həm də bunu deyirəm. Belə məlum oldu ki, hamısı olmasa da, bəziləri Yazıçılar Birliynə məhz təqaüd almaq üçün daxil olublarmış, aldılar və çıxdılar. Bu cür tacir psixologiyası hara, yazıçılıq hara?

Qılman İman: Bir daha təkrar etmək istəyirəm ki, Yazıçılar Birliyindən gedənlər onlara qoyulan yüksək münasibətə layiq deyildilər. Əsl həqiqət budur.

Emin Piri: Bəlkə konkret danışasan.
Qılman İman: Mən konkret danışmıramsa, onda sən danış. İlanı Seyid Əhməd əliylə tutmaq istəyirsən. Onların içərisində «Fatı otur, Fatı dur» prinsipiylə yazanlar da vardı.

(Ardı BURADA)


Teqlər:  





Xəbər lenti