“Mina məsələsində QHT və diaspor təşkilatları da aktiv olmalıdır”
Bunu Azvision.az –a açıqlamasında Azərbaycan Yəhudi Media Mərkəzinin direktoru Nəsimi Əbilov deyib. O qeyd edib ki, müharibə bitəndən sonra Azərbaycan mina təhlükəsi ilə üz-üzə qalıb.
Nəsimi Əbilov vurğulayıb ki, erməni hərbi-siyasi rəhbərliyinin bu cür davranışı qeyri-humanist, insanlıq əleyhinə cinayət sayılır:
“Düşünürəm ki, Ermənistana beynəlxalq ictimaiyyət ciddi təpki göstərməli, gələcəkdə yeni insan itkilərinin baş verməsinin, dinc sakinlərin mina partlaması səbəbindən əlil qalmalarının qarşısı alınmalıdır. Adı üstündə olan insan haqları təşkilatları var ki, 44 günlük müharibə zamanı atmadığımız qadağan olunmuş mərmilərə görə haray-həşir salmışdılar, guya dini abidələri, dinc sakinlər yaşayan əraziləri vurmağımızı iddia etmişdilər. İndi ortada belə bir böyük fakt var, insanlıq əleyhinə atılan addımlar var, məğlub tərəf mina xəritəsini təqdim etmir. Amma heç kim bunu qeyri-humanist addım kimi dəyərləndirmir, İrəvana təzyiq göstərmir”.
Müsahibimiz onu da deyib ki, mina xəritələri ilə bağlı kampaniyaların aparılmasında yalnız aidiyyəti dövlət qurumları deyil, vətəndaş institutu, QHT və diaspor təşkilatları da aktivlik göstərməlidir:
“Mən özüm müəyyən vasitələrlə, əlaqə və imkanlarımdan istifadə edərək İsrail, ABŞ və digər ölkələrdəki dostlarımıza, həmkarlarımıza ən azından məlumat xarakterli informasiyalar çatdıracağam. Onların yerli mediada bu istiqamətdə edəcəyi çağırışları qarşı tərəfin bəlkə də ciddi qınaq obyektinə çevrilməsinə şərait yarada bilər”.
Tural Tağıyev
Azvision.az
Teqlər: Mina Ermənistan Xəritə