Kreml Dehli ilə İslamabad arasında balans yarada biləcəkmi?

  07 Aprel 2021    Oxunub : 1139
Kreml Dehli ilə İslamabad arasında balans yarada biləcəkmi?
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu həftə həm Hindistana, həm də Pakistana səfər edib.
Moskva Hindistanla əlaqələrə əhəmiyyət verir. Hər iki tərəf bunu strateji əlaqələr kimi dəyərləndirir. Lavrovun Hindistana səfəri zamanı iki ölkə arasında hərbi əməkdaşlığın inkişafı məsələləri də müzakirə edilib. Rusiya ənənəvi olaraq Hindistanın əsas silah tədarükçüsü sayılır.

Lavrov hindistanlı həmkarı Subramaniam Cayşankarla birgə mətbuat konfransında Rusiyanın Hindistana satacağı hərbi avadanlıqlara toxunub. Hindistan Rusiyadan hərbi helikopterlər alacaq. “Hərbi-texniki əməkdaşlığın inkişafına dair qətiyyətimizi təsdiqlədik” – deyən Lavrov hökumətlərarası komissiyanın fəaliyyətini davam etdirdiyini bildirib. Bundan başqa Lavrov Hindistan ərazisində Rusiya hərbi texnikasının əlavə istehsalı perspektivləri müzakirə olunduğunu da vurğulayıb. Söhbət Hindistanda Rusiyanın qırıcı təyyarələrinin və raketlərin hazırlanmasından gedir. İki ölkə arasında ən böyük sövdələşmə isə Hindistanın Rusiyadan almaq istədiyi S-400 raket sistemləridir. Halbuki, bu sövdələşmə Vaşinqtonda narahatlıq doğurur və ABŞ əlindən gələni edir ki, Dehli Moskvadan S-400 raketlərini almasın.

Rusiya-Hindistan strateji əlaqələrinə Çin də təsir edir. Çin-Hindistan münasibətləri illərdir gərgindir. Rusiya isə ikisi arasında strateji seçim etmək istəmir, hər iki ölkə ilə əlaqələrini genişləndirməyə çalışır. Ancaq bu siyasətin çətinlikləri var. Sergey Lavrov “Hindustan Times” qəzetinin əməkdaşının sualına cavab olaraq deyib ki, Moskva Çinlə Hindistan arasında dialoqun tərəfdarıdır. Lavrov Dehliyə xoş gəlsin deyə başqa açıqlama da verib: “Rusiya-Çin münasibətləri hərbi ittifaqın yaradılmasını nəzərdə tutmur”.

Buna baxmayaraq, Sergey Lavrovun Hindistandan sonra Pakistana iki günlük səfərə getməsi Dehlidə müəyyən suallar doğurub. Məsələ burasındadır ki, Hindistanın Pakistanla münasibətlərində də gərginlik var.

Sergey Lavrov sonuncu dəfə Pakistana 9 il əvvəl – 2012-ci ildə səfər edib. Bu səfərə baxmayaraq, Moskva Pakistanla Ukrayna arasında hərbi əməkdaşlıqdan narahatdır. Pakistanın baş qərargah rəisinin bu ayın sonunda Ukraynaya səfəri planlaşdırılır. İki ölkə arasında hərbi texnikanın birgə istehsalı da nəzərdə tutulur.

Beləliklə, Moskva bir-biri ilə gərgin münasibətləri olan dövlətlərlə sıx əlaqələrə çalışır. Çin, Hindistan və Pakistan Rusiya ilə əlaqələri genişləndirməyə hazırdılar. Ancaq adı çəkilən dövlətlər Rusiya ilə rəqib olan dövlətlərlə də əməkdaşlıqdan imtina etmək istəmirlər.

Hazırladı: “Atlas” Araşdırmalar Mərkəzi

Teqlər: Lavrov   Moskva   Hindistan