“Caspian News” Şuşaya “İsgəndər” atılmasından yazdı

“Caspian News” Şuşaya “İsgəndər” atılmasından yazdı
  07 Aprel 2021    Oxunub:2499
“Caspian News” xəbər portalında “Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə etməsi yeni faktlarla təsdiqlənib” sərlövhəli məqalə dərc edilib.
Azvision.az xəbər verir ki, məqalədə 2020-ci ildə baş vermiş 44 günlük Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə etməsinin regional və beynəlxalq media qurumlarının diqqət mərkəzində olduğu vurğulanır.

Yazıda bildirilir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan davamlı minatəmizləmə əməliyyatları nəticəsində Azərbaycanın Qarabağ bölgəsindəki Şuşa şəhəri ətrafında iki partlamış raketin qalıqları tapılıb və martın 15-də tapılmış həmin raket qalıqlarının Rusiya istehsalı olan “İsgəndər” raketləri olduğu təsdiqlənib. Həmin raket qalıqları agentliyin nümayəndələri tərəfindən keçən həftə paytaxt Bakıda nümayiş etdirilib ki, bu da Azərbaycana qarşı böyük dağıdıcı gücə malik raketin istifadə olunması ilə bağlı bir sıra suallar doğurub.

“İsgəndər” raketlərinin xüsusiyyətləri barədə ətraflı məlumat verilən məqalədə qeyd olunur ki, “İsgəndər” raketi çoxsaylı döyüş sursatları, o cümlədən döyüş başlığı, gücləndirilmiş partlayış başlığı və anti-radar missiyaları üçün nəzərdə tutulmuş elektromaqnit cihazı, eləcə də nüvə başlıqları ilə təchiz edilə bilən raket növüdür. “İsgəndər” raket sistemi iki variantda istehsal olunur: “İsgəndər-M” və İsgəndər-E”. “İsgəndər-M” raket növü Rusiya hərbçilərinin istifadəsi üçün, “İsgəndər-E” isə ixrac üçün nəzərdə tutulub. İxrac üçün nəzərdə tutulan “İsgəndər-E” raketi maksimum 280 kilometr, ballistik raket kompleksi – “İsgəndər-M” isə 500 kilometr radiusa malikdir.

Məqalədə, həmçinin qeyd olunur ki, “İsgəndər” raketinin Azərbaycanın Şuşa şəhəri istiqamətinə buraxılması ilə bağlı ətraflı məlumat təqdim edən məhz Ermənistanın keçmiş baş qərargah rəisi Onik Qasparyan olub. Ermənistanın keçmiş baş qərargah rəisi Onik Qasparyanın “Forbes” jurnalına verdiyi müsahibəyə istinad edilən məqalədə deyilir: ““İsgəndər” raketindən istifadə etməyimə yalnız Şuşa şəhərində icazə verildi və mən də istifadə etdim. Bu, bizə müəyyən üstünlüklər verdi və biz bir neçə tankı şəhərə gətirməyi bacara bildik. Baş nazir Nikol Paşinyan isə beynəlxalq ictimaiyyətin sərt qınağından qorxaraq raketin istifadə edilməsini qadağan etmişdi”.

Azvision.az


Teqlər: Qarabağ   Azərbaycan  





Xəbər lenti