“Rusiya “İsgəndər” məsələsinə aydınlıq gətirməlidir” - Politoloq

 “Rusiya “İsgəndər” məsələsinə aydınlıq gətirməlidir” -  Politoloq
  07 Aprel 2021    Oxunub:2158
İkinci Qarabağ müharibəsi dövründə Şuşa şəhərinə iki “İsgəndər” raketinin atıldığı təsdiqlənsə də, Ermənistan tərəfindən bu günədək qadağan olunmuş dağıdıcı qırğın silahından istifadə ilə bağlı tutarlı açıqlama gəlməyib.
Həmin raketləri İrəvana vermiş Rusiyadan da siyasi qalmaqala çevrilmiş məsələyə dair hələ ki, normal bir reaksiya verilməyib. Çünki qalıqları tapılan raket “İskəndər”in “M” növünə aiddir. “M”-lər isə yalnız Rusiya ordusunun arsenalında olub, ixrac üçün nəzərdə tutulmayıb.

Rusiyanın məsələyə rəsmi şəkildə münasibət bildirməməsi, yalnız media vasitəsilə mövzunun nəzarətə götürülməsi və araşdırma başlanması barədə məlumatların getməsi Azərbaycan ictimaiyyətinin narahatlığını aradan qaldırmayıb. Hər kəs Rusiyanın Müdafiə Nazirliyi, XİN, bu ölkənin Azərbaycandakı səfirliyinin "İsgəndər" müəmmasına dərhal aydınlıq gətirməsini gözləyir.

Son günlərin əsas müzakirə mövzusuna çevrilən raket qalmaqalını Azvision.az –a şərh edən politoloq Fikrət Sadıxov bildirib ki, ümumilikdə növündən asılı olmayaraq “İsgəndər” kimi təhlükəli raketin Azərbaycan ərazisinə, Şuşa şəhərinə atılması qınanmalıdır. Politoloq hesab edir ki, bu olay Rusiya ilə sıx bağlı olduğundan Moskva “İsgəndər”in Ermənistana niyə və hansı məqsədlə verilməsini izah etməlidir.



“Ermənistanı “İsgəndər” raket kompleksləri ilə təmin edən ölkə Rusiyadır. Yəni İrəvana raketlərin müttəfiqi tərəfindən verildiyi bəlli idi. Bu gün haqqında söz açdığımız təhlükəli raketdən istifadə ilə bağlı ciddi araşdırmalar aparılmalıdır. Yalnız belə ciddi araşdırmalardan sonra üzə çıxmalıdır ki, raketlər Ermənistana rəsmi qaydada təhvil verilib, yoxsa onlar “İsgəndər”i gizli şəkildə əldə ediblər. Əgər proseslər qeyri-rəsmi baş tutubsa, İrəvan Şuşaya atılmış “İsgəndər”ləri gizli yollarla əldə edibsə, o da üzə çıxarılmalıdır ki, raketlər kim tərəfindən, hansı formada Ermənistana göndərilib.

Hazırda siyasi qalmaqala çevrilmiş raket olayı ilə bağlı bir sıra aydınlıq gətirilməsi vacib olan suallar var. Artıq bu araşdırmanın nəticəsi onu göstərəcək ki, bizim Rusiyaya qarşı yaranmış müəyyən iradlarımız nələrdən ibarət olmalıdır. Düzdür, Moskvada da rusların özləri raket məsələsi ilə bağlı araşdırmalar aparırlar. Amma düşünmürəm ki, araşdırmalarının nəticələri rəsmi Moskvanın maraqlarına zidd olsun. Əslində hazırkı reallıq ondan ibarətdir ki, Rusiya tərəfindən bizə konkret, şəffaf bir cavab verilməlidir. Biz zatən Ermənistandan nəinki normal, ümumiyyətlə hansısa cavab gözləmirik. Çünki aydın məsələdir ki, Ermənistan işğalçı dövlət kimi bütün dünyada ad çıxarıb. Amma Rusiya bizim sual və müəyyən iradlarımıza konkret və hərtərəfli cavab verməlidir. Qısası, Moskvadan rəsmi qaydada normal şərh gəlsə, bundan sonra biz artıq bəzi cavab addımları haqqında düşünə və müəyyən qərarlar çıxara bilərik”.

Politoloq Ermənistan kimi təhlükəli ölkəyə raket verilməsinin gələcəkdə hansı ağır nəticələrə gətirib çıxara biləcəyinə də münasibət bildirib. Təkcə bir şəhərə - Şuşaya iki “İsgəndər” raketi atan erməni hərbi-siyasi rəhbərliyi müharibə zamanı istənilən sayda kütləvi qırğın silahından istifadə edə biləcəyini göstərdi. Ona görə də, İkinci Qarabağ müharibəsində Azərbaycana qarşı “İsgəndər”lərdən istifadə edilməsi ruslar üçün də bir siqnal sayılmalıdır:

“İstənilən halda Şuşaya atılmış raketlərlə bağlı məsələ Rusiya üçün dərs olmayacaq. Çünki Moskva Ermənistanı ona görə dəstəkləmir ki, rusların ermənilərə böyük sevgiləri var. Söhbət hansısa mənəvi yaxınlıqdan getmir. Məsələ siyasi maraqlardadır. Rusiya Ermənistanı plasdarm, bir meydança kimi müxtəlif məqsədləri üçün istifadə edir. Amma şimal qonşumuz gərək düşünsün ki, onların Azərbaycanla əlaqələri strateji partnyorluq münasibəti səviyyəsindədirsə, onda gərək buna qiymət verilsin, xalqımızın maraqlarına zidd bir addım atılmasın”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Politoloq   İsgəndər   Rusiya   İrəvan   Şuşa  





Xəbər lenti