“Hər iki dozanı vurduranlar arasında ölüm halı yoxdur” - Həkim

 “Hər iki dozanı vurduranlar arasında ölüm halı yoxdur” -  Həkim
  07 Aprel 2021    Oxunub:2087
COVID-19 əleyhinə vaksinasiyasının pandemiya ilə mübarizədə müstəsna əhəmiyyəti var. Peyvənd olunmaq vacibdir, çünki ölümdən qoyurur.

Bunu Azvision.az -a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev deyib.
O bildirib ki, Azərbaycanda hər iki doz vaksini qəbul edib, iki həftə keçən və immunitet formalaşan insanlar arasında yoluxub, həyatını dəyişənlər yoxdur.

“Demək ki, vaksin ölümdən qoruyur. 2019-cu ilin dekabrında meydana çıxan koronavirusun yeni növünə qarşı qarşı mübarizədə əhalinin 60-70 faizinin vaksinasiyası lazımdır ki, kütləvi immunitet yaransın. Lakin mutasiyalardan sonra bir çox mütəxəssislər əhalinin təqribən 80 faizinin vaksinasiya olunmasının vacib olduğunu qeyd edir”.

Ölkəmizə gətirilən yeni peyvəndlərin təhlükəsizliyi, effektivliyi barədə danışan həkim-radioloq bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı və müvafiq ciddi statusu olan təşkilatların bütün mərhələlərdən keçmiş peyvəndlərlə bağlı rəyi varsa, həmin vaksindən istifadə etmək olar.

“Yeni vaksinlərdən çəkinmək lazım deyil. Onlar barədə ÜST tərəfindən rəy verilibsə, istifadə etmək olar. Biz hamımız sərt karantinin olmamasını istəyirik, bunun əleyhənik. Çünki insanlarda ciddi psixoloji, nevroloji problemlər yaranır. Vaksin olunmasaq, qaydalara əməl etməsək, yoluxma sayı 4-5 minə çıxanda nə etməliyik? O zaman dövləti qınamalıyıq ki, sərt karantin olmasın? Əgər yoluxma sayı həddindən artıq çox olarsa, sərt karantin qaçılmaz ola bilər. Buna da gətirib çıxarmamaq üçün üzərimizə düşəni etməliyik. Vaksinlənməliyik və qaydalara əməl etməliyik. Vaksin olunduqdan sonra antitel az və ya çox əmələ gələ bilər, amma vacib nüans vaksinin ölümdən qorumasıdır”.

A.Əliyev vurğulayıb ki, insanlar peyvənd olunmasa, pandemiya uzun müddət davam edəcək:

“Beləliklə, karantin rejimində yaşamağa məcbur olacağıq. Karantinin tam yumşalmasını, maska taxmamağı, tam rahat yaşamağı istəyiriksə, əhali peyvəndləmədən keçməlidir. Müvafiq strukturlar tərəfindən peyvəndləmə ilə ciddi maarifləndirici tədbirlər görülməli, video-roliklər çəkilməlidir.

Bu gün 900 min civarında ölkə əhalisi vaksinasiya olunub. 3 aydır vaksinasiya davam edir. Lakin biz kütləvi immunitetin yaranmasını istəyiriksə, vaksinasiya prosesi sürətli aparılmalı və daha çox insan peyvəndə cəlb olunmalıdır. Çünki proses uzandıqca birinci etapda peyvənd olunanlara 6-7 ay sonra yenidən vaksin vurulmaq məcburiyyətində qalınacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Vaksin   Koronavirus  





Xəbər lenti