Türkiyəli general: “Mina xəritələrinin verilməməsi terror fəaliyyətinin davamıdır” - EKSKLÜZİV

  Türkiyəli general:  “Mina xəritələrinin verilməməsi terror fəaliyyətinin davamıdır” -  EKSKLÜZİV
  06 Aprel 2021    Oxunub:7132
Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməməsi müharibə cinayətidir.
Bunu Azvision.az -a eksklüziv açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin sabiq hərbi attaşesi, general Yücel Karauz deyib.

O bildirib ki, 90-cı illərin əvvəllərindən Azərbaycan ərazilərini işğal edən Ermənistan 30 il müddətində həmin torpaqlarda misilsiz dağıntılar törədib, Vətən müharibəsində dinc yaşayış yerlərinə raket hücumları nəticəsində mülki insanları qətlə yetirib. Minalanmış ərazilərin xəritələrinin verilməməsi də bu terror fəaliyyətinin davamıdır. Məqsəd daha çox insanın həyatını itirməsi, azad edilmiş torpaqlarda bərpa işlərinin çətinləşdirilməsidir.

General əlavə edib ki, müharibənin də öz qanunları mövcuddur, heç kim savaş zamanı hüquqi normalardan kənara çıxa bilməz.

“Ermənistan öz davranışı ilə 1949-cu il Cenevrə konvensiyası, eyni zamanda piyadalar əleyhinə minaların qadağan olunmasına dair Ottava konvensiyasına qarşı çıxır. Bu konvensiyaya əsasən, dövlətlər 10 il ərzində piyadalar əleyhinə bütün minaları təsirsiz hala gətirməlidir".

Generalın fikrincə, Ermənistanın hərəkətləri müharibə cinayətləridir:

"Ermənistan minalı əraziləri işarələməyib, xəritələri verməyib. Azərbaycan dövləti bu problemi ATƏT, BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar qarşısında qaldırmaqla yanaşı, Ermənistana təzyiqlər edilməlidir. Çünki 10 noyabr razılaşmasından sonra bir çox mülki azərbaycanlı və hərbçilər minaya düşərək həyatlarını itirib. Azərbaycan Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq məhkəməyə müraciət etmək hüququna malikdir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Mina   Yücel-Karaüz  





Xəbər lenti