Azərbaycan bu idman növündə ilk medalını qazandı

  04 Aprel 2021    Oxunub : 1960
Azərbaycan bu idman növündə ilk medalını qazandı
Bu gün Misirin paytaxtı Qahirədə keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyində ikinci yarış gününə yekun vurulub.
Azərbaycan Qılıncoynatma Federasiyasından Azvision.az -a verilən məlumata görə, sablya üzrə milli komandamızın üzvü Zərifə Hüseynova ilk dəfə qatıldığı dünya birinciliyində yeniyetmələr arasında bürünc medal qazanıb.

Qrup mərhələsini 4 qələbə ilə başa vuran Zərifə 1/16 finalda Misir təmsilçisi Adel Eldokşu (15:8), ardınca özbəkistanlı sablyaçı Jasmina Abdullayevanı (15:11) məğlub edib. Yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə Koreya Respublikası qılıncoynadanı Li Yunseo üzərində 15:6 hesablı inamlı qələbə qazanan Zərifə dünyanın ən güclü 4 yeniyetmə sablyaçı sırasına yüksəlməklə turnirin bürünc medalını təmin edib.

Zərifə Hüseynova finalın bir addımlığında dünya birinciliyinin qalibi, ABŞ sablyaçısı Maqda Skarbonkieviczə 9:15 hesabı ilə uduzub.

Bu, Azərbaycanın qılıncoynatma tarixində yeniyetmələrin dünya birinciliyində qazanılan ilk medaldır.

Xatırladaq ki, daha öncə şpaqaçımız Ruslan Həsənov 2019-cu ildə Polşanın Torun şəhərində keçirilən gənclərin dünya birinciliyində bürünc medal qazanıb.

Azvision.az

Teqlər: Yarış   Medal