“Tağı Əhmədovun ağladığını gördüm” – Jurnalistlər

“Tağı Əhmədovun ağladığını gördüm” – Jurnalistlər
  27 Fevral 2014    Oxunub:2086
Bu gün prezident İlham Əliyevin sərəncamı ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.Ölkə başçısı Zaur Mir Tofiq oğlu Hüseynovu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edib. Bakı Metropoliteninin rəisi Tağı Əhmədov tutduğu vəzifədən azad edilib.

Daim jurnalistlərlə münasibətində seçilən Tağı Əhmədovun işdən çıxarılması bəs görəsən media nümayəndələri tərəfindən necə qarşılandı? AzVision.az bununla bağlı jurnalistlər arasında sorğu keçirib:

“Tağı Əhmədov ictimaiyyətə açıq insan olub”

“Qafqazinfo” xəbər portalının redaktoru Elnur Məmmədli: “Münasibətim normaldır və bu gözlənilən idi. Əslində çox gecikmiş bir addımdır. Düşünürəm ki, normal halda hər hansı bir şəxs 5 ildən çox eyni vəzifədə qalmamalıdır. Amma ədalət naminə onu da demək lazımdır ki, Bakıda ən normal işləyən nəqliyyat sistemi məhz metrodur. Digər tərəfdən mediaya qarşı bütün kobudluqlarına rəğmən Tağı Əhmədov ictimaiyyətə açıq insan olub. Düşünürəm ki, onun ən müsbət tərəflərindən biri bu idi. Onunla bağlı yayılan vidoalara baxanda da görünür ki, məhz yersiz suallar olanda aqressiya göstərir”.

“Əəə, bir-bir..., nə dızıldayırsan..., sürüş, yıxıl, öl...”

“Virtualaz.org” saytının şef-redaktoru Famil Cəfərli: "Mətbuat Tağı müəllimin işdən vaxtsız getməyindən çox şey itirdi. Koloritli adam idi. Əəə, bir-bir..., nə dızıldayırsan..., sürüş, yıxıl, öl..." kimi məşhur atalar sözlərinin, bayatı, holavar və el nəğmələrinin müəllifi olan şair təbli, incə qəlbli Tağı Əhmədovun həsrəti biz jurnalistləri hələ çox yandırıb-yaxacaq. Gözümüz dolacaq. Kisəmizdən getdi. Adamın hər sözü rəsmən tiraj idi. Biz jurnalistlərin çörəyi də jetondan yox, tirajdan çıxır. Şəxsən mən onun xiffətini çəkəcəm.Hər dəfə "Qapılar bağlanır..." sözünü eşidəndə gözümü bağlayıb Tağı müəllim haqda düşünəcəm. Onun sayəsində tuneldə qaldığımız anların həsrətini çəkəcəm. Təzə gələn rəis nə qədər bacarıqlı olsa da Tağı müəllimin yerini verməyəcək...”

“Tağı Əhmədovun getməsinə sevindim”

“Üç nöqtə” qəzetinin redaktoru Elməddin Muradlı: “Mən buna çox sevindim. Ən azından jurnalistlərlə kobud rəftar edən bir məmur olmayacaq daha. İnsanlara yuxarıdan aşağı baxan, yerin altı mənimdir deyənin vəzifədən getməsi sevindirdi məni. Etikası zəif olan məmurlara qarşı allergiyam var. Xüsusən də, mediaya qarşı”.

“Tağı Əhmədovun göz yaşı tökdüyünü görmüşəm”

“Milli.az”-ın baş redaktorunun müavini Anar Məmmədov: “Hamı Tağı Əhmədovun işdən çıxarılmasına sevinir, bir-birinə xəbər verir, sanki nə isə dəyiçşəcəyi ümidindədir. Buna umidim azdır. Amma mənim Tağı Əhmədova həmişə hörmətim olub, çünki o jurnalistə hörmət edib. Bəli, hörmət etdiyi üçün kobudlayıb, bəzən təhqir edib. Əgər jurnalistə hörmət etməsəydi, ona mənasız sual verən, jurnalist peşəsini gözdən salanan adamlara susmaqla cavab verərdi. Amma o jurnalist peşəsini hörmətdən salan jurnalistləri həmişə kobudlayıb. Çünki mən Tağı Əhmədovun efirdə jurnalistin sualına dözməyib göz yaşı tökdüyünü görmüşəm....”

“Təəccüblənməklə yanaşı, güldüm”

Publika.az saytının redaktoru Əziz Əlibəyli: “Gözlənilməz anda gələn xəbər kimi qarşıladım. Çox az hallarda elə xəbərlər olur ki, adamı təəccübləndirsin. Bu xəbər məni təəccübləndirməklə yanaşı güldürə də bildi. Tağı müəllimin yerinə sevindim.Ən azından bundan sonra ədəbiyyata daha "Sadiq" ola bilmək üçün şansı olacaq”.

“Belə xəbərlər "göydəndüşmə" olur”

“Bakupost.az” saytının əməkdaşı Fərəh Sabirqızı: “Jurnalistlər üçün həmişə belə xəbərlər "göydəndüşmə" olur. İstefa xəbərini eşidən kimi ənənəvi sxem işə düşür - işdən çıxarılan məmuru axtaırsan, yeni təyin olunan haqda məlumat toplayırsan. Amma maraqlıdır ki, neçə gündür "Bakupost"un redaksiyasında məhz Tağı Əhmədovun istefaya göndəriləcəyi haqda fikirlər səslənirdi. İntuisiyamız özünü doğrultdu”.

“Tağı müəllimin getməsini normal qarşıladım”

Jurnalist Əli Zülfüqaroğlu: “Məncə Tağı müəllimin vəzifədən getməsini normal qarşılamaq lazımdır. Uzun illər idi ki, metropolitenin rəisi vəzifəsində çalışırdı. Amma, metropolitendə dəyişiklik lazımdır. Bu səbəbdən də sərəncamı müsbət dəyərləndirirəm. Ümid edirik ki, bundan sonra Azərbaycanın metropoliteni yüksək stantardlara uyğunlaçşdırılacaq”.

“Tağı Əhmədov baltanı kökündən vururdu"

"Mediaforum.az" saytının müxbiri İmdad Əlizadə: “Mən Tağı Əhmədovdan tez tez açıqlamalar alırdım. Hər dəfə də maraqlı danışırdı. Mətbuat, xüsusən qəzetlər geniş verirdi. Sonra köşələr yazırdılar, mövzu edirdilər. Hər dəfə də açıqlama alanda deyirdi ki, sənə açıqlama verirəm, sonra da başım ağrıyır. Amma, yenə soruş görüm nə deyirsən? Mən isə sualı verirdim. Qısa danışırdı, amma baltanı kökündən vururdu. Sonra necə oldusa, kim nə dedisə Tağı müəllim daha suallarıma cavab vermədi. Mən ondan nə soruşsam mənə belə deyirdi: "Özün nətəhərsən", "İşlərin nətəhər gedir", "Metro xoşuna gəlir" və sair. Bir də deyirdi ki, tuneldəyəm”.

Mirvari Nəcəf



Teqlər:  





Xəbər lenti