“Ever Given” olayı: Ölkəmizin iştirak etdiyi dəhlizin əhəmiyyəti daha da artır

  “Ever Given” olayı:  Ölkəmizin iştirak etdiyi dəhlizin əhəmiyyəti daha da artır
  29 Mart 2021    Oxunub:1522
Aralıq dənizi və Qırmızı dənizi bir-birinə bağlayan Süveyş kanalında baş verən gəmi qəzasından sonra kanalın qismən bərpası mümkün olsa da, hələ dəhliz tam gücü ilə çalışmır.
Azvision.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, ilkin qiymətləndirmələrə görə, kanalın bir həftəlik bağlanması dünya iqtisadiyyatı üçün 10 milyard dollaradək xərc yaradır:

"Dəniz nəqliyyatının bağlanması Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) nəqlini də çətinləşdirdi. Süveyş kanalında baş verən son qəza neft bazarında ilk gün 5 faizə yaxın qiymət artımına səbəb olsa da, təchizat ilə bağlı investorların narahatçılıqları son günlər xeyli səngiyib və bu da “qara qızılın” birjalarda satışının bu gün 2 faizlik azalma ilə başlamasına səbəb olub. Göründüyü kimi, fundamental səbəblər olmadan neftin qiyməti hələlik 70 dollarlıq psixoloji həddi keçib və intervalda stabilləşməsi real görsənmir".

V.Bayramovun fikrincə, Süveyş kanalında baş verən gəmi qəzası ölkəmizin aktiv iştirak etdiyi Şimal-Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyətini daha da artıracaq.

"Qeyd edək ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi şimaldan yüklərin Azərbaycan üzərindən Hindistana qədər daşınmasına imkan yaradacaq. Azərbaycan həm investisiya, həm də infrasturuktur baxımından layihənin reallaşmasına dəstək verir. Layihənin genişlənməsi Azərbaycan üçün beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından da vacibdir. Beləliklə, Süveyş kanalında baş verən qəza dünya üçün beynəlxalq nəqliyyat dəhlizləri baxımdan yeni reallıqları gündəmə gətirdi".

Azvision.az


Teqlər: Süveyş   Kanal   Gəmi  





Xəbər lenti