“Manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq” - Deputat

   “Manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq” -    Deputat
  24 Mart 2021    Oxunub:3316
Qlobal valyuta bazarında dolların məzənnəsinin möhkəmlənməsi müşahidə olunur. Avro dollara nisbətən dəyər itirməkdədir. Bir müddət əvvəl 1 avro almaq üçün 1.20 dollar ödəmək lazım idisə, indi məzənnə 1.18-dək azalıb. Bugünkü birja nəticələrində dollar, demək olar, bütün səbət valyutalara nisbətən möhkəmlənib.
Azvision.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

O bildirib ki, Türkiyə lirəsindən sonra şimal qonşumuzda milli valyuta dollar qarşısında dəyərsizləşib. Belə ki, 1 həftə öncə 1 dollar üçün 72 rubl ödəmək lazım idisə, indi bu rəqəm 76 rubladək dəyişib:

"Dolların səbət valyutalara nisbətən dəyər qazanması Birləşmiş Ştatlarda yeni fiskal stimullaşdırma paketi hazırlaması və Federal Ehtiyatlar Sisteminin (FES) monetar siyasəti normallaşdırmaq cəhdləri ilə bağlıdır. Bu arada Fitch agentliyi ABŞ üçün 2021-ci ildə iqtisadi artım proqnozunu 4.5 faizdən 6.2 faizədək yüksəldib. Bununla yanaşı, bir sıra ölkələrdə o cümlədən Rusiya və Türkiyədə milli valyutaların ABŞ puluna nisbətən ucuzlaşmasının yerli spesifik səbəbləri də var".

Deputat, həmçinin vurğulayıb ki, Azərbaycanda valyuta bazarında Mərkəzi Bankın intervensiyası hələ də həlledici olaraq qalmaqdadır: "Bu baxımdan qlobal valyuta bazarındakı dəyişikliklər fonunda manatın məzənnəsinin necə dəyişməsi yenə də Mərkəzi Bankın mövqeyindən asılı olacaq".

Azvision.az


Teqlər: Manat   Dollar  





Xəbər lenti