“Sarkisyan qadının qarnını yarıb, üzükləri çıxardı” – Erməni şahidin dedikəri

“Sarkisyan qadının qarnını yarıb, üzükləri çıxardı” – Erməni şahidin dedikəri
  26 Fevral 2014    Oxunub:3413
Cəlaləddin Qasımov
Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü, yazıçı-publisist, polis mayoru

Mən 2010-cu ildə Gürcüstanın paytaxtı Tiflis şəhərində olarkən vaxtilə Qarabağ müharibəsinin iştirakçısı olmuş bir erməni (Ermənistan vətəndaşı) ilə təsadüfən görüşdüm. Həmin erməni ilə uzun çəkən söhbətim elə alındı ki, o, mənə şahidi olduğu bir neçə fakt açıqladı. Onu da bildirim ki, mən həmin faktların bəziləri haqda “27 ildən sonra” (Bakı, “Nurlan”, 2013) adlı kitabımda yer almış “Silinməyən ləkə” romanımda bəhs etmişəm. Aşağıda həmin faktların bəzilərini nəzərinizə çatdırıram və bildirmək istəyirəm ki, bir bədii əsərdə yer alsa da bunlar heç bir bədiilik qatılmamış faktlardır.

* * *

“Fevralın 25-də axşam saat 23:00 radələrində rus hərbi birləşmələrinə məxsus 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı. 50-dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutdular.

1-ci əsas zərbəni mayor Seyran Ohanyan (2-ci batalyon) vurdu. Onlar dərhal mayor Yevgeni Labovçixin rəhbərlik etdiyi 3-cü batalyonu Ballıca kəndində yerləşdirdilər. Çanaxçı kəndində yerləşdirilmiş batalyonun vəzifəsi isə arxa mövqeləri qorumaq idi.

366-cı alayın bütün texnikası Xocalı şəhərini uzaqdan güclü atəşə tutduqdan sonra 3 istiqamətdən hücuma keçdilər.

Əhali dağılırdı... Hərə bir yana qaçaraq köməksiz vəziy­yətdə qalmışdı. Qarqar çayı istiqamətində, « Donuzçuluq ferması » deyilən yerdə dinc əhaliyə qarşı əsl qırğın başladı. Xocalıdan çıxarkən gecə saat 4 radələrində Xocalıdakı bir neçə postdan düşmənə müqavimət göstərilərək atəş səsi gəlirdi...»

“Keçmiş döyüşçü” olan erməni Xocalıda əsir düşmüş vətəndaşlarımızdan biri olan Məmməd Nağıyevin söylədiklərini danışırdı: «Ermənilər bizi aldadaraq deyirdilər ki, kim əsirlikdən qurtarmaq, yaxud dəyişilmək istəyirsə, bizimlə gəlsin. Bu minvalla azərbaycanlı əsirləri bir-bir aparırdılar. Sonradan öyrəndik ki, onları ölən erməni əsgərlərinin qəbri üstə apararaq başlarını kəsirlərmiş.

Bir gün də bir erməni əsirlər saxlanılan yerə gələrək 13 nəfəri seçib apardı və dedi ki, meşədə mənim qohumumu öldürüblər. Bir erməniyə görə 13 türk, monqol, azərini öldürəcəm. Sonra məlum oldu ki, dediyi kimi də etmiş - apardığı əsirlərin başını kəsmişdi».

Ermənilərin sözlərinə görə, Yaşar adında bir əsir deyirmiş ki, onu çox döyürmüşlər. Orda ayrıca işgəncə otağı var idi, hətta sobanı yandıraraq əsirlərin əllərini ona basırdılar...

Ermənilər içəri girərək qadınlara sataşırdılar. Ermənistandan qaçqın düşərək Xocalıda məskunlaşan Məmməd adlı bir kişinin oğlu Söhbət ermənilərin bu hərəkətinə qarşı çıxdı. Ermənilər hamının gözü qarşısında Söhbətin başını kəsərək futbol topu kimi bir-birlərinə ötürürdülər. Ermənilərin bu hərəkətinə etiraz edən atası Məmməd kişinin də başını kəsdilər.

Əsirlərin başı üstündən avtomatdan atəş açırdılar. Güllələr divara dəyərək oradakı daş parçalarını qızdırırdı. Qızmış daş hissələri də bir yandan əsirlərin üstünə düşürdü... Əsirlər imdad istəyirdilər, Allaha yalvarırdılar. Ermənilər də divarlara durmadan atəşi davam etdirirdilər. Əsirlərin fəryadı, yalvarması ermənilərə xoş gəlirdi. Hətta divardan güllə şığıyaraq əsirlərə dəyirdi. Onlar da bundan ləzzət alırdılar».

* * *
...Samvellə çox söhbətləşdik. Öz sözlərimlə təsdiq edirəm ki, o, mənə çox şeylərdən bəhs etdi. Başlatdıqları müharibənin «qaydalarını» yaxşı bilirdi...

O deyirdi: “Zori Balayanın, Arkadi Qukasyanın, İrəvandan gəlmiş erməni generallarının, 366-cı alayın komandiri Zerquqarovun görüşünü, onların nə barədə danışdıqlarını bilir. Zerquqarov həmin görüşdə Zori Balayana deyib ki, sovet hökuməti yoxdur, sovet ordusu yoxdur, 366-cı alay mənim öz şəxsi ordumdu. Pulumu verin, Xocalını azərbaycanlılardan təmizləyim. İstəyirsiniz, lap xırda silahlardan tutmuş ta tanklara, vertolyotlara qədər bütün döyüş texnikasını, hətta şəxsi heyəti sizə verim”.

Və deyilən kimi də olub!

“25 fevral, 1992-ci ildə isə 366-cı alay Xocalını hər tərəfdən mühasirəyə aldı. Şəhərin müdafiəsinə qalxan dörd dəstənin hər birində demək olar ki, silahların yarısı adi ov silahı idi... Amma 366-cı ordunun bütün artilleriya qurğuları, «Alazan» tipli raketləri və minomyotları var idi.

...Bəlli olduğu kimi, Qarabağ müharibəsinin ideoloqlarından biri, hadisələrin iştirakçısı, ermənilərin ən çox sevdiyi yazıçı Zori Balayan “Ruhumuzun canlanması” adlı kitab nəşr etdirib. Balayan “Ruhumuzun canlanması”nda ermənilərin Xocalıda törətdiyi soyqırımı haqqında yazır:

“Xocalını ələ keçirdiyimiz zaman bir evə girdik. Xaçatur adında bir əsgərimiz 13 yaşlı bir türk (Azərbaycan-C.Q.) uşağını pəncərəyə mismarladı. Türk uşağı çox səs-küy salırdı. Xaçatura dedim ki, onun səsini kəs. Xaçatur isə anasının döşünü kəsib balasının ağzına tıxadı. Mən ixtisasca həkim olduğum üçün üstümdə olan tibb bıçağı ilə uşağın başının, sinəsinin, qarnının dərisini soydum. Saata baxdım. 13 yaşlı uşaq 7 dəqiqədən sonra öldü. Ruhum sevinclə qürrələndi. Xaçaturla mən uşağın meyitini hissə-hissə doğradıq, tikələri itlərə atdıq və eyni şeyi daha üç türk uşağına qarşı etdik.

Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bildim ki, hər bir erməni bizim etdiklərimizlə fəxr edəcək”.

Bu “İttihamnamə” ilə tanış olan hörmətli xanımlar və cənablar! Zori Balayan terrorçudur, canidir və öz əməllərini özü etiraf edir! Bu sualı haqqı tanıyan hər kəsə ünvanlayıram: beynəlxalq aləm nədən buna fikir vermir? Nədən ötən əsrdə faşist Almaniyasında, sonra Bosniya, Serbiya və başqa yerlərdə insanlara qarşı amansız qətllər həyata keçirən və ya təşkilatçılıq edənlər kimi o da mühakimə olunmur? Bu “həkim-yazıçı” hər iki peşənin estetikasına, fəlsəfəsinə qarşı çıxaraq, öz ixtisasına, sənətinə üzqaralığı gətirərək Qarabağda dinc əhaliyə qarşı nə qədər terror əməliyyatı həyata keçirib...

...Azərbaycan dövləti İnterpol vasitəsilə Zori Balayanı terrorçu kimi axtarışa verib. Ermənilər bu işə siyasi don ge­yin­di­rə­rək hamını inandırdılar ki, bu, “siyasi terror”dur... Və Zo­ri Balayanı buraxdırdılar.

...İşgəncələri öz kitabında qeyd edən bir terrorçuya başqa daha nə qədər dəlil-sübut lazımdır?!

* * *

Samvel mənimlə Tiflisdəki söhbətində daha dəhşətli bir faktı da açıqlayaraq bildirdi ki, Ermənistanın hazırkı prezidenti Serj Sərkisyan Xocalı soyqırımında şəxsən amansız qətllər törədib. O, bir hadisənin canlı şahidi olduğunu söylədi: “Soyqırımın üçüncü günü meşədə ermənilər Xocalıdan qaçsa da getməyə yer tapmayan bir neçə azərbaycanlıya rast gəlirdi. Qoca, qadın, uşaq olan bu dəstədə artıq son nəfəsini yaşayanlar, donub qalanlar və yaralılar var idi. Onlar bizi görən kimi yalvardılar ki, bizi öldürməyin. Biz də dedik ki, zinət əşyalarınızı, pullarınızı bəri verin, sizə dəyməyək. Qadınlardan biri dedi, nəyimiz var, sizin olsun. Biz isə dedik ki, burda olanlar onsuz da bizimdir. Xocalıda nə gizlətmisiniz deyin, aparaq oradakı varidatı verin, sizi oradan Ağdama yola salacağıq. Balayan aralıdan olanları izləyirdi. Əsirlər dedilər ki, nə var bunlardır, orda heç nəyimiz qalmayıb. Zinət əşyaları, bank kartları, rus pasportları - nələri varsa, yığıb verdilər. Biz kənara çəkildik ki, aralıdan hamısını güllələyək, canımız qurtarsın. Bu vaxt Sərkisyan yaxınlaşdı ki, guya yoxladınızmı hamısını, bax, o qadının qulağında yeri qalıb sırğaların, yəqin udub. Göstəriş verdi ki, əllərini tutun. Biz qadının əllərini tutduq, müqavimət göstərmədi, gücü qalmamışdı. Özü qadının qarnını yardı, əlini salıb sırğaları və üzüyü çıxardı. Sonra avtomatı götürüb əsirləri güllələdi.

Onun əynində kürk var idi. O qədər arıq idi ki, hərbi buşlatın yaxalığı onun çiyinlərinə keçirdi. Gözlərində eynək var idi. Başını bəlkə də illər idi ki, qırxdırmamışdı, qara, uzun saçı var idi.

Əlinin qanını üstünə silib «bəri verin topladıqlarınızı» dedi. Sonra yığdıqlarımızı maşınına qoyub uzaqlaşdı. Yadımdadır, avtomobilinin nömrəsi NK 0001 idi”.

...Samvel deyirdi : “Biz Xocalının işğalı gününü “Sumqayıt hadisələri”nin ildönümünə salmışdıq. Hazırlıq görürdük. Bizimlə də görüşdülər, məsləhət aldılar ki, 366-cı alaydan nə qədər hərbi texnika, canlı qüvvə alaq. Əsgəran polisi Xocalıya yaxşı bələd idi. Biz tərəfdən mən idim, batalyon komandiri Vitali Balasyan, yanğınsöndürmə xidmətinin rəisi Karo Petrosyan idi. Polislərdən isə rəis Mavrik Qukasyan, Arkadi Qakasyan, Saqen Barseqyan, Karlen Aqasenyan, Karen Babayan və Manvel Sayan o görüşdə idi.

Fikrimizi öyrənmək üçün bizimlə danışığa gələnlər isə Qarabağın o vaxtkı liderlərindən Arkadi Qukasyan və 366-cı alayın bölük komandiri, sonralar isə hərbi hissə komandirinin müavini olmuş Seyran Ohanyan idi.

Belə qərara gəldilər ki, 366-cı alayın bütün texnikası və şəxsi heyəti, ermənilərin Qarabağdakı bütün hərbi və quldur dəstələri döyüşməlidir.

Bir neçə gündən sonra Arkadi Qukasyan bizi toplayaraq bildirdi ki, 366-cı alayın bütün şəxsi heyəti və texnikası ilə razılaşdıq. Amma bu, bizə çox baha başa gəldi. Əmr belə verilmişdi: evlərdən, meyitlərin üstündən çıxan pulun-qızılın hamısı bir yerə toplanmalıdır. Döyüş planı da alayın qərargahında hazırlanacaqdı. Hücum “Sumqayıt hadisələri”nin ildönümü günü başlanacaqdı...

Bizə - Əsgəran polisinin batalyonuna tapşırıq belə oldu ki, Əsgəran dəstəsinin yarısı yüksəkliklərdə mövqe tutaraq Xocalı sakinləri koridorla çıxan zaman atəş açmalı, bir adamı da sağ buraxmamalıdır.

366-cı alayın təyyarələri camaatın yerini onlara bildirəcəkdi ki, onlar hansı istiqamətdə hərəkət etsinlər. Onlar öz postlarını Əsgəran, Naxçıvanik, Qarqar çayı, Şelli, Qaraqaya istiqamətində yerləşdirməyi qərarlaşdırdılar və mənimlə də razılaşdırıldı ki, Xocalı 366-cı alayın bütün texnikasından, o cümlədən ağır texnikadan dayanmadan atəş altında saxlanılsın. Şəhərin altını-üstünə çevirsinlər. Sonra isə şəhərə hava limanı istiqamətində dörd tərəfdən girsinlər. Biz 366-cı alayın qərargahında olanda onlar bildirdilər ki, artıq alayın komandiri ilə son olaraq görüşüblər, daha elə bir problem qalmayıb”.

* * *

Qeyd edim ki, bu müdhiş hadisələr bəzi erməni döyüşçülərindin psixikasından da yan keçməyib. Belə ki, Xocalı soyqırımında iştirak edən əsgərlərin 5-i psixoloji xəstəliyə tutulub, biri isə özünü asaraq intihar edib...

Yenə Samvelin dediklərini əlavə edirəm:
“İşğaldan iki ay sonra tərəfimizdən araşdırıldı ki, psixoloji xəstəliyə tutulan xəstələrin hamısı Xocalının işğalında iştirak edən erməni əsgərləri olub. Onlar işğaldan sonra Xocalıdakı evlərin zirzəmisindən meyitləri yığaraq yandırmaq və basdırmaqla məşğul olan əsgərlər imiş. Onlar verilən göstərişlərə əməl edərək bəzi əsirləri diri-diri yandırdıqları zaman özləri də ciddi psixoloji sarsıntı keçiriblər”.

Samvelin dediyinə görə, o, həmin əsgərlərin beşini şəxsən də tanıyır­mış. Samveldən soruşdum ki, insanları harada yandırmısınız, harada basdırmısınız. Söylədi ki, şəhərdən kənarda - hava limanından təxminən 400-500 metr aralıda, bir də ki, “Fin evləri” deyilən yerdən bir az aralıda basdırmışıq.

O həmçinin danışdı ki, ekskavatorla çuxurlar qazılmışdı, meyitləri oraya ataraq yandırır, sonra da üstünü torpaqla örtürdülər. Hətta Xocalı şəhərinin yaxınlığında üç elə yer tanıdığını dedi.

Samvel Babayan onu da əlavə etdi ki, lazım gələrsə, beynəlxalq ekspertlər bu gün də gəlib qazıntı aparsalar, Xocalıdan 1200 metrlik məsafədə öz gözləri ilə hər şeyi görə bilərlər. Əgər bu, ekspertlərə və beynəlxalq aləmə maraqlı olsaydı, Avropa Şurası və başqa təşkilatlar insan hüquqları üzrə araşdırma aparsaydı, bu hadisə barədə çox məlumat əldə edə bilərdi.

Zori Balayanın başqa bir həmkarı, livanli erməni yazıçı isə belə yazır (“Xaç naminə” kitabında son dərəcə soyuqqanlıqla yazır, öz xalqinin terrorist oldugunu öz kitabında göstərib):

“O şaxtalı qış günlərində biz yaxınlıqdakı metrlərlə dərinliyi olan bataqlığı keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən meyitlərin üzərindən keçib getmək istəmirdim. Onda polkovnik-leytenant Ohanyan mənə işarə etdi ki, qorxmayım, bu, müharibənin qanunlarından biridir. Mən 9-11 yaşlarındakı qan içində olan qızın sinəsi üstünə çıxdım və yeriməyə başladım. Mənim çəkmələrim və şalvarım qan içində idi. Və beləliklə, mən təxminən 1000-dən çox meyitin üstündən keçdim”.

Həmin kitabın 62-63-cü səhifələrində müəllif yazır: “Mart ayının 2-də “Qaflan” adlı erməni qrupu (meyitlərin yandırılması ilə məşğul idi) türklərin təxminən 2 minə qədər meyitini yığdı və onları ayrı-ayrı yığınlarla Xocalıdan bir neçə kilometr qərbdə yandırdı. Sonuncu yük maşınında 10 yaşlarında boynundan və əlindən yaralanan bir qız uşağı mənim nəzərimi cəlb etdi. Diqqətlə baxdığımda onun asta-asta nəfəs aldığını gördüm. Şaxtaya, çılpaqlığına və aldığı yaraların çoxluğuna baxmayaraq uşaq hələ də yaşayırdı. Mən o uşagın ölümlə mübarizə aparan gözlərini heç vaxt unutmayacağam.

Sonra əsgərlərdən Tiqranyan adlı birisi onu qulağından tutaraq mazutlanmış leş yığınına tərəf sürüdü və daha sonra onları yandırdılar. Mən orda kiminsə kömək istəyərək çığırdığını eşitdim. Daha yeriyə bilmirdim. Ancaq mən bütün müqəddəslər tərəfindən lənətlənmiş türklərdən Şuşanı azad etmək istəyirdim. Ona görə də mən qayıtdım. Onlar isə özlərinin “Xaç naminə” yürüşlərini davam etdirdilər”.

* * *

Beləliklə, 366-cı alayın bütün gücündən istifadə edərək dinc əhaliyə qarşı divan tutulmuşdu.
Bəlli olduğu, şahid ifadələri ilə və rəsmi orqanlar tərəfindən təsdiqini tapdığı kimi, Xocalı qurbanları ilə bağlı məlumatları belədir:

613 nəfər öldürülüb;
Onlardan 63 nəfəri azyaşlı uşaq olub;
106 qadın işgəncə ilə öldürülüb;
8 ailənin bütövlüklə məhv edilməsi faktı qeydə alınıb;
1273 nəfər girov götürülüb;
150 nəfərdən isə bu günə qədər də xəbər yoxdur;
Ermənilər satmaq məqsədilə girovların daxili orqanlarını çıxarıb, özlərini isə yandırıblar.

* * *

129 nəfərdən ibarət zabit heyətli 366-cı alayın komandiri Zerquqarov Yuri Yuryeviç olub. Ştat üzrə sıravi əsgərlərin sayı 1800 nəfər olan, alayda (1992-ci ilin yanvar ayında) 630 rus əsgəri qalıbmış. 580 erməni əsgəri də burada yerləşdirilmisdi. Öz cinayətlərini ört-basdır etməyə tələsən 366-cı alayın komandiri və yüksək rütbəli zabit heyəti fevralın 28-də hərbi texnikanı Dağlıq Qarabağdan çıxarmaq əmrini alıb. Texnikanın böyük bir hissəsi erməni mayoru (o vaxtkı rütbəsi ilə desək) Seyran Ohanyanın tabeçiliyinə verilərək Xankəndində saxlanılıb...

Martın 2-də axşam saatlarında 523 nəfərdən ibarət şəxsi heyəti Gürcüstanda yerləşən Vaziyanın hərbi bazasına aparıblar. Martın 10-da isə marşal Şapoşnikovun əmri ilə 366-cı alay ləğv edilib.

O dövrdə, xüsusən də 26 fevral, 1992-ci ildə 366-cı alayın bir neçə əsgəri verilən əmrlərə qarşı çıxaraq Azərbaycan tərəfinə keçmişdi. Hətta azərbaycanlı mərhum jurnalist Cingiz Mustafayev onlardan müsahibə də almışdı. Azərbaycan prokurorluğu onları dindirmiş və alayın bütün şəxsi heyətinin və hərbi texnikasının Xocalı soyqırımında iştirak etdiyi sübuta yeti­rilmişdi. Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan Heydər Əliyev 1 mart, 1994-cü ildə bu haqda xüsusi fərman vermiş, 26 fevral “Xocalı soyqırımı - milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdi. İndi hər il fevralın 26-sı Azərbaycan Respublikasında Xocalı soyqırım günü kimi qeyd olunur.


Teqlər:  





Xəbər lenti