Novruz bayramında necə qidalanaq?

Novruz bayramında necə qidalanaq?
  20 Mart 2021    Oxunub:2056
Novruz süfrəsini bol çeşidli yeməklərsiz, şirniyyatlarsız təsəvvür etmək mümkün deyil. Ona görə də bayram ərəfəsində qidalanmaya xüsusi diqqət edilməlidir. Bayram günlərində qidalanmada yol verilən bəzi səhvlər ciddi fəsadlara səbəb ola bilər.
Azvision.az xəbər verir ki, Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Qida təhlükəsizliyi şöbəsinin mütəxəssisləri Aynur Həsənova və Xədicə Doldolovanın hazırladıqları məqalədə bu barədə bəhs olunur.

24 aptekin personalı işdən çıxarıldı
Bayram günlərində ilk növbədə qidalanmanın optimal rejiminə əməl etmək lazımdır. Belə ki, gün ərzində 2-3 saatdan bir müəyyən miqdarda qida qəbul etmək məsləhətdir. Bu, toxluğa səbəb olaraq normadan artıq qida qəbulunun da qarşısını alır. Həmçinin yeməklərin və digər qidaların istifadəsi balanslaşdırılmalıdır. Qidaların qarışdırılmaması və müəyyən həddin gözlənilməsi vacib şərtdir. Həddindən artıq yemək mədə-bağırsaq sistemi üçün problemlər yaradır.

Bayramda zülal, yağ, karbohidrat və lif tərkibli qidaların balanslı şəkildə istehlakına diqqət etmək lazımdır. Xüsusilə də bişmiş qidaların həzmini asanlaşdıran təzə tərəvəz salatlarına üstünlük verilməlidir. Tərəvəzlər lif və sellüloza ilə zəngin olduğu üçün aclığı dəf edir və qidanın həzm olunmasını asanlaşdırır. Tərkibində çoxlu miqdarda zülal olan qidaları seçərkən yalnız bir növ zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. İstehlak olunan qidanın miqdarı da vacib amildir. Mütəxəssislər bir yemək saatında üçdən artıq çeşiddə yeməyin istehlakını tövsiyə etmirlər. Bu zaman onların hər biri 2 xörək qaşığından artıq olmamalıdır.

Zəif həzm olunan karbohidratlarla zəngin qidaları (kartof və lobya əlavə edilmiş yeməklər, çörək, xəmir məhsulları və sair) ayrıca istehlak etmək lazımdır. Həmçinin bayram süfrəsində qızardılmış məhsullara yox, sobada bişirilmiş balıq və digər ət növlərinə üstünlük verilməlidir. Belə emal üsulu həm yaxşı dad əldə etməyə, həm də ət məhsullarında olan qiymətli qidalı maddələrin saxlanmasına imkan verir. Yaxşı olar ki, balıq yeməkləri hazırlandıqdan sonra tez bir zamanda istehlak edilsin.

Yüksək qidalılıq dəyərinə malik məhsullardan olan mayonezdən yeməklərin, salatların hazırlanmasında geniş istifadə olunur. Mütəxəssislər mayonezi qatıqdan hazırlanmış sous, xama, kefirlə əvəz etməyi məsləhət görürlər. Ev şəraitində hazırlanmış mayonezdən də istifadə tövsiyə olunur. Mayonezli məhsulların keyfiyyətinə təsir göstərən əsas amil onların düzgün şəraitdə saxlanılmasıdır.

Mayenin düzgün qəbul edilməsi də sağlam qidalanmanın vacib şərtlərindəndir. Xüsusən də su orqanizm üçün müstəsna əhəmiyyətə malikdir. Mütəmadi olaraq suyun qəbulu lazım olduğundan artıq yeməyin qarşısını alır. Qeyd edək ki, yemək vaxtı və yeməkdən dərhal sonra su içmək məsləhət görülmür. Suyun qida istehlakından 30 dəqiqə əvvəl ilıq halda içilməsi faydalıdır.

Düzgün qidalanmanın vacib şərtlərindən biri asta-asta yeməkdir. Çünki doyma siqnalı beyinə 20 dəqiqə ərzində çatır. Asta-asta qidalanma qısa müddətdə doyma hissinin yaranmasına səbəb olur ki, bu da həddindən artıq yeməyin qarşısını alır.

Xörəklərin ardınca yüksək kalorili şirniyyatların yeyilməsi orqanizmdə ciddi fəsadlara səbəb ola bilər. Novruz təamlarından olan şəkərbura, paxlava və digər şirniyyatlar tərkibindəki karbohidrat, yağ və şəkərə görə yüksək kaloriyə malik qidalardır. Unutmayın ki, həmin şirniyyatlarla bərabər təzə meyvələrin və çərəzlərin istehlakı gündəlik kalori qəbulunu artırır. Bu da artıq çəkinin yaranmasına və piylənməyə aparıb çıxarır. Belə ki, qlükoza qan dövranına daxil olur və fizioloji proseslərin həyata keçirilməsi üçün istehlak olunur. Həddindən artıq qlükoza insulinin təsiri ilə qlikogen əmələ gətirir və bu da sonradan qaraciyərdə yağ toplanmasına səbəb olur.

Bayram ərəfəsində düzgün və balanslı səhər yeməyi də sağlam qidalanmanın əsas amillərindəndir. Faydalı səhər yeməyi bədənə gümrahlıq verir, həzm sisteminin funksiyasına müsbət təsir göstərir, tox saxlayır və əhval-ruhiyyəni yaxşılaşdırır. Bayram ərəfəsində düzgün və balanslı qidalanmaq qədər fiziki aktivliyi də yüksəltmək vacib və faydalıdır.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti