Tanınmış jurnalist prezidentə məktub yazdı

Tanınmış jurnalist prezidentə məktub yazdı
  25 Fevral 2014    Oxunub:1378
Azərbaycanın tanınmış jurnalisti Nicat Dağlar prezident İlham Əliyevə məktub yazıb.
AzVision.az-ın məlumatına görə, jurnalist müalicə olunmasında göstərdiyi köməyə görə ölkə başçısına minnətdarlığını bildirib:

-Hörmətli cənab Prezident!

Mənim dövlət hesabına müalicə olunmağımla bağlı ötən ilin iyul ayında verdiyiniz göstərişə görə Sizə öz minnətdarlığımı bildirirəm. Lakin hesab edirəm ki, Sizə nə qədər təşəkkür etsəm də, bu, yenə də azdır. Mən məhz Sizin məlum göstərişinizdən sonra Almaniyada qəbul etdiyim müalicənin nəticəsində öz ailəmin, övladlarımın yanına və ən nəhayət həyata qayıtmışam. Bu, Sizin tərəfinizdən atılmış böyüklük göstəricisi olan mərhəmət dolu addım idi. Siz mənə dost əlinizi uzatmısınız ki, bunu heç vaxt unutmaram.

Hörmətli cənab Prezident, özümə borc bilirəm ki, müalicənin gedişi barədə Sizə - bir jurnalistin həyatda qalması üçün gərəkli addımların atılması barədə göstəriş vermiş Azərbaycan Prezidentinə məlumat verim. Sizin göstərişiniz əsasında Almaniyanın Bad Vildungen şəhərində üç müayinə və müalicə kursundan keçmişəm. Fevral ayının ilk 10 gününü klinikada keçirmişəm və müayinələr göstərdi ki, qəbul etdiyim müalicə kursu müsbət nəticə verib, qanın bütün komponentləri normaya düşüb. Qarşıda müayinə və müalicə kursu da var ki, bu prosesi də uğurla başa vuracağıma inanıram. Göydə Allahına, yerdə Azərbaycan dövlətinə və onun Prezidentinə güvənən xəstənin sağalmaqdan başqa yolu yoxdur. Artıq ağır xəstəliyi yenmək üzrəyəm. İndi mən xəstəlik barədə deyil, yeni-yeni yazılar, mətbuatımızın inkişafına töhfə verəcək, dövlətçiliyə xidmət edəcək media layihələri barədə düşünürəm. Ailəmin, iki körpə balamın əhatəsində özümü çox xoşbəxt hiss edirəm. Bu məktubu da Sizin mənə bağışladığınız mənzildə yazıram. İnanın, hansı hislər keçirdiyimi sözlə ifadə etmək çətindir. Cəmi bir neçə ay öncə isə bütün bunlar mənim üçün əlçatmaz hesab olunurdu. Onda mənim həyatda qalacağım böyük sual altında idi və tamamilə köməksiz vəziyyətdə ömrümün sonunu gözləyirdim. Siz buna imkan vermədiniz. Sizin dəstəyiniz mənim ölmüş ümidlərimi diriltdi, sağalacağıma, yaşayacağıma əminlik yaratdı.

Hörmətli cənab Prezident, davamlı dəstəyinizə görə, bir daha Sizə təşəkkürümü bildirir, şəxsinizə, eləcə də ailənizin hər bir üzvünə cansağlığı və uzun ömür arzu edirəm. Allah Sizə həmişə yar olsun!


Teqlər:  





Xəbər lenti