Azərbaycan bir çox Avropa ölkələrini geridə qoydu

Azərbaycan bir çox Avropa ölkələrini geridə qoydu
  06 Mart 2021    Oxunub:4726
Dünyanın ən böyük beyin mərkəzlərindən biri olan İrs Fondu tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında Azərbaycan 6 pillə irəliləyərək 172 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Bu siyahıda ölkəmizdən 1 pillə öndə, yəni 37-ci yerdə Belçika və 1 pillə sonra İspaniya yer alır.
Bunu Azvision.az -a Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, praktik olaraq Azərbaycan Avropa birincisi olan bir çox ölkələrdən daha yaxşı mövqeyə malikdir.

"Ölkəmiz Polşa, Rumuniya, Sloveniya, Portuqaliya, Macarıstan, Slovakiya və digər bir sıra Avropa ölkələrindən öndədir. Azərbaycan azadlıq indeksinə görə ən yaxşı mövqeyə malik 40 ölkədən biridir.

İndeks hazırlanan zaman 4 istiqamət üzrə qiymətləndirmələr aparılıb. Onlar "qanunun aliliyi", "hökumətin ölçüsü", "tənzimlənmənin səmərəliliyi" və "bazarın açıqlığı"dır. Azərbaycan həm "qanunun aliliyi", həm də "hökumətin ölçüsü" kateqoriyasında olan 6 alt istiqamətin hər birində öz mövqeyini daha da yaxşılaşdırıb. Ölkəmizin "tənzimlənmənin səmərəliliyi", "monetar azadlıq" üzrə mövqeyində artımlar var. Azərbaycanın bu qiymətləndirmədə ən yüksək balı "fiskal sağlamlığ"a görədir. Belə ki, Azərbaycan mümkün 100 baldan 99,4 bal toplaya bilib. "Vergi sistemi"nə görə də Azərbaycan 88,1 bal toplayıb. Eyni zamanda "humanitar azadlıq" üzrə 73,2 bal, "biznes azadlığı uğrunda" 80-dən yüksək bal toplayıb. Əksər istiqamətlər üzrə Azərbaycan kifayət qədər yüksək bal toplayıb. Bu da praktik olaraq Azərbaycanın mövqeyinə təsir göstərir".



İqtisadçı deputat qeyd edib ki, hesabatda Azərbaycanın mövqeyinin yüksək olması ölkədə aparılan islahatlara beynəlxalq qiymət kimi xarakterizə olunmalıdır.

"Bu hesabat dünyada qəbul edilən hesabatlardandır. Bu indeks investorlar üçün vacibdir. Çünki burada həm vergi sistemi, həm fiskal, həm monetar, həm hüquq sistemi, investisiya və maliyyə üzrə qiymətləndirmələr var. Bu da investorların qərarlarına təsir göstərən faktorlardan biridir. Bu hesabat Azərbaycanda həyata keçirilən islahatların beynəlxalq təqdimatı baxımından vacib olmaqla yanaşı, Azərbaycana daha çox sərmayenin cəlb edilməsinə stimul yaradacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Azərbaycan   Azadlıqindeksi  





Xəbər lenti