Qatilin revanş arzusu: Koçaryandan təxribatçı açıqlamalar

 Qatilin revanş arzusu:  Koçaryandan təxribatçı açıqlamalar
  04 Mart 2021    Oxunub:3728
Ermənistanın keçmiş prezidenti, "Qarabağ klanının" liderlərindən olan Robert Koçaryan Rusiya KİV nümayəndələri üçün mətbuat konfransı keçirib.
O, mətbuat konfransında bir sıra təxribatçı fikirlər səsləndirib. Bunlardan biri da başa çatan Qarabağ münaqişəsi ilə bağlı olub. Qatil eks-prezident deyib ki, Qarabağda ədalətsiz sülh yeni müharibəyə gətirib çıxaracaq və o, buna misal çəkərək bildirib: “İkinci Dünya müharibəsi də ədalətsiz “Versal” sülhünün nəticəsi idi”.

Koçaryan fikrini belə davam edib ki, əgər tərəflərdən hansısa biri müharibənin nəticəsi ilə razılaşmırsa, deməli, yeni müharibəni gözləməlisən. Bu, əlverişli geopolitik şərtlər yarananda baş verəcək.

Koçaryan bu cür anormal açıqlaması ilə nə demək istəyir?

Məsələni Azvision.az -a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, qatil siyasətçinin bu fikirləri havadan formalaşmayıb:

“Birincisi, Ermənistanın müharibədə məğlubiyyəti Robert Koçaryanın “keçmiş şanlı tarixi” üzərindən yekə bir xətt çəkib və o, bunu həzm edə bilmir. Koçaryan gəncliyindən 2020-ci ilin sentyabrın 27-ə qədər nəyin uğrunda mübarizə aparmışdısa, Azərbaycan ordusu erməni qatilinin bütün bu "mübarizəsini" sıfırladı. O, qatillərlə birgə Şuşanı, Laçını, Kəlbəcəri və Dağlıq Qarabağ ətrafındakı digər rayonlarımızı ona görə işğal etmişdi ki, “təhlükəsizlik zolağı” yaratsın və Dağlıq Qarabağın “müstəqilliyinə” nail olsun. “Təhlükəsizlik zolağının” ömrü 26 il sürdü və ortadan qaldırıldı. “Müstəqillik” xülyası da puç oldu. Yəni Koçaryan nəyin uğrunda mübarizə aparmışdısa, savaşmışdısa, qətliamlar törətmişdisə - hamısı nəinki ermənilər üçün nəticəsiz qaldı, ermənilərin faciəsinə çevrildi. Ona görə də Koçaryan erməniləri yenidən "mübarizəyə" səsləməyə çalışır. Aydındır ki, ondan “mən gərək belə etməzdim, səhv etmişəm” açıqlamasını eşitməyəcəkdik”.



Politoloq ikinci məqam kimi vurğulayıb ki, Robert Koçaryanın 10 noyabr bəyanatını “Versal” sülh müqaviləsi ilə müqayisəsi uğursuz cəhddir. Bəli, Almaniya Birinci Dünya müharibəsinin nəticəsinə görə “Versal” sülh müqaviləsini imzalamağa məcbur idi və bu, Almaniyada revanşist əhval-ruhiyyənin artması, faşistlərin hakimiyyətə gəlməsi – İkinci Dünya müharibəsinin başlaması ilə nəticələndi. Koçaryanın müqayisəsi ona görə qüsurludur ki, Ermənistan Almaniya deyil, qonşu ölkənin əhalisi azalır, Azərbaycanın və Türkiyənin əhalisi isə artır:

“Ermənistan hansı insani və texniki potensialı ilə bizdən “intiqam” almağa çalışacaq? Koçaryanın “Versal”la bağlı paralellər aparması həm də o deməkdir ki, Ermənistanda da keçmişdə Almaniyada olduğu kimi faşistlər hakimiyyətə gəlib, Azərbaycana qarşı müharibəyə başlayacaq, qətliamlar törədəcək. Yenə də eyni sual gündəmə gəlir - Koçaryan Ermənistanda hakimiyyəti zəbt etsə belə, hansı güclə Azərbaycana qarşı savaşacaq? İndi 1990-cı illər deyil, Azərbaycan da tək deyil, Türkiyə kimi güclü ölkə ilə hərbi ittifaq qurulub. Biz azad etdiyimiz ərazilərimizi göz bəbəyimiz kimi qoruyacağıq, Türkiyə də torpaqların yenidən işğalına imkan verməyəcək.

Buna baxmayaraq, Ermənistanda indi və gələcəkdə Robert Koçaryan kimilərin var olduğunu və var olacağını nəzərə alaraq Azərbaycan öz ordusunu daima gücləndirməli, modern hərbi texnika alınmalı və Türkiyə ilə hərbi ittifaqı daha da gücləndirilməlidir. Yəni əlimiz hər zaman tətikdə olmalıdır!”

Tural Tağıyev
Azvision.az


Teqlər: Koçaryan   Faşist   Ermənistan   KİV   Politoloq   Qarabağ  





Xəbər lenti