Niderland nəşri Xocalı faciəsini soyqırım adlandırdı

  03 Mart 2021    Oxunub : 4177
 Niderland nəşri Xocalı faciəsini soyqırım adlandırdı
Niderlandın nüfuzlu nəşrlərindən olan “Franeker courant” qəzeti Xocalı faciəsini soyqırımı adlandırıb.
Azvision.az xəbər verir ki, qəzet və qəzetin eyni adlı saytında Xocalı soyqırımı ilə bağlı dərc olunan məqalədə erməni vəhşiliklərindən söz açılıb.

Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli və təşkilatın sədr müavini Ələkbər Həşimovun fikirləri əsasında hazırlanmış yazıda Niderland oxucuları üçün Xocalı soyqırımı haqqında genış məlumatlar əks olunub.

“Məzarlıqları belə minalamış düşmənlə üz-üzə qalmışıq” - Xocalının deputatı
Jurnalist məqalədə Xocalıda törədilənlərin soyqırımı və qara səhifə adlandırıb. Həmçinin vurğulanıb ki, Azərbaycan xalqı 29 il öncə-26 fevral 1992-ci il tarixində baş vermiş bu soyqırımını hər il yad edir, dövlət səviyyəsində xüsusi anım mərasimləri təşkil edilir. Qeyd olunub ki, Niderlandda yaşayan Azərbaycan icması Xocalı soyqırımının Hollandiyada da tanınmasını istəyir:

“Azərbaycan müharibə istəmir. Biz sülh tərəfdarıyıq, erməni xalqı ilə isə problemimiz yoxdur. Ermənilərin separatizmə son qoymasını və Xocalıda qırğınlar törədənlərin isə məhkəmə qarşısında cəzalanmasını tələb edirik ki, gələcəkdə bu cur soyqırımları baş verməsin”.

Məqalədə o da vurğulanıb ki, erməni separatçıları tarixi Azərbaycan ərazisi olan Qarabağı və onun ətrafında olan 7 rayonu işğal edərək 30 il əsarətdə saxlayıblar:

“Elxan Mirhəşimli işğaldan azad edilən Qubadlını, anadan olduğu və böyüyüb boya başa çatdığı öz ata ocağını görmək istəyir. Amma Elxanın evini ermənilər yandırıb, ərazi isə minalanıb. Buna görə, hələ də o evinə gedə bilmir. Erməni separatizmindən əziyyət çəkən və müharibədən qaçıb Hollandiyaya gələn azərbaycanlılar holland hökumətinə onları öz ölkəsində qəbul edib yardımlarını əsirgəmədikləri üçün təşəkkür edirlər”.

Yazıda həmçinin Azərbaycan mədəniyyəti, Novruz bayramı, mətbəximiz, Bakıda keçirilən “Formula 1” yarışı, ölkəmizin turizm potensialı, dağlarımızın Avstriya və İsveç, Alp dağlarına bənzərliyi qeyd edilib.

Niderland Azərbaycan Evinin Azərbaycanla Hollandiya arasında mədəni əlaqələrin qurulması, dostluq və əməkdaşlıq planlarının olduğu da bildirilib. Məqsəd iki xalqın mədəniyyətinin ölkələrimizdə yaxından tanıdılmasıdır. Məqalədə Azərbaycan xalqının çox qonaqpərvər, istiqanlı olduğu da xüsusi olaraq vurğulanıb.



Tural Tağıyev
Azvision.az

Teqlər: Xocalı   Niderland   Soyqırımı