“İndiki rejimdə xaricilər Qarabağa gedə bilməyəcək” - Sinanyan

 “İndiki rejimdə xaricilər Qarabağa gedə bilməyəcək” -  Sinanyan
  03 Mart 2021    Oxunub:2864
Ermənistan Rusiya ilə əcnəbilər üçün Dağlıq Qarabağ ərazisinə yeni buraxılış rejiminin təşkilini müzakirə edir.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Diaspor İşləri üzrə baş komissarı Zare Sinanyan “RİA Novosti”yə müsahibəsində bildirib.
Sinanyan bu məsələni Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşdə müzakirə etdiyini deyib.

"Rusiya və ya Ermənistan vətəndaşlığı olmayan insanlar bununla əlaqədar problemlər yaşamağa başlayıb. Nəhəng bir diasporumuz var, yayda Ermənistana gəlməyə öyrəşiblər, onlar Dağlıq Qarabağı ziyarət etməyi sevirlər. Qarşıdan gələn yayda çətin vəziyyət yarana bilər, bir çox insan Dağlıq Qarabağa getmək istədikdə hazırkı rejim səbəbindən bunu edə bilməyəcək”, - Sinanyan əlavə edib.

Onun sözlərinə görə, söhbət Xankəndi, Xocavənd, ermənilər olan digər ərazilər və Rusiya sülhməramlılarının nəzarətində olan bölgələrdən gedir.

"İndi yeni rejim belədir ki, Dağlıq Qarabağın Ermənistandakı "nümayəndəliyinə" səfərdən yeddi gün əvvəl ərizə təqdim edilməlidir, sonra siyahı rus sülhməramlılarına təhvil verilir, ardınca kimin gələ biləcəyinə və kimin gəlməyəcəyinə qərar verilir”, - Sinanyan deyib.

Ermənistan rəsmisi 2019-cu ildə, pandemiyadan əvvəl müxtəlif mənbələrə görə, 30-50 min xarici vətəndaşın Qarabağı ziyarət etdiyini söyləyib.

"İndi pandemiya hələ keçmədiyi və turizm mövsümü başlamadığı üçün müraciətlər azdır. Ancaq getmək istəyənlər var. Bizdə girişinə icazə verilməyən təşkilatların və şəxslərin siyahısı var", - Sinanyan əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti