Pomidor istixanalarında monitorinqlər davam edir

Pomidor istixanalarında monitorinqlər davam edir
  02 Mart 2021    Oxunub:2173
Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor məhsuluna tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") mütəxəssislərindən ibarət nümayəndə heyətləri arasında intensiv görüşlər davam etdirilir.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, həyata keçirilən birgə nəzarət tədbirləri çərçivəsində 25 fevral-1 mart tarixlərində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin əməkdaşlarının iştirakı ilə Xaçmaz rayonu, Ləcət kəndində yerləşən, “Şəms botanika” MMC, Xızı rayonu, Giləzi kəndində yerləşən, “Aqrostorm” MMC, Abşeron rayonu, Məmmədli kəndində yerləşən, “Eko group-2018” MMC, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən, “Yaşıl Ranço” MMC, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən, “Bəhrə-2010” MMC-də və Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən, Əliyev Məhərrəmə məxsus pomidor məhsulu yetişdirilən istixanalarda videomonitorinqlər keçirilib.

Videomonitorinqlər zamanı təsərrüfatların ümumi sahəsi, o cümlədən hazırda pomidor əkini altında olan sahə, yetişdirilən sort, gözlənilən istehsal, istixananın işıq və istilik rejimi, yerinə yetirilən bitki mühafizə tədbirləri barədə rusiyalı mütəxəssislərin sualları cavablandırılıb, eyni zamanda götürülmüş bitki və meyvə nümunələri Rusiya tərəfinin müvafiq laboratoriyalarında müayinə edilməsi üçün nümunə paketlərinə qoyularaq plomblanıb.

Qeyd edək ki, AQTA və Rusiya Federasiyasının müvafiq qurumunun mütəxəssislərindən ibarət işçi qrupunun birgə həyata keçirdiyi videomonitorinqlər növbəti günlərdə respublikamızın digər regionlarında yerləşən istixanalarda davam etdiriləcək.

Azvision.az



Teqlər: AQTA   Pomidor  





Xəbər lenti