Sarkisyan yenə Qasparyanla bağlı qərarı imzalamadı

 Sarkisyan yenə Qasparyanla bağlı qərarı imzalamadı
  02 Mart 2021    Oxunub:2817
Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılması ilə bağlı təqdimatını imzalamayıb.
Azvision.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Sarkisyan bu gün Konstitusiya Məhkəməsinə “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna 2018-ci ildə edilmiş dəyişikliklərin konstitusiyaya uyğunluğunu nəzərdən keçirməsi üçün müraciət edib.

"Sputnik Ermənistan" yazır ki, Sarkisyanın Konstitusiya Məhkəməsinə etdiyi müraciət, Qasparyanın vəzifəsindən azad edilməsinə mane olmur. Çünki Konstitusiya Məhkəməsi qərara deyil, Paşinyanın bu müraciəti göndərməsinə imkan yaradan qanunvericilik dəyişikliklərinə baxacaq.

Qanuna görə, baş nazirin imzaladığı qərar imzalandıqdan üç gün sonra avtomatik olaraq qüvvəyə minəcək.

Qeyd edək ki, daha əvvəl Ermənistan prezidenti Armen Sarkisyan öz konstitusiya səlahiyyətləri çərçivəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi haqqında qərarı Baş nazir Nikol Paşinyana geri qaytarıb. Baş nazir Sarkisyanın bu addımını pisləyərək, yenidən ona təqdimat göndərib.

Xatırladaq ki, fevralın 25-də Baş Qərargah Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Buna cavab olaraq baş nazir Nikol Paşinyan çevriliş cəhdini bəyan edib və Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunması barədə qərar imzalayaraq, onu Prezidentə təqdim edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti