Azərbaycanda quş qripi tapılmadı

Azərbaycanda quş qripi tapılmadı
  22 Fevral 2014    Oxunub:1364
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən AzVision.az-a verilən məlumata görə, monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 31 baş çöl quşunun patoloji materialları və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 320 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib.

DBX bildirir ki, bununla əlaqədar DBX müayinə olunmuş nümunələrin heç birində quş qripi xəstəliyinin törədicisi müəyyən edilməyib. Bu nəzarət tədbiri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Ağcabədi, Lənkəran və Salyan rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb.

Xatırladaq ki, quş qripi xəstəliyinin profilaktikası məqsədilə ölkə ərazisində həyata keçirilən monitorinq Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb.

DBX əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları mütləq qapalı şəraitdə saxlanılmalıdır. Heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər tədbirləri aparmağa yol verməsinlər. Eyni zamanda Xidmət xatırladır ki, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Köçəri və çöl quşlarının ovlanması, satılması və onlardan qida məhsulu kimi istifadəsi qəti qadağandır.

Quş qripi xəstəliyinin ölkəmizə köçəri quşlarla keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayan DBX respublika ərazisində ardıcıl olaraq monitorinqləri bundan sonra da davam etdirəcək. Quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin martın 31-də başlanması nəzərdə tutulur. Hazırda quş qripi xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün DBX aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

AzVision.az


Teqlər:  





Xəbər lenti