Füzulidə bir gün: Xarabalıqda ölməyən ümidlər - REPORTAJ (VİDEO+FOTOLAR)
Buralar 44 günlük Vətən müharibəsində ən ağır döyüşlərin getdiyi yerlərdən biridir. Ermənilər illərlə Füzulidə güclü müdafiə zolaqları quraraq yerləşiblər. İşğal müddətində düşmən bu ərazilərdə möhkəm mühəndis-istehkam işləri aparıb. Tikanlı məftillərlə maneələr yaradılıb, ərazilər minalanıb, tankların hərəkət edə bilməməsi üçün iri xəndəklər qazılıb.
Bütün bunlara baxmayaraq, Müzəffər Azərbaycan Ordusu 44 günə düşmənin bütün maneələrini dəf edərək onları darmadağın etməyi bacardı. Tarixi torpaqlarımız azadlığa qovuşdu. İşğalçıların "bayraq" adlandırdğı əski parçası layiq olduğu yerə - ayaqlar altına atıldı və doğma yurdumuzda Azərbaycanın ay-ulduzlu, üçrəngli şanlı bayrağı qaldırıldı. İllərlə bu günü görməyin arzusu ilə yaşayırdıq. Nəhayət, arzularımız çin oldu və biz xəyallarını qurduğumuz Qarabağ torpaqlarındayıq....
Rəşadətli ordumuzun qanla geri aldığı Füzulidə demək olar ki, hər tərəf ermənilər tərəfindən minalanıb. Əraziyə səfər zamanı yalnız müəyyən edilmiş marşrutlar üzrə hərəkət etməyə icazə verilir. Partlayışla üzləşməmək üçün mütləq qaydalara əməl etmək lazımdır. Əks halda, torpaq altında gizlənən ölüm "sürprizi" ilə qarşılaşa bilərik.
Füzulidə ilk olaraq Qarğabazar kəndinə baş çəkdik. 28 il erməni tapdağı altında olan kənddə bir neçə tarixi abidə yerləşir. Onlardan biri Qarğabazar karvansarasıdır. 1992-ci ildə Qarğabazar kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra ermənilər bu tarixi-memarlıq abidəsini tövləyə çeviriblər. Karvansaranın içərisində yığılmış ot bağlamaları, kəskin peyin qoxusu buranın tövlə kimi istifadə olunmasından xəbər verir.
Füzuli rayon İcra Hakimiyyətinin şöbə müdiri Bayram Niftəliyev bizimlə söhbətində karvansaranın tarixi haqqında məlumat verib. O bildirib ki, karvansara 1683-cü ildə inşa olunub. Şöbə müdiri əlavə edib ki, karvansara respublika əhəmiyyətli tarixi abidədir:
"Bu abidə 1993-cü ildə rayonun işğalına qədər yararlı vəziyyətdə olub. Buraya çoxlu tursitlər gəliblər. Füzuli rayonu işğal edildikdən sonra mənfur ermənilər tərəfində karvansarada vandalizm aktı həyata keçirilib. Düşmənin məscdilərdə, tarixi memarlıq abidələrində donuz saxlaması, bizi təhqir məqsədi daşıyıb".
Daha sonra Şah Abbas karvansarasından yuxarıda, qayanın üstündə yerləşən məscidi ziyarət etdik. El arasında Şah Abbas məscidi kimi tanınan ibadət ocağı elmi ədəbiyyatlarda Hacı Qiyasəddin (Qiyas əd-Din məscidi) məscidi kimi qeyd edilir. Məscidin qapı çatı üzərindəki kitabədə "Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdiririb, hicri təqvimi ilə 1095" sözləri yazılıb. Bu da miladi tarixi ilə təxminən 1683-84-cü ilə təsadüf edir.
İşğal dövründə ermənilər digər məscidlərimiz kimi Hacı Qiyasəddin məscidini də tövlə kimi istifadə edib, burada mal-qara və donuz saxlayıblar.
Füzuliyə səfərimiz zamanı məzarlıqlara baş çəkərək, həmyerlilərimizin xatirəsini yad etməyi unutmadıq. Həm də oradakı vəziyyətlə tanış olduq. Qarşılaşdığımız mənzərə ürək dağlayır. Parçalanmış məzarları görmək, ayaqlar altına atılan qırılmış qəbir daşlarını seyr etmək çox ağrılıdır. Məzarlıqları talamaqdan çəkinməyən mənfur ermənilər hətta qəbirlərdən insan sümüklərini çıxaraq aparıblar.
Qaniçən düşmənin insanlığa sığmayan əməlləri bununla bitmir. Erməni vandalizmini görməyə davam edirik. Oradan ayrılıb işğaldan azad olunmuş Füzuli şəhərinə yol aldıq. Ağdam şəhərində olduğu kimi burada da bütün yaşayış evləri, inzibati binalar ermənilər tərəfindən darmadağın edilib. İlk baxışda elə təsəvvür yaranır ki, vaxtilə heç burada yaşayış olmayıb. Sanki nə şəhər olub, nə də kəndlər...
Əsarətdən azad olunan şəhər və rayonlarımız sözün əsl mənasında xarabalığı xatırladır. Erməni vandalları ayaq basdıqları bütün yaşayış məntəqələrini yer üzündən siliblər. Vaxtilə 20 min sakinin yaşadığı Füzuli şəhərində bir yaşayış binası belə salamat qalmayıb. Burada hər addımda erməni vandallığının, faşizminin izləri ilə üz-üzə gəlirsən. Gördüyümüz mənzərəni sözlər belə ifadə etməyə yetmir...
Düşmən yaşayış yerləri ilə yanaşı şəhərin məscidini, qəbiristanlığını da məhv edib. Füzulidə yalnız "Araz" qəzetinin redaksiya binasının ön hissəsi salamat qalıb ki, orada Azərbaycan bayrağı dalğalanır.
Şəhərin dağılmış küçələrinə gəzərkən düşmənin qoyub qaldığı hərbi texnikalara, geyim və sursatlarla rast gəldik. Daha sonra müharibə dövründə erməni hərbçilərin sığınacaq kimi istifadə etdiyi yerlə tanış olduq. Bu sığınacaq şəhərin mərkəzi yolunun alt hissəsində yerləşir. Düşmən əsgərlərinin hərbi geyimləri, qidaların qalıqları ermənilərin şəhər azad olunanadək burada gizləndiyini göstərir. Ümumilikdə Füzulidə bir neçə yerdə düşmənin atıb qaçdığı hərbi geyimlərə, sursatlara rast gəlmək olar. Görünən odur ki, Azərbaycan Ordusu qarşısında tab gətirməyən düşmən paltarını belə ataraq qaçıb.
Füzuli səfərimiz bununla başa çatır. Bir günlük səfərin sonunda gözümün önündə xarabalıqlar arasında ölməyən ümidlər, yeni həyata boylanan şəhərin mənzərəsi canlanır. İnanırıq ki, tezliklə ərazilərimiz minalardan təmizlənəcək, burada yeni evlər, obyektlər tikiləcək, yenidən infrastruktur qurulacaq, kəndlər abadlaşacaq və insanlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.
Xarabalıqdan cənnətə dönəcək Füzulidən bu ümidlərlə ayrılırıq...
Müxbir: Anar Kəlbiyev
Foto: Şahin Sərdarov
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov
Azvision.az
Teqlər: Füzuli Şəhər Kənd Qarğabazar Karvansara Məscid Erməni Vandalizm