Fazil Mustafa: `Yohannesburq müşahidələri`

Fazil Mustafa: `Yohannesburq müşahidələri`
  20 Fevral 2014    Oxunub:1325
AzVision.az millət vəkili Fazil Mustafanın Yohannesburq səfəri haqqında qeydlərini təqdim edir.
Mədəniyyətlərin qarşıdurması deyilən tezisin əsl təsdiqini görə biləcəyiniz ölkələrin başında Güney Afrika Cümhuriyyəti gəlir. İş burasındadır ki, mədəniyyətlərin barışması deyilən bir gerçəklik varsa, onun da işartılarını bu ölkədə taparsınız.

Burada Tanrı öncə ağlara idarəetmə şansı vermiş. Onlar bu mədəniyyətləri uzlaşdıra bilməmiş və ən kəsə yolu seçərək, aparteid deyilən bir rejimlə ölkəni tərəqqiyə çatdırmışlar. Qaradərililəri insan azadlığı deyilən nemətlərdən uzaqda saxlamış, onlarla təmas yarada biləcək hər vasitədən imtina etmişlər. Güney Afrikanın bu tərəqqisinin içində qaradərili insan yer almadığına görə dünyanın əksəriyyəti bu ölkədən üz çevirmiş, yalnız ingilis dövlətlər topluluğunun himayəsində öz təbii sərvət zənginliyi ilə varlığını sürdürmüşdür. Aparteid dövründə ən iri şəhər olan Yohannesburqda axşam saat 5-dək çalışan qara dərililər vaxt tamamında şəhər ərazisini tərk edirlərmiş və şəhərin rəngi qaranlıqda bəmbəyaz olurmuş. Ağlardan başqa kimsə bu saatlarda gözə görünə bilməzmiş.

1994-cü ildə aparteidin ləğvindən sonra vəziyyət tamamilə əks istiqamətdə dəyişmiş və şəhərin köhnə hissəsini tamamilə qaralar ələ keçirmiş. İndi artıq qaranlıq düşən andan ağların şəhərin bu köhnə hissəsində gözə dəyməsi mümkün deyil. Burada qəribə bir mənzərənin də şahidi olursan. Saat 5-dən sonra bütün irili-xırdalı mağazalar bağlanır. Bu saatdan sonra ərzağı ancaq yanacaqdoldurma məntəqələrindəki kiçik mağazalardan ala bilərsən. Ağlar daha təhlükəsiz saydıqları şəhərin nisbətən yeni kvartallarında axşam əyləncələrinə qatılırlar.

Mağazaların erkən bağlanmasının birinci səbəbi təhlükəsizlikdirsə, ikinci səbəbi şübhəsiz ki, tənbəllikdir. Şənbə və bazar günləri işləməyi sevmirlər. Səhərdən-axşama qədər arı kimi çalışan bizim ticarətçilərin qədrini burada daha yaxşı bilirsən. Burada qızıl mədənləri bu ölkənin həm insan faciəsinin, həm də inkişafının simvolu sayılır.

Ölkənin ən iri şəhəri olan Yohannesburqun tarixi böyük deyil. Bir başından digər başına 90 kilometrlik uzun məsafə olan Yohannesburqun tarixi qızıl mədənlərinin açılışı ilə başlamış və 1887-ci ildə 2500 nəfərlik bir mədən qəsəbəsindən hazırda 7 milyonluq bir şəhərə çevrilmişdir. Qızıl zənginliklə bərabər savaşlar və faciələr də gətirmiş. Təkcə bir mədəndə yer altından qızıl çıxarılması, qeyri-rəsmi statistikaya görə, indiyədək 80 min adamın ölümünə səbəb olmuş. Təsəvvür edin ki, bir mədənin dərinliyi bəzən 3 kilometrdən artıq olur. Ən maraqlısı da ayrı-ayrı ölkələrdən buraya axın edən insanların mədənlərdə ağır iş prosesində bir-birini anlaması üçün xüsusi bir dil yaradılmış olmasıdır. Falaqao, yəni Afrika və ya Mədən dili deyilən bu dildə ingilis, zulu və əsasən hollandlardan ibarət Afrika ağlarının dilindən sözlər alaraq 1500 kəlməlik bir əlaqə forması tapılmış. Burada cümlə qurmaq vacib deyil, bu sözlərlə bir növ mədən heroqlifi yaradılmış. Çox zaman da yerin dərin qatlarında iş prosesində bağıraraq danışıldığını nəzərə alsaq, təsəvvür etmək olar ki, səsin mədəndən kənarda səslənişi hansı akustikanı yarada bilər.

Bilmirəm, bəlkə də bizdə şadlıq evlərində ölkədə yaşayan bütün xalqların dilindən sözlər alıb, 1000-1500 kəlmədən ibarət şadlıq evi dili yaratmaq olar. Şadlıq evində masa arxasında dəhşətli səs terrorundan qurtulmaq üçün insanlar bu dildə bir-birinə bəlkə toyun gedişində bağıraraq nəyisə izah edərlər. Hər halda, bu təcrübədən yararlanmağına dəyər.

Ümumiyyətlə, Cənubi Afrikada 11 rəsmi dövlət dili var. Belə çıxır ki, demokratiya naminə iri xalqların heç birinin qəlbinə dəyməyiblər. Qaradərililərin çoxu zulu dilində danışır. Yohannesburqda paytaxt Pretoriya ilə aralıq yerdə Türkiyədən gəlmiş 77 yaşında iş adamı Ali Karvançıoğlu möhtəşəm bir cami inşa etdirmiş. Bu cami Nizamiyyə Külliyəsi adlanır. Ədirnədəki Memar Sinanin tikdiyi məşhur Səlimiyyə camisinin eynidir. Bu inanclı iş adamı öncə ABŞ-da ərazi alıb cami-məktəb kompleksi yaratmaq istəmiş. Üç il əlləşsə də, izn ala bilmədiyindən Türkiyəyə geri dönmüş. Tanıya-bilməzə Güney Afrikada müsəlman icmasının olduğunu duyub buraya üz tutmuş. Bir neçə milyon dollara başa gələn bir cami-məktəb-xəstəxana kompleksini iki il ərzində inşa etdirmiş. O qədər gözəl sənət əsəridir ki, çevrəsində dolaşaraq aşağıdan yuxarı baxmaqdan usanmırsan. Xarici turistlərin ziyarəti üçün bu cami Mədəniyyət Nazirliyi tərəfindən tövsiyə olunan yerlər sırasındadır. Türk iş adamı olasan, Osmanlı sevgisini köksündə daşıyasan, cami kompleksinin içində xəstəxana və məktəb inşa etməyəsən, inandırıcı görünməzdi. Amma xəstəxananı Mandelanın şəxsi xahişi ilə tikdirdiyi də söylənir. Bu təvazökar iş adamı qaradərililərin məhəllələrində də bir neçə məscid tikdirmiş. İndi universitet tikmək üçün izn verilməsini gözləyir. Bunların da hamısını təmənnasız, Allah rizası üçün edir.

Şəhərin yolları dayanıqlı və xeyli genişdir. Yohannesburq insan əli ilə salınmış həm də ən böyük yaşıllıq şəhəridir. Ağacların hamısı xüsusi olaraq kənardan gətirilib əkilmiş. Parkların sayı da, əraziləri də çoxdur. Dövlət proqramı əsasında qaradərililərin şəhər həyatına adaptasiyası üçün günəş enerjisi ilə istilik alan iki otaqlı evlər inşa edilmiş və məhəllə formasında bu birmərtəbəli evlərin həyətlərində hər cür infrastruktur yaradılıb. Yohannesburqda 7 milyon əhali yaşayır, tıxaclara görə artır mərkəzdə hündür binaların tikilməsinə izn verilmir. Ölkənin 50 milyon əhalisinin 12 milyonu ağlardır. Bunlardan 3 faizi müsəlmandır, çoxu da hindli müsəlmanlardır. Qanun qarşısında hamının bərabərliyi olsa da, 20 il öncə qaralara qarşı edilənlər indi ağlara qarşı edilir. Açıq şəkildə olmasa da, dövlət qulluğuna qəbulda qaralara daha rahat imkanlar yaradılır. Qaranlıq düşəndən sonra ağdərililərin və qonaqların şəhərin əksər küçələrində hərəkəti tövsiyə olunmur. Mədəniyyətlər əslində şəhərin küçələrində qaranlıq düşəndə toqquşur. Haradasa 1994-cü ildən sonra 3 milyona yaxın ağdərili təhlükəsizlik və başqa səbəblərdən ölkəni tərk edərək əsasən Avstraliyaya, Yeni Zelandiyaya üz tutub.

Qaradərili əhalinin xeyli hissəsi adi qamışdan qurulmuş tənəkələrdə yaşayır. Tənəkəni qururlar, bir və ya iki otaqlı hücrəyə 7-8 adam yerləşir, ancaq tualet tikmirlər. Nədənsə bunu dövlətin vəzifəsi sayırlar. Demək ki, dövlət adamın yaşamına sahib çıxmasa da, tualetinə sahib çıxmalıdır. Televiziyada bir proqramda müxalifət təmsilçisi hökuməti ittiham edirdi ki, ölkədə tənəkədə yaşayan insanlar üçün 2 milyon tualet çatışmır. Niyə hökumət laqeydlik göstərib bu tualetləri quraşdırmır?

Buranın ən möhtəşəm mənəvi abidəsi heç şübhəsiz ki, özəl türk məktəbləridir. Ölkə ərazisində olan 9 türk məktəbindən 3-ü Yohannesburqdadır. Universitet səviyyəsində məktəblərdir. Gözəl dərs otaqlarını, idman meydançalarını, əyləncə yerlərini, həyətin yaşıllığını heyranlıqla seyr edirsən. Star kollec adlanan türk məktəbini Allah rizası üçün bir mədənçi iş adamı tikdirmiş. Digər məktəbləri də adını bilmədiyimiz iş adamları inşa etdirmiş. 2500-ə yaxın afrikalının təhsil aldığı bu məktəblər modern təhsil səviyyəsinə görə seçilir. Bu məktəblər həm də Türkiyənin yaxşı mənada tanıdılmasında böyük rol oynayırlar.

İki ildir səfirliyimiz açılmış və burada Azərbaycan adına faydalı işlər görürlər, ancaq nədənsə iş adamlarının axını hələ ki, başlamır. Dünyanın hər yerinə səpələnmək və yaşadığı yerlərdə mövqe qazanmaq diaspora işinin təşkilinin ən vacib amilidir. Burada tək-tük rastlaşdığın qabiliyyətli azərbaycanlıları görəndə daha ümidli olursan. Hər halda, burada kifayət qədər güclü olan Hindistan müsəlmanları, imkanlı türk icması ilə yaxın təmaslar quraraq ciddi işlər görmək mümkündür. Afrika həqiqətən dəyişir. Bizim də Afrikaya baxışımız dəyişməlidir.

Yaxşı olar ki, gələcəyin Afrikasına cənubdan baxaq - Cənubi Afrikadan...


Teqlər:  





Xəbər lenti