Sultan Süleyman Ərdoğandan pis kişidir?

Sultan Süleyman Ərdoğandan pis kişidir?
  20 Fevral 2014    Oxunub:1999
Fatimə Kərimli

Sultan Süleyman Qanuninin Mustafanı öldürməyi camaatı niyə belə dərdə salıb, anlamıram. Bir həftədən çoxdur ki, “Muhteşem Yüzyıl”da yayımlanan edam səhnəsi izlənmə rekordları qırır. Çox maraqlıdır, onsuz da həmin seriyadan əvvəl də hamı bilirdi ki, Mustafanın sonu necə olacaq, burada bu qədər təəccüblənəcək nə var ki?
Üstəgəl, imperiyalar dövründə demək olar ki, bütün hökmdarlar hakimiyyətini qorumaq üçün oğlunu, qardaşını, atasını “zərərsizləşdirib”. Hakimiyyət onu idarə edən adamdan qəddarlıq tələb edir. Ürəyiyumşaq, qayğıkeş, kimisə incitməkdən, haqsızlıq etməkdən qorxan adam necə hökmdar ola bilər? Olsa belə o ölkəni nə qədər müddət idarə edə bilər? Özü də 16-cı əsrdə! Hadisələrə 2014-cü ilin gözü ilə yox, Süleymanın hökmdarlıq etdiyi dövrdən baxmaq lazımdır.

Mustafanın xəyanətinə gəlincə, onun Süleymana həqiqətən xəyanət edib-etmədiyi də dəqiq məlum deyil, amma Süleyman onun xəyanət etdiyinə inanırdısa, onu öldürməli deyildi? Alnından öpüb, “nə gözəl xəyanət eləmisən?!” deməli deyildi ki!..

Mustafa həqiqətən xəyanət etsəydi, taxta çıxmağa can atsaydı, hakimiyyət daxilindəki qüvvələr parçalanacaqdı. Süleyman tərəfdarları, Mustafa tərəfdarları, hətta Səlim tərəfdarları da meydana çıxa bilərdi. Ya qardaşlar Süleymanı öldürüb özləri hakimiyyət didişməsi edəcəkdilər, ya da imperiya bir neçə yerə parçalanacaqdı. Süleyman o qədər müharibə edib imperiyanı genişləndirib, gücləndirib məntiqi olaraq onun bütövlüyünü təhlükəyə atacaq hər şeyi məhv etməli deyildi? Üstəlik, fərdiyyətçilik, humanizm, insan həyatı, adamın öz övladına hər şeyi bağışlaması kimi dəyərlər bizə, yəni bütün insanlara sonrakı dövrlərdə yeridilib, qəbul etdirilib. O dövr üçün, o boyda imperiya üçün hansısa fərdin çox da önəmi yox idi. Hətta həmin fərd hökmdarın oğlu olsa da.

Ümumilikdə, serialda isə Süleyman təqdim olunduğu kimi bütün gün hərəmdə kef çəkən, uşaqlarının bütün gün yanında olan, onları böyüdən adam olmayıb, ömrünün üst-üstə iki-üç ilini sarayda keçirib. Ömrü boyu ancaq səfərlərdə, müharibələrdə olub. İndiki atalar kimi hər axşam işdən evə gəlib oğlu ilə oynamayıb, onun tərbiyəsi ilə məşğul olmayıb. Yəni ki, bir baxımdan o, Mustafanın ancaq bioloji atası olub. Oğluna qeyri-iradi valideyn sevgisi ola bilər, amma aralarında hədsiz bağlılığın, doğmalığın yaranması üçün heç vaxt imkan olmayıb.

Kinodakı kimi onu edam etdirəndən sonra qucağına alıb ağlamağı da inandırıcı görünmür. Oğlunun öz otağında edam əmrini verəcək qədər qərarında qəti olan ata, edamdan sonra onu qucaqlayıb ağlamaz. Bunlar da hamısı müasir tamaşaçının rəğbətini toplmaq üçündür. Necə ki, serialın ilk sezonunda hərəmdəki qadınların hamısının paltarının sinəsi açıq idi. Halbuki 16-cı əsrdə müsəlman qadının sarayda o qədər kişinin içində sinəsi açıq paltarda gəzməyi mümkün deyildi.

Söhbət onların paltarının niyə açıq olub olmadığından getmir, məsələ orasındadır ki, serialda çox şey tarixdəkindən fərqli təqdim olunub. Məqsəd də qeyd etdiyim kimi müasir tamaşaçının diqqətini cəlb etməkdir. Həqiqəti çılpaqlığı ilə versəydilər daha yaxşı olardı. Amma onda da serial bu qədər reytinq gətirməzdi, düzdür?

Süleyman yaşadığı dövrün tələbinə uyğun olaraq müharibələr edir, imperiyasını genişləndirib möhkəmləndirirdi. Qeyd edim ki, Osmanlı imperiyasının ən çiçəklənən vaxtı Süleymanın hakimiyyətdə olduğu illərə təsadüf edib. Ərdoğan isə vədlər verib səsini aldığı vətəndaşa “ananı da al git” deyir. Ancaq “başörtülü bacı”larının, nazir övladlarının “ayaqqabı qutuları”nın qeydinə qalır və Gülənin qarğışlarına cavab qarğışı deyir.

Bir həftədir ki, Mustafaya görə ağlaşma qurub Süleymanı söyənlər bir neçə ay bundan əvvəl Gezi parkında qaz bombası ilə ölən “çapulcu”ları çox tez unudub. Amma indi 500 il əvvəl yaşayıb edam olunmuş adamın dərdini çəkirlər. Xülasə, Süleyman Ərdoğandan pis kişi idi?


Teqlər:  





Xəbər lenti