Bakıda üzən günəş stansiyası tikiləcək

 Bakıda üzən günəş stansiyası tikiləcək
  05 Fevral 2021    Oxunub:3075
Böyükşor gölündə ümumi gücü 100 kVt təşkil edən üzən günəş stansiyasının tikintisinə dair pilot layihə üzrə işlərə başlanması ilə bağlı ilk görüş keçirilib.
Energetika Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüşdə layihə üzrə satınalınma müsabiqəsinin qalibi “Gamma Solutions” şirkətinin layihə ilə bağlı iş prinsipləri, səfərbər etdiyi işçi heyəti, layihənin icra qrafiki təqdim edilib və görüləcək işlər barədə müzakirələr aparılıb.

Məlumata görə, tədbirdə Energetika Nazirliyinin, “Təmiz Şəhər” ASC-nin, Asiya İnkişaf Bankının və layihə üzrə məsləhətçi şirkətin nümayəndələri iştirak ediblər.

Qeyd edilir ki, “Gamma Solutions” şirkəti üzən günəş stansiyasının mühəndisliyi, satınalınması, tikintisi, iki il müddətinə istismarı və texniki xidmətinin göstərilməsi üçün keçirilmiş satınalma müsabiqəsinin nəticəsində müəyyən edilib.

Müsabiqədə beynəlxalq şirkətlərlə yanaşı, yerli şirkətlər də iştirak ediblər. Satınalma işləri layihənin məsləhətçisi “EQO-NIXUS” şirkəti tərəfindən yerinə yetirilib və layihə üzrə qəbul edilmiş təkliflərin qiymətləndirilməsi nəticəsində “Gamma Solutions” beynəlxalq şirkəti satınalma müsabiqəsinin qalibi elan olunub və şirkətlə müqavilə imzalanıb. Stansiyanın tikintisinin yerli şirkətlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, layihə Asiya İnkişaf Bankının Bilik və Dəstəyin Göstərilməsi üzrə Texniki Yardım proqramı çərçivəsində həyata keçirilən Azərbaycan, Qırğızıstan və Əfqanıstanı əhatə edən “Üzən Günəş Enerji Sistemlərinin İnkişafı” regional layihəsi çərçivəsində reallaşdırılır.

Azvision.az


Teqlər: Böyükşor   Göl   Günəş   Enerji  





Xəbər lenti