İtaliya şirkətləri ilə əməkdaşlıq müzakirə edilib

İtaliya şirkətləri ilə əməkdaşlıq müzakirə edilib
  02 Fevral 2021    Oxunub:1937
Energetika naziri, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Pərviz Şahbazovla İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano arasında videokonfrans formatında görüş keçirilib.
Energetika Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tərəflər Azərbaycan-İtaliya arasında ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan məsələləri, o cümlədən işğaldan azad olunmuş ərazilərin bərpasında İtaliya şirkətləri ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Görüşdə italiyalı həmsədrin ötən il dekabrın 8-9-da Azərbaycana səfərinin davamı olaraq işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək bərpa və yenidənqurma işlərinə italyan şirkətlərinin cəlb edilməsi üçün bu ölkənin sahəvi assosiasiyalarının və dövlət şirkətlərinin iştirakı ilə “Web Missiya”nın təşkili, bu çərçivədə Azərbaycanın aidiyyəti qurumları ilə müzakirələrin keçirilməsi barədə fikir mübadiləsi aparılıb. Görüş zamanı, həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları, İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi məsələləri müzakirə olunub.



Azvision.az


Teqlər: Energetika-Nazirliyi  





Xəbər lenti