Prezidentin yaratdığı Komissiyanın iclası keçirildi

Prezidentin yaratdığı Komissiyanın iclası keçirildi
  28 Yanvar 2021    Oxunub:2505
Azərbaycan Respublikası Prezidentinin “Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 2019-cu il 5 dekabr tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın beşinci iclası olub.
Energetika Nazirliyindən Azvision.az -a verilən məlumata görə, energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə videokonfrans formatında keçirilən iclasda Komissiyanın dördüncü iclasından ötən dövr ərzində pilot layihələrin icrası istiqamətində görülən işlər nəzərdən keçirilib, “Qoyuluş gücü 240 meqavat olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 dekabr tarixli Sərəncamının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 dekabr tarixli nömrəli Sərəncamının icrasının gedişi müzakirə olunub.



Komissiya sədri Prezident İlham Əliyev tərəfindən ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi ilə bağlı irəli sürülmüş vəzifələrin icrası məqsədilə ölkəmizdə külək enerjisi sahəsində özəl investisiya hesabına ilk pilot layihənin həyata keçirilməsi üçün “ACWA Power” şirkəti ilə müvafiq qurumlar arasında imzalanmış müqavilələrin əhəmiyyətini vurğulayıb.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq, komissiya üzvləri tərəfindən torpaqların istifadəsi və imzalanmış müqavilələrlə əlaqədar müvafiq qanunvericilik aktlarına dəyişiklik, investisiya təşviqi sənədi, imzalanmış müqavilələr üzrə öhdəliklərə dair müvafiq tədbirlərin həyata keçirilməsi, lisenziya və icazələrin alınması, eləcə də digər istiqamətlər üzrə aidiyyəti qurumlarla birgə görülmüş işlər və həyata keçiriləcək növbəti addımlar barədə məlumat verilib.



Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə qoyuluş gücü 230 meqavat olan günəş elektrik stansiyası pilot layihəsi üzrə danışıqların gedişi barədə məlumat verilib, müvafiq layihə sənədləri üzrə müzakirələrin son mərhələdə olduğu, yaxın gələcəkdə yekunlaşdırılacağı diqqətə çatdırılıb.

Videokonfransda Energetika, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin, Şəhərsalma və Arxitektura Komitəsinin, Mərkəzi Bankın, “Azərenerji” və “Azərişıq” ASC-lərin nümayəndələri iştirak ediblər.

Azvision.az


Teqlər: Energetika   Nazirlik  





Xəbər lenti