Naxçıvanda vergi proqnozu 103,6 faiz icra edilib

Naxçıvanda vergi proqnozu 103,6 faiz icra edilib
  28 Yanvar 2021    Oxunub:2100
Naxçıvan Muxtar Respublikasının vergi orqanları üzrə müəyyən olunmuş proqnoz 103,6 faiz yerinə yetirilib. Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsi üzrə proqnoz 120,1 faiz, Naxçıvan Muxtar Respublikasının İşsizlikdən Sığorta Fondunun büdcəsi üzrə proqnoz isə 115,4 faiz icra olunub.
Azvision.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Azər Nağıyev xidmətdə keçirilən kollegiya iclasında deyib.

Azər Nağıyev bildirib ki, 2020-ci ildə muxtar respublikada özəl sektorun inkişafına dövlət dəstəyi nəticəsində makroiqtisadi göstəricilər üzrə artım dinamikası davam edib, nəticədə, dövlət büdcəsi üzrə proqnozlar artıqlaması ilə icra olunub.

Qeyd edilib ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq 2016-2020-ci illərdə 2060 hüquqi və fiziki şəxslərdə araşdırma aparılıb, 1843 yeni əmək müqaviləsinin bağlanılmasına, 4395 şəxsin əməkhaqlarının əmək müqaviləsində real əməkhaqqı səviyyəsində göstərilməsinə nail olunub.

“Bir pəncərə” qeydiyyat sistemi vasitəsilə hesabat dövründə 37 kommersiya və publik hüquqi şəxs dövlət qeydiyyatına, habelə 7 qeyri-kommersiya hüquqi şəxs vergi uçotuna alınıb”, - deyən Dövlət Vergi Xidmətinin rəisi Azər Nağıyev bildirib ki, muxtar respublika sakinlərinin maarifləndirilməsi istiqamətində vergiödəyiciləri ilə 12 görüş keçirilib, onların elektron ünvanına, ümumilikdə, 135 min 773 bildiriş və müraciət göndərilib. Publik hüquqi şəxs statuslu müəssisələrdə ödənişlərin onlayn və POS-terminallar vasitəsilə qəbulu sahəsində 2020-ci ildə 25 publik hüquqi şəxs statuslu müəssisədə 31 ədəd POS-terminal aparatı quraşdırılıb.

Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Azvision.az


Teqlər: Naxçıvan   Vergi  





Xəbər lenti