Türkiyə Azərbaycandan qaz idxalını artırıb

Türkiyə Azərbaycandan qaz idxalını artırıb
  27 Yanvar 2021    Oxunub:2422
Ötən ilin noyabr ayında Türkiyə Azərbaycandan 1 milyard kubmetr təbii qaz idxal edib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb.

Ərdoğan : "Bu yay Suriyada işlərimizi tamamlayacağıq"
Bildirilir ki, noyabrda Türkiyənin Azərbaycandan idxal etdiyi qazın həcmi oktyabrla ayı ilə müqayisədə 250 milyon kubmetr artıb. Azərbaycan noyabrda Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci yerdə (birinci yerdə Rusiya - 2,43 milyard kubmetr) qərarlaşıb.

Qeyd edək ki, Türkiyə Azərbaycan təbii qazını Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. Ötən ilin 3 rübündə Cənubi Qafqaz Boru Kəmərinin sutkalıq orta ötürücülük gücü 32,6 milyon kubmetr təbii qaz təşkil edib. Həmin dövrdə CQBK və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə təqribən 35 milyon dollar əməliyyat və 8 milyon dollar əsaslı xərclər sərf olunub.

Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib, hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyununda başlayıb. CQBK-nin texniki operatoru SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC-dir. Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator) 28,8 faiz, “AzSCP” 10 faiz, “Cənub Qaz Dəhlizi Midstrim” 6,7 faiz, “Petronas” 15,5 faiz, “LUKoil” 10 faiz, “NICO” 10 faiz və “TPAO” 19 faiz.

2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP boru kəməri 2019-cu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-la bu il 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək. TANAP boru kəmərinin ikinci fazası isə 2019-cu il noyabrın 30-da istifadəyə verilib.

TANAP-la Türkiyəyə kommersiya qazının nəqlinə başlanmasının birinci ili 2 milyard kubmetr qaz tədarük edilib. Ticari əməliyyatların ikinci ili keçən il iyunun 30-da bitib və həmin tarixə TANAP-la nəql edilən Azərbaycan qazının həcmi 6 milyard kubmetrə çatıb. Sonrakı dövrdə isə boru kəməri ilə ildə 6 milyard kubmetr qaz nəql olunacaq. Azərbaycan təbii qazını Avropaya nəql edəcək və TANAP-a birləşdirilən TAP kəmərinə sınaq məqsədilə 21,4 milyon kubmetr qaz vurulub.

İstismara veriləndən bu vaxtadək TANAP-la Türkiyəyə 9,1 milyard kubmetrdən çox qaz nəql edilib. TANAP-ın tam gücü ilə nəqlə başlayacağı 2022-ci ildən sonra hər il 1,5 milyard dollardan çox nəqletmə gəliri əldə olunacaq.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.

Azvision.az


Teqlər: Türkiyə   Qaz   İxrac  





Xəbər lenti