“Qarabağda fərqli sektortların inkişaf üçün yeni mexanizm hazırlanacaq”

 “Qarabağda fərqli sektortların inkişaf üçün yeni mexanizm hazırlanacaq”
  26 Yanvar 2021    Oxunub:1919
Nazirlər Kabineti işğaldan azad olunan ərazilərimizin bərpası və iqtisadi inkişafı üçün prioritetləri müəyyənləşdirib. Azərbaycan Prezidentinin tapşırığına əsasən, Qarabağ bölgəsində infrastrukturun formalaşması və fərqli sektortların inkişaf üçün yeni mexanizm və meyarlar işləniləcək.
Azvision.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərimiz üçün kənd təsərrüfatı və turizm prioritet sektorlar olacaq:

"Bununla yanaşı, həmin ərazilərimizin sənaye potensialı da qiymətləndiriləcək. Bütün bunlar isə Böyük Qayıdış planları ilə əlaqələndiriləcək. İşğaldan azad olunan rayonlarımızın inkişafı üçün həmin ərazilərimizdə xüsusi təşviq mexanizminin tətbiq ediləcəyi gözlənilir. Sahibkarlar üçün vergi güzəştlərinin tətbiqi və aşağı faizli kreditlərə çıxış imkanlarının genişləndirilməsi məqsədəuyğundur. Müddətli vergi təşviqi daha çox özəl və xarici sərmayənin cəlbinə imkan yarada bilər".

Deputat qeyd edib ki, rayonlarda fəaliyyət göstərən sahibkarlar üçün maliyyə resurslarına əlçatanlığın əsas çətinliklərdən biri olduğunu nəzərə alsaq, yeni girov mexanizmi ilə aşağı faizli kredit təklifinin artırılmasına ehtiyac var:

"Nəzərə almaq lazımdır ki, sərt girov şərtləri səbəbindən kommersiya banklarının kreditlərinin 80 faizi Bakı şəhərinin payına düşür. Bankların hər 100 manat kreditinin cəmi 20 manatı rayonlara yönəlir. İqtisadiyyat Nazirliyinin elektron kredit portalı ilə alınan məhsulun özünün girov olması vasitəsi ilə kredit təklifi mexanizminin tətbiqini nəzərə alsaq, oxşar modelin istifadəsi arzuolunan olardı. Bütövlükdə, Azərbaycan yeni quruculuq mərhələsinə qədəm qoyur. Bu mərhələdə yalnız büdcə deyil, eyni zamanda özəl mənbələr hesabına işğaldan azad olunan torpaqlarımızın böyük iqtisadi potensialının reallaşacağı gözlənilir".

Azvision.az


Teqlər: Qarabağ   Qayıdış   Turizm   İqtisadiyyat  





Xəbər lenti