“Azəriqaz” “Azərişıq”la memorandum imzalayıb

“Azəriqaz” “Azərişıq”la memorandum imzalayıb
  25 Yanvar 2021    Oxunub:2172
“Azəriqaz” İstehsalat Birliyi ilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti arasında strateji əməkdaşlıq üzrə memorandum imzalanıb.
Birlikdən Azvision.az -a bildirilib ki, videoformatda keçirilən tədbirdə memorandumu “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev və “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov imzalayıblar. Hər iki qurumun rəhbər şəxsləri imzalanmadan öncə kommunal sektorda əməkdaşlığın zəruriliyinə toxunub və bu təşəbbüsün də abonent məmnuniyyətinə hesablandığını vurğulayıblar. Bildirilib ki, hər iki qurumun kifayət qədər təcrübəyə sahib mütəxəssisləri var. Onlar kommunal sektorda ortaya çıxa biləcək problemləri əvvəlcədən proqnozlaşdırmaqla müvafiq tədbirlərin görülməsi istiqamətində birgə səy göstərə bilərlər. Beləliklə, qarşılıqlı fikir və informasiya mübadiləsi gələcək fəaliyyət üçün çox faydalı ola bilər.

Qeyd edək ki, strateji əməkdaşlıq üzrə memorandum gələcəkdə vahid mənbədən idarə edilməklə vahid kommunal idarəetmə funksiyalarının formalaşdırılması, şəbəkəyə qoşulmanın əlçatanlığı və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsini nəzərdə tutur. Bundan başqa Vətən müharibəsinin nəticəsi olaraq işğaldan azad edilmiş ərazilərdə daha operativ yanaşmanın təmin edilməsi istiqamətində də birgə fəaliyyət planının işlənilməsi nəzərdə tutulur.

Azvision.az



Teqlər: Azəriqaz   Azərişıq  





Xəbər lenti