Səhnəmizə iki xalq artisti bəxş edən xalq artisti

Səhnəmizə iki xalq artisti bəxş edən xalq artisti
  17 Fevral 2014    Oxunub:7431
Naxçıvan teatrının canlı korifeyi, xalq artisti Sofya Hüseynova 1926 -cı ilin 17 fevralında Bakı şəhərində anadan olub. Sofya xanım anası, Azərbaycan Respublikasının əməkdar artisti Xədicə Qazıyevanın sənət yolunu davam etdirib.
Əslən Rusiyanın Kazan şəhərindən olan Xədicə xanım 1920-ci illərdə Bakıda teatrda fəaliyyət göstərib. Elə həmin illərdə Naxçıvana ezam olan hərbiçi həyat yoldaşı ilə muxtar respublikaya gələndə teatrda onun kimi qadın aktirsalara çox ehtiyac vardı.Xədicə Qazıyevanın peşəkarlığı ilk illərdən tetarın truppasının işini xeyli asalanşdırdı. Çünki uzun illər Bakıdakı milli teatrda olduğu kimi Naxçıvan tetarında da qadın rolunu gənc kişilər, ya da qeyri-millətlərin nümayənsdəsi olan, azərbaycanca danışmaqda çətinlik çəkən qadınlar oynayırdı.

1923-cü ildə Naxçıvan tetarına Dövlət Teatrı statusu verildi. Bundan sonra dövlət səviyyəsində teatra qayğı göstərilməyə başlandı. Muxtariyyat illərindən sonra isə Bakıdan qadın aktrisalar teatra dəvət alırdılar. Amma onlar da bir neçə tamaşa oynayandan sonra yenidən geri qayıdırdılar. Nəticədə isə peşəkar qadın aktrisalar sarıdan tetarda ciddi boşluq hiss olunurdu.

Həmin vaxtlar Xədicə xanımın Naxçıvana gəlişi teatr ictimaiyyətini sevindirdi. Naxçıvan tetarında bu gün də davam edən qadın aktrisaların peşəkarlığının təməli də məhz həmin illərdə qoyuldu. İstedadı ilə seçilən aktrisanın ilk rolu “Qaçaq Kərəm” pyesində Sirab obrazı olub. Sonra Cəfər Cabbarlının “Sevil” əsərində Edilya, Hüseyn Cavidin “Şeyx Sənan” facisində Xumarı yaradıb.

Onun oynadığı rolların sayı 200-ə çatır. Bu isə Naxçıvan teatrında çox az sənətkara qismət olan bir taledir.

Elə Sofya xanım da anasının ciddi təkidi ilə 1942 -ci ildə peşəkar aktrisa ömrünü Naxçıvan teatrına bağlayır. Amma Sofya xanım deyir ki, anası onu hələ 3 yaşı olanda teatra aparıb: “Orda Cəfər Cabbarlının “Sevil” tamaşasında balaca Gündüzün sözsüz səhnələrini oynamışam. Deməli, 3 yaşımdan səhnədəyəm”.

İlk peşəkar rolu isə Səməd Vurğunun “Vaqif” dramında gürcü qızı Tamara obrazı olub. Sonradan Böyük Vətən Müharibəsi illərində ailə vəziyyətilə bağlı Bakıya getməyə məcbur olub. Amma 1955-ci ilin yaradıcılıq mövsümündə naxçıvanlı tamaşaçılar onu yenidən doğma səhnədə İslam Səfərlinin “Göz həkimi” pyesində Nərminə rolunda görürlər.

Zahiri görünüşü və Xədicə xanımdan heç də geri qalmayan istedadı onu az zamanda Naxçıvanlı sənətsevərlərin sevimlisinə cevirir. Aydın, səlis diksiyası, peşəkar səhnə davranışı, ən əsası sərbəstliyi sonradan Sofya xanımın obrazlar silsiləsinin yaranmasına gətirib çıxarır.

Dünya səviyyəli müasir və klassik dramaturqların əsərlərində yaratdığı maraqlı rollar həm də mürəkkəbliyi ilə seçilirdi. Amma təcrübəli aktrisa üçün bu, artıq adi hal idi. Ona görə də, Baxşı Qələndərli, Miribrahim Həmzəyev, Vəli Babayev kimi rejissorlar məmnuniyyətlə öz tamaşalarında ona rollar təklif edirdilər.

A.N.Ostrovskinin “Günahsız müqəssirlər” ində Kruçinina, “Cehizsiz qız”ında Larisa, gürcü A.Saqarellinin “Xanuma”sında Xanuma, Lope de Veqanın “Bostan iti” ndə Diana, S.S.Axundovun “Eşq və intiqam” ında Zəhra, Ü.Hacıbəyovun “O olmasın bu olsunda” Gülnaz, C.Cabbarlının “Sevil” ində Edilya, K.Ağayevanın “Məhsəti”sində Tərgül və sairə rolların hamısı uğurla tamaşaçılara təqdim edilib.

Sofya xanımın üstünlüyü rolları özününküləşdirmək bacarığı idi. Hər bir obrazın sanki daxili aləmini açır, onu olduğu kimi hissləri, düşüncüləri ilə tamaşaçıya təqdim edirdi. Bu ustalığına görə 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar, 1982-ci ildə isə Xalq artisti fəxri adına layıq görülüb.

Prezident təqaüdçüsü olan Sofya Hüseynova teatra bağlı olan, onu sevən və təbliğ edən Milli Lider Heydər Əliyevin qərarı ilə həm də vətənin yüksək mükafatına “Şöhrət ordeni”nə layiq görülüb. Artıq təqaüddə olan Sofya xanım bu gün 89 yaşını övladları, nəvələri və nəticələri ilə birlikdə qeyd edir.

Söhbətimizin əvvəlində bir nəsildə davam edən sənət ənənsindən nahaq söhbət açmadıq. Ənənə bu ailədə də davam edir. Əgər Xədicə xanım səhnəmizə Sofya Hüseynovanı veribsə, Sofya xanım Azərbaycan teatr sənətinə Rafael Dadaşov və Rövşən Hüseynov kimi iki xalq artisti bəxş edib.

Səməd Canbaxşiyev, Naxçıvan
AzVision.az üçün

Qalereya




Teqlər:





Xəbər lenti