Ötən il özəlləşdirmədən büdcəyə 61,5 milyon daxil olub

Ötən il özəlləşdirmədən büdcəyə 61,5 milyon daxil olub
  19 Yanvar 2021    Oxunub:1629
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət əmlakının özəlləşdirilməsində iştirak üçün yaratdığı geniş imkanlar prosesin sürətlənməsinə və investisiyaların cəlb olunmasına istiqamətlənib.
Azvision.az quruma istinadən xəbər verir ki, ötən il koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bir sıra sahələrlə yanaşı, dövlət əmlakının özəlləşdirilməsində də bəzi məhdudiyyətlər yaranıb. Belə ki, mart ayından özəlləşdirmə hərracları dayandırılıb, avqust ayından isə yenidən bərpa olunub.

2020-ci ildə 47 hərrac keçirilib. Hərraclarda 5 səhmdar cəmiyyətinin səhm paketi, 24 kiçik dövlət müəssisəsi, 2 qeyri-yaşayış sahəsi, 3 yarımçıq tikili və 100 nəqliyyat vasitəsi özəlləşdirilib.

İnnovasiyaların və elektron üsulların tətbiqi, prosedurların daha da sadələşdirilməsi özəlləşdirmə prosesində səmərəliliyin və vətəndaş məmnunluğunun yüksəlməsinə səbəb olub. Belə ki, ötən il hərraca çıxarılmış dövlət əmlakı üzrə 53 elektron sifariş qəbul edilib, 5 dövlət əmlakı “Elektron hərrac” xidməti vasitəsilə özəlləşdirilib.

İl ərzində qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə 258 müqavilə bağlanıb, 320 icarə müqaviləsinin müddəti uzadılıb. Müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzrə isə ümumilikdə 160 icarə müqaviləsi bağlanıb, 4 icarə müqaviləsinin müddəti artırılıb. Pzəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 61,5 milyon manat təşkil edib və illik proqnoz 99,2% icra olunub. Dövlət əmlakının icarəsindən isə büdcəyə 10,3 milyon manat ödənilib və illik proqnoza 128,8% əməl edilib.

Ümumilikdə, ötən il dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsindən dövlət büdcəsinə 71,8 milyon manat vəsait daxil olub və illik proqnoz 102,6% yerinə yetirilib. Bununla yanaşı, ölkə prezidentinin 19 mart 2020-ci il və Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli sərəncamlarına əsasən, dövlət əmlakına dair bağlanmış icarə müqavilələri üzrə sahibkarlara 1 350 min manat güzəşt tətbiq olunub.

Azvision.az





Teqlər: Özəlləşdirmə   Büdcə  





Xəbər lenti