Cəbrayıl Həsənov millinin məşqçisi təyin olundu

Cəbrayıl Həsənov millinin məşqçisi təyin olundu
  07 Yanvar 2021    Oxunub:3006
Sərbəst güləş üzrə millimizin kapitanı Cəbrayıl Həsənov idmançı karyerasını başa vurub.
Azərbaycan Güləş Federasiyasından (AGF) Azvision.az -a bildirilib ki, titullu güləşçimiz bundan sonra məşqçi kimi fəaliyyət göstərəcək. Belə ki, AGF-nin prezident əvəzi Namiq Əliyevin müvafiq əmrinə əsasən, C.Həsənov sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın böyük məşqçisi vəzifəsinə təyin olunub. Bu komandada Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyev məşqçi kimi fəaliyyətini davam etdirəcək.

Yanvarın 7-də N.Əliyev gənc mütəxəssisə idmançı kimi göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona yeni vəzifəsində uğurlar arzulayıb. Federasiyanın rəhbəri bundan sonra sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandanın kapitanının Şərif Şərifov olacağını bildirib.

Xatırladaq ki, C.Həsənov Rio Olimpiadasında bürünc medal qazanmaqla yanaşı, 2 dəfə dünya ikincisi, 3 dəfə Avropa çempionu, ilk Avropa Oyunlarının bürünc medalçısı olub. C.Həsənov ümumilikdə dünya və Avropa çempionatlarında 12 dəfə fəxri kürsüyə qalxıb.

Azvision.az


Teqlər: Güləş   Məşqçi  





Xəbər lenti