“Neft Fondunun vəsaiti azalmayıb, artıb” - Prezident

 “Neft Fondunun vəsaiti azalmayıb, artıb” -   Prezident
  07 Yanvar 2021    Oxunub:1882
2020-ci il bütün ölkələr üçün iqtisadi sahədə ağır il olub, amma Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxıb. Bizim iqtisadiyyatımız təqribən 4 faizdən bir qədər çox azalıb. Hesab edirəm ki, bu, yaxşı göstəricidir.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki giriş nitqində ötən ilin iqtisadi göstəricilərindən danışarkən bildirib.

“İstənilən sanksiyalara qarşıyıq” - İlham Əliyev
Qeyri-neft sənayesinin 11 faizdən çox artdığını diqqətə çatdıran dövlətimizin başçısı bu nəticənin şaxələndirmə və sənayeləşmə siyasətinin düzgün aparılması hesabına əldə olunduğunu deyib: “Neftin hasilatı bizdə azalır. Eyni zamanda, OPEC+ razılaşmasına görə biz özümüz də azaltmışıq. Neftin qiyməti aşağı düşüb. Əgər bu neft amili olmasaydı, bizim iqtisadiyyatımız bəlkə də daha az düşərdi. Amma qeyri-neft sənayesinin 11 faizdən çox artması real iqtisadiyyatın, qeyri-neft iqtisadiyyatının inkişafı deməkdir”.

Prezident qeyd edib ki, kənd təsərrüfatı 2 faiz artıb və daha da çox artacaq. “Çünki mən göstəriş vermişəm, azad edilmiş torpaqlarda indi payızlıq əkini aparılır. Bu barədə də danışacağıq. Orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artıbdır. Neft Fondunun vəsaiti azalmayıb, artıb. Bu, bəlkə də bir çoxları üçün təəccüblüdür. Çox yox, amma təqribən 0,5 faiz artıb. Deməli, biz öz valyuta ehtiyatlarımızı qoruya bilmişik. Baxmayaraq ki, biz koronavirusla mübarizəyə milyardlarla manat yönəltmişik, müharibə aparmışıq və digər xərclər olubdur, müavinətlər, sosial paket. Bu yaxınlarda qəbul edilmiş qərarlar əsasında şəhid ailələrinin müavinəti 300 manatdan 500 manata qaldırılıb. Yəni, bütün bunlar böyük maliyyə yüküdür. Amma dövlətin dayanıqlılığı, ölkəmizin uğurlu siyasəti nəticəsində biz buna nail ola bilmişik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Azvision.az


Teqlər: İlham-Əliyev   Neft-Fondu  





Xəbər lenti