Müvəqqəti vergi rejimi tətbiq edilib

Müvəqqəti vergi rejimi tətbiq edilib
  05 Yanvar 2021    Oxunub:1666
Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar 2020-ci ildə Vergi Məcəlləsində dəyişikliklər edilərək bir sıra sahələrdə fəaliyyət göstərən vergiödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müvəqqəti vergi rejimi tətbiq olunub.
Dövlət Vergi Xidmətindən Azvision.az -a bildirilib ki, müvəqqəti vergi rejimi pandemiyadan zərərçəkmiş ictimai iaşə fəaliyyəti sahəsini də əhatə edib. Bu sahədə fəaliyyət göstərən sadələşdirilmiş vergiödəyicilərinin vergi məbləği üzrə 50 faiz güzəşt verilib. Həmçinin ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə ilə bağlı müraciətetmə müddəti 2020-ci il sentyabrın 1-dək uzadılıb. Edilmiş müraciət əsasında həmin şəxslər sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərir və təqdim edilən mallara və xidmətlərə müvəqqəti vergi rejiminin müddəaları tətbiq edilir. Müvəqqəti vergi rejiminin müddəti 2021-ci il yanvarın 1-də başa çatıb.

Sadələşdirilmiş vergiödəyicisi olan və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər bu müddət bitdikdən sonra ƏDV qeydiyyatında fəaliyyətini davam etdirərlərsə, sahibliyində qalan mallara görə vergi orqanına müəyyən olunmuş formada məlumat təqdim etməlidirlər.

Dövlət Vergi Xidməti tərəfindən belə vergiödəyiciləri tərəfindən təqdim edilməli olan “Sadələşdirilmiş vergiödəyicisi olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 2021-ci il yanvarın 1-dən sonra ƏDV qeydiyyatında fəaliyyətini davam etdirərkən sahibliyində qalan ictimai iaşə fəaliyyəti üçün alınmış mallar barədə” Məlumat Forması təsdiq edilib və Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib.

Məlumatın təqdim edilməsi sadələşdirilmiş vergiödəyiciləri tərəfindən ƏDV-si əvəzləşdirilməyən malların təqdim edilməsi zamanı yenidən ƏDV-yə cəlb edilməməsi, yəni eyni mala görə 2 dəfə ƏDV-nin ödənilməsi yükünün vergiödəyicisinin üzərində qalmaması məqsədini daşıyır. Təqdim edilən məlumatda göstərilən malların sonradan təqdim edilməsi, o cümlədən ictimai iaşə xidmətlərinin tərkibi kimi silinməsi ƏDV tutulan dövriyyə hesab edilməyəcək.

Azvision.az



Teqlər: Vergi   ƏDV  





Xəbər lenti